Sönmüş ocaq tüstüləyir,
Yaşarır torpağın gözləri.
İsinən oldumu bu oddan?!
* * *
Yetişmiş narı,
Dərmədilər vaxtında.
Narın bağrı çartladı…
* * *
Dünyanın gözlərinə yığardı-
Gülsənəmin gözləri,
Təzədən görsəydi.
* * *
Öpüb gözlərindən,
Əl eylədim sevincə.
Həsrətim ağladı.
* * *
Meh qovub bürkünü,
Ötür qurbağaların xoru-
Yovşan ətirli axşam.
* * *
Çalındı son zəng-
Bu vida günü,
Bir zaman xatirələrdə göynəyəcək!
* * *
Gəlib çıxmadın-
Sənsizlik,
Çəkisizlik kimi bir şeydir.
* * *
Nə yaxşı ki, xatirə var, yaddaş var –
Yaddaş – güzgü, xatirələr varaqlar,
Ömür- torpaq, xatirələr yaşadar!
* * *
Doğulanda heyrətindən ağladı,
Yaşayanda əzildi – ağladı.
Öləndə kövrəldi – ağladı…
* * *
İmadəddin Nəsimi-
Haqqın zil səsi,
İnam zirvəsi!
* * *
Babəkin ruhu,
Qollarını haraylayır
Xudafərin körpüsündə!
* * *
Vurğun şeri-
Anamın laylası,
Balamın şirin dili!
* * *
İncik ruhu Cavidin,
Qayıdıb dolandı məzarının başına.
Sərgərdan gəzməz daha…
* * *
– “Geriyə baxma, qoca”!
– “Unuda bilmirəm”,
“Sarıköynəklə Valehin nağılını”…
* * *
Verilməsi mümkünsüz borc.
Bağışlanmaz pay-
İnsan etibarı.
* * *
Ay işığı düşdü,
Çiçəkləmiş nar ağacına.
Qəməri rəngə boyandı axşam.
* * *
Ayrılır ərlə arvad-
Ağlayır bir cüt körpə.
Ürəyi yaşarır övladsız hakimin.
* * *
Gözlərimə soxma,
Xəritə çubuğuna bənzər barmağını.
Coğrafiya dərsi deyil ki?!
* * *
Üstələməz qəm səni,
Dostluq etdiyin
Qardaşın varsa…
* * *
Şair dostlar!
Dincə qoyun köhnə qafiyələri.
Şeirləriniz yorulan torpaq kimidir…
* * *
Ürəyi özündən qabağa düşər-
Gəlinlik donunu,
Geyinən qızın.
* * *
Ərəb oğlu!
Qardaşının sinəsi lalə-lalə.
Sən yaşayırsan hələ!..
* * *
Çağırıb hədə gəlmə,
Sükutumda boğular
Gözə təpilən haqsızlığın.
* * *
Gölə daş atdılar,
Qırıldı mahnısı qurbağaların.
Suya döndü göz yaşları…
* * *
Sevilməmiş qadının
Təsbehidi xatirələri.
Çevirər hər gün…
* * *
Başı dolu adam,
Dolu sünbül kimi,
Aşağı tutar başını.
* * *
Kəsib çənələrin altını,
Nallayıb sözlərini
Çapırsan hiylə atını.
* * *
Gözü ayağının altını seçmədi-
Bilmədi ki, dünyada qarışqa da var.
Məzarını tapdaladı qarışqalar!
* * *
Üz verdim ehtiyaca-
Görüb kövrəkliyimi,
Sarıldı boynuma!
* * *
Qışın qış günü
Çiçəkləyirəm-
İlham məni tapanda!
* * *
Heç nəylə ölçülməz ağrıdı-
Dul gəlinin alt paltarını
Soyunmağının əzabı.
* * *
Boşalıb ağacların budaq əlləri,
Payız xərcləyib,
Yarpaq pulları…
Nazim ƏLİOĞLU