Ermənistan silahlı qüvvələrinin 2020-ci ilin 27 sentyabrında ölkəmizə xaincəsinə basqın etməsi ilə İkinci Qarabağ müharibəsi alovlandı. Qorxubilməz, mərd oğullarımız silaha sarılaraq, müqəddəs Vətənimizin müdafiəsinə qalxdılar. Yaşından, vəzifəsindən asılı olmayaraq, hər kəs Müzəffər Milli Ordumuzun sıralarına könüllü şəkildə daxil olub, cəbhələrdə azğın düşmənlə qanlı döyüşlərə atıldı. Əsgərlərimiz, zabitlərimiz göstərdikləri misilsiz igidliklərlə xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq səhifələrini yazdılar. Onların torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəsi dillər əzbəri oldu, dastanlara çevrildi.
Ərənlər yurdu olan Ağcabədinin cəsur övladları da Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə mənfur düşmənə sarsıdıcı ağır zərbələr vurdular. İgid həmyerlilərimiz göstərdikləri şücaətlərlə erməni ordusunun darmadığın olunmasında yaxından iştirak etdilər. Böyük qürur və iftixar hissi ilə deyə bilərik ki, hər bir ağcabədili əsgərin, zabitin erməni faşizmi üzərində tarixi Qələbəmizdə özünəməxsus payı və yeri vardır. Vətən müharibəsində 43 nəfər ağcabədili gənc şəhidlik zirvəsinə yüksələrək adlarını əbədiləşdirdilər. Qazilərimiz Vətən yolunda sinələrini sipər etdilər.
Torpaqlarımızın azadlığı uğrunda gedən ağır, qanlı döyüşlərdə digər ağcabədililər kimi Ağcabədi Pedaqoji Kollecinin müəllim və tələbələri, məzunları da böyük ruh yüksəkliyi ilə iştirak ediblər. Onların döyüşlərdə sərgilədikləri qəhrəmanlıqlar hər bir gəncimiz üçün əsl örnəkdir.
Ağcabədi Pedaqoji Kollecinin direktoru, rayonumuzun tanınmış ziyalısı, respublikanın əməkdar müəllimi Mirələm İbrahimli sözügedən təhsil ocağının Vətən müharibəsində fəal iştirak edən döyüşçü müəllimlərindən, tələbə və məzunlarından ürəkdolusu danışır, onların hər biri ilə fəxr etdiyini bildirir.
Direktorun dediklərinə görə, II Qarabağ müharibəsində sözügedən təhsil müəssisəsinin 50 nəfərə yaxın müəllim, tələbə və məzunu düşmənə cəsarətlə öz sözlərini deməyi bacarıblar.
Kollecin müəllimləri Şahin Rəhimov, Bəxtiyar Əliyev və Fuad Rəhimov Milli Ordu sıralarında zabit kimi Qarabağ torpaqlarının erməni tapdağından xilas edilməsi uğrunda çarpışmalarda əsl fədakarlıq göstəriblər. Vətən qarşısında borclarını şərəflə yerinə yetirən qəhrəman müəllim-döyüşçülərimiz kollektivin müəllim və tələbələrinin, eləcə də rayonumuzun sevimliləri hesab olunurlar. Bu cəsur insanlar bu gün fəaliyyətlərini təhsil cəbhəsində davam etdirir, gənc nəslin təlim-tərbiyəsinin keşiyində dayanırlar.
Pedaqoji kollecin yetirməsi Ceyhun Mustafazadə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olaraq, şəhidliyin əbədiyaşar məkanına qovuşub. O, ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.
M.İbrahimli söhbət zamanı vurğulayıb ki, kollecin pedaqoji kollektivi Vətən müharibəsi Milli Ordumuzun parlaq Qələbəsi ilə başa çatdığı günlərdə həyətdə yerləşən binada şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək üçün nümunəvi bir guşə yaratmaq qərarına gəlib. Bu mühüm təşəbbüs yekdilliklə qəbul olunub.
Ciddi hazırlıq işlərindən sonra müəllimlərimizin istəyi reallaşıb. Həmin binanın qarşısında rayonumuzdan olan Vətən müharibəsi şəhidləri ilə yanaşı, Birinci Qarabağ müharibəsi şəhidlərinin, o cümlədən Azərbaycanın Milli Qəhrəmanları Sadıq Hüseynov, Etibar İsmayılov və Namiq Abdullayevin portretlərindən ibarət xatirə kompleksi tərtib olunub. İki hissə üzrə hazırlanmış stendlərin üzərində qəhrəman həmyerlilərimizin həyat və döyüş yolları haqqında məlumatlar əks olunub.
Şəhidlər guşəsi daim böyük hörmət və ehtiramla ziyarət olunur. Kollecin bütün tədbirlərinin həmin guşənin önündə keçirilməsi planlaşdırılıb. Mirələm müəllimin dediyi kimi, hər bir tələbə, hər bir məzun Şəhidlər guşəsinin qarşısında qəhrəmanlıq məktəbi keçəcək, həyat imtahanı verəcəklər.
Direktor söhbətində bunu da əlavə edib ki, kollektiv üzvləri rayonda şəhidliklə bağlı keçirilən bütün tədbirlərdə, dəfn və anım mərasimlərində, şəhid ağcabədililərin xatirələrinin əbədiləşdirilməsinə həsr olunmuş mərasimlərdə qazilərin və şəhid ailələrinin ziyarət olunmasında fəallıq göstərirlər. Buraya Milli Ordumuzun əsgər və zabitlər ilə görüşləri də əlavə etmək olar. Yeri gəlmişkən, qeyd edək ki, bu tədbirlərdə Mirələm müəllimin özü həmişə şəxsi nümunə göstərib. Təsadüfi deyildir ki, qəhrəman həmyerlilərimizə həsr olunmuş “Ağcabədi şəhidləri” kitabı məhz onun şəxsi dəstəyi ilə işıq üzü görüb.
Hacı Mirələm İbrahimli sonda bütün şəhidlərimizin ruhu qarşısında baş əydiyini dilə gətirib, qazilərimizə Uca Tanrıdan cansağlığı və şəfa diləyib. O, tarix yazan qəhrəman oğulları böyüdüb, Vətənə bəxş edən bütün valideynlərə dərin minnətdarlığını bildirib.
Yəhya PAŞAZADƏ