Qayğıkeş ana, lider qadın

“Ailə mühitini müəyyənləşdirən amillər çoxdur. Onların ən başlıcası bir ümumi dalğaya köklənən fikir və dəyərlər hesab olunur. Bir-birinə son dərəcə diqqətli münasibət çox vacibdir. Əgər ailədə hər bir kəs özünün vacibliyini və əvəzedilməzliyini duyursa, özünün müdafiə olunduğunu və sevildiyini hiss edirsə bu, yalnız gələcək ailə səadətinin əsası deyil, həm də hər bir məqsədə çatmaq üçün möhkəm bir stimuldur” söyləyən Mehriban xanım Əliyeva qadının ailədəki rolu və ailəyə münasibətini hər zaman önə çəkib. Bəlkə də, buna görədir ki, xalqımız onu sülhün, əminamanlığın və məhəbbətin təminatçısı hesab edir.

Mənə görə Mehriban Əliyeva, kimdir?

Onu tanıyan hər kəs bir cür xarakterizə edir, amma heç bir fikir də bir-birini təkrarlamır. Bəlkə də, bu onun bir insan kimi zənginliyindən, insanlara, ailəsinə, övladlarına, Vətəninə olan sonsuz sevgisindən irəli gəlir.

Bir qadın üçün həm ailəni, həm karyerasını bir arada tutaraq uğurlu olmaq çox çətindir. Hər kəs onun uğurlu karyerasından, təhsilindən, böyüdüyü ailədən bəhs edir.  Mən isə hər zaman bu sual ərtafında düşünürəm. Mehriban Əliyeva qayğıkeş anadır, yoxsa uğurlu lider qadındır?

Onun bu gün uşaqlara, analara, ahıllara,gənclərə, qadınlara, bir sözlə bütün insanlara göstərdiyi diqqət və qayğı bir daha əminliklə deməyə imkan verir ki, Mehriban xanım doğrudan da sülhün, əminamanlığın və məhəbbətin təminatçısıdır.

“Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm. Mənim üçün çox vacibdir ki, həyat yoldaşım olduqca dolğun və gərgin iş günündən sonra evə gəlir və burada onu anlayır və dəstəkləyirlər, onu qiymətləndirir və sevirlər” – söyləyən Mehriban xanım məncə elə bu sözləri ilə də cəmiyyətdə ailə dəyərlərinin necə önəmli olduğunu, bir qadının eyni zamanda ana, həyat yoldaşı rollarını paralel olaraq necə icra edə biləcəyi barədə ən gözəl mesajı verir.

Xeyirxahlıq və insansevərliyi, milli və bəşəri dəyərlərə söykənən müdrikliyi, yüksək təşkilatçılıq və idarəetmə bacarığı ilə o bu gün hamı üçün örnəkdir, nümunədir.

Xalqımızın mənəvi dəyərlərinə bağlılığı, yüksək insani keyfiyyətləri, vətəndaş mövqeyi, intellekti və vətənpərvərliyi ilə o, tək Azərbaycan üçün deyil, türk və müsəlman dünyası üçün örnək şəxsiyyətdir.

 Mehriban xanım Əliyevanın Azərbaycan xalqı və dünya birliyi qarşısında xidmətləri hər zaman yüksək qiymətləndirilmişdir. Onun bu günə qədər beynəlxalq səviyyədə aldığı yüksək mükafatları, fəxri adları saymaqla bitməz. Mehriban xanım “Əsrlərin xeyriyyəçiləri” Beynəlxalq Fondunun Yaqut Xaç ordeninə, “Qızıl ürək” beynəlxalq mükafatına, Azərbaycanın “Heydər Əliyev Mükafatı”na, Fransa dövlətinin “Şərəf Legionu” ordeninə və YUNESKO-nun “Qızıl Motsart” medalına, İtaliyanın “Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeninə, Rusiyanın “Dostluq ordeni”nə, Azərbaycanın “Heydər Əliyev” ordeninə və onlarla digər təltif və mükafatlara, fəxri adlara layiq görülmüşdür. Bütün bu fəxri adların fonunda onun ən böyük fəxrlə daşıdığı ad isə “Ən qayğıkeş ana” adıdır.

Qəlbimizdə və həyatımızda silinməz yeri olan, öz fəaliyyəti ilə önəmli bir tarix yazan Mehriban xanım Əliyevanı doğum günü münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, ailəsi ilə birlikdə uzun və xoşbəxt ömür, müstəqil Azərbaycanın daha da inkişafı naminə məqsədyönlü və şərəfli fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq!

Radə QAFAROVA

YAP Ağcabədi rayon təşkilatı

qadınlar şurasının sədri

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər