Rayonun daha beş kəndinin qazlaşdırılması planlaşdırılıb

         Son vaxtlar respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da geniş abadlıq və quruculuq işləri həyata keçirilir. Bölgədə abadlıq və tikinti tədbirləri ilə yanaşı, əhalinin təbii qazla təmin olunmasında da mühüm addımlar atılır. Tərtər Regional Qaz İstismar İdarəsinin Ağcabədi Xidmət Sahəsi üzrə rəis müavini Zöhrab Məmmədlinin dediyinə görə, rayon əhalisinin əksər hissəsi mavi yanacaqla təmin olunub. Sözügedən qaz istismar sahəsi hazırda 29 min 326 abonentə xidmət göstərir. Onların 26 min 864 nəfərini Ağcabədi rayonunun, 2 min 462 nəfərini isə Taxtakörpü, Ergi-Mirzəlilər, köçkünlər qəsəbəsi və Ağdam köçkün şəhərciyinin sakinləri təşkil edirlər.

Z.Məmmədli bildirib ki, Ağcabədi rayonu üzrə qazlaşdırma işləri cari ildə də davam etdirilib. Bu yaxınlarda Şahmallar kəndində qazlaşdırma işləri aparılıb. Kənd üzrə 59 abonentin təbii qaza olan ehtiyacı ödənilib. Qeyd olunub ki, hazırda rayonun kəndləri üzrə 1487 abonentin təbii yanacağa ehtiyacı var. Dövlət layihəsinə uyğun olaraq, rayonun Hacılar, Qaraxanlı, Poladlı, Taynaq və Sarıcalı  kəndlərinin də yaxın gələcəkdə   qazla təmin olunması nəzərdə tutulub.

Adil MİSİRLİ

Şərhlər