Rayonumuzun pambıqçıları cari təsərrüfat ilinə də uğurla start veriblər. Aparılmış yüksək keyfiyyətli becərmə tədbirləri sayəsində 11 min hektar əkin sahəsində bol pambıq məhsulu yetişdirilib. Tarlalarda səmərəli suvarma, kultivasiya, yemləmə tədbirləri ilə yanaşı, alaq otlarına, xəstəliklərə və ziyanvericilərə qarşı mübarizə aparılması da mütəşəkkil təşkil olunub.
Necə deyərlər, çəkilən zəhmət öz səmərəsini verib. Bu gün pambıq sahələrində nəticələr ürəkaçandır. İnamla söyləmək olar ki, hazırda rayonun bütün pambıqçılıq təsərrüfatlarında yüksək məhsul gözlənilir. Sahələrdəki pambıq kollarında qozalar artıq ağarmağa başlayıb.
Mütəxəssislərin proqnozlarına görə, havalar belə isti keçərsə, bölgədə fəaliyyət göstərən fermer təsərrüfatlarında pambıq yığımına yaxın vaxtlarda başlamaq mümkün olacaq.
Bugünlərdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov rayonun bir sıra fermer təsərrüfatlarında pambığın vəziyyəti ilə maraqlanıb. Hindarx qəsəbəsi, Minaxorlu, Kəhrizli, Şərəfxanlı və digər kəndlərdə fəaliyyət göstərən fermer təsərrüfatlarına baş çəkən rayon rəhbəri istehsalçılar və mütəxəssislərlə görüşərək, onlara pambığın sonrakı inkişafı və yığılması ilə əlaqədar lazımi məsləhətlərini verib. İcra hakimiyyətinin başçısı əkin sahələrinin müəyyən hissəsində açılmış faraş pambığın maşınlardan öncə əl ilə yığılmasının mümkünlüyünü qeyd edib və bununla bağlı müvafiq tövsiyələrini bildirib.
Yəhya PAŞAZADƏ