Heç kim çox oxumaqdan, ziyan çəkməyib

         Bu il I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan ağcabədililərin siyahısında 656 balla üçüncü yeri tutan Salmanbəyli kənd tam orta məktəbin məzunu Gülay İlqar qızı Əliyevanın adı var. Gülay mənim ilk müəllimim mərhum Bahaydın Əliyevin nəvəsidir. Özümdən asılı olmayaraq Gülayın da babası kimi, yəqin ki, kimyaya böyük həvəsi var deyib, onunla əlaqə saxladım.

…Sabahı gün səhər tezdən işə yenicə başlamışdım ki, qapı döyüldü və Gülay içəri daxil oldu. Xeyli söhbət etdik.

– Gülay, qəbul imtahanlarında yüksək bal toplamağın münasibəti ilə səni təbrik edirəm. Seçimin hansı ali məktəb olacaqdır?

– Ali Neft Məktəbini seçmək qərarına gəldim. İnformasiya təhlükəsizliyi ixtisasına yiyələnmək istəyirəm. Məqsədim ali məktəbdə dərslərimi yaxşı oxumaq, seçdiyim sənətə peşəkarlıqla yiyələnməkdir. Seçdiyin sənətdə əsl peşəkar olmaq istəyirsənsə, zamanın  tələblərinə uyğun olaraq, hərtərəfli inkişaf etmiş şəxs kimi yetişməlisən.

– Sən kənddə böyümüsən. Yəqin başqa dilləri bilmirsən. Zamanın peşəkarı isə sözsüz bir neçə dil bilməlidir. İnformasiya təhlükəsizliyi mütəxəssisi isə xüsusilə dili bilmək baxımından fərqlənməlidir. Çünki informasiya mübadiləsi zamanı başqa dil bilmək özü elə üstünlük deməkdir.

– Dil baxımından qorxum yoxdur. Mən balaca olanda ailəmiz Rusiyada yaşayırdı. Bağçaya da orada getmişəm. Bura köçdükdən sonra məktəbdə və boş vaxtlarımda rus dili müəllimimlə müntəzəm olaraq çalışmışam İngilis dilinin də tədrisi məktəbimizdə yüksək səviyyədədir. Bu dili də əlavə məşğələlərdə lazımınca öyrənmişəm. Elə ali məktəbdə də ingilis dilində oxumaq fikrindəyəm. Düzdür, bu nisbətən çətin olacaqdır. Ancaq mənə elə gəlir  ki, öhdəsindən gəlməyi bacaracağam. İngilis dilində informasi vasitələrinin metodikası daha çoxdur və müasir dünyamızda bu dili bilən çoxsaylı insan vardır.

– Hansı fənni daha çox sevirsən? Və səni bu fənnlərə bağlayan nədir?

– Fizikanı, riyaziyyatı çox sevirəm. Məktəbimizdə bu fənlərin daha mükəmməl və savadlı tədrisi sahəsində həmişə güclü müəllimlər olub. Aydın müəllim də riyaziyyat sahəsində bilikli müəllimdir Kimyanı da sonsuz dərəcədə sevirəm. Bu sahəyə böyük istəyim yəqin ki, üzünü görmədiyim, kimya müəllimi olan Bahaydın babamdan keçib (Çöhrəsinə kədərin xəfif qızartıları çökür). Babam həmişə deyərmiş ki, oğlanlarımın ikisi mənim sənətimi seçdi. Bu sənəti nəvələrimdən də seçən olsa, daha dərdim olmaz.

– Gülay, sənin fikrincə oxumaq, bilik adama nə verir?

– Mənim fikrimcə, hələ indiyədək dünyada heç kim çox oxumaqdan, bilikli olmaqdan ziyan görməyib. Oxuyanda, biliyin olanda ətrafa, dünyaya daha açıq gözlə baxa bilirsən. Nəyin və niyə belə olduğunun məntiqi mənası başa düşməkdə çətinlik çəkmirsən. Bunun özü az şey deyil. Yəni bilik, savad hər zaman, hər yerdə adamın köməyinə çatır.

– Yaxşı, dediklərinlə mən razıyam. Bəs gələcək arzuların, istəklərin varmı, hansılardır?

– Çox istərdim ki, ali məktəbi uğurla bitirib, hərtərəfli inkişaf etmiş bir gənc kimi xalqımıza xidmət edim. Vətənə layiq övlad olum. Torpaqlarımızın çiçəklənməsi, dövlətimizin inkişaflı tərəqqisi üçün öz payımı verim. Bax bu zaman rahat nəfəs alar, arzularımı həyata keçmiş hesab edərdim.

– Necə düşünürsən, yaxşı oxumaq, dərin bilik sahibi olmaq çətindirmi?

– Bəlkə də… Ancaq mənim Aydın müəllim, Nuranə, Nərmin kimi sevimli müəllimlərim var. Bu bilikli, təvazökar müəllimlərim həmişə məsləhət yerim olub. Onların yaxından köməyi və üstəgəl təcrübəli biologiya müəllimi oan anam Aydagülün mənə hərtərəfli dəstəyi. Anam ən çətin anlarımda belə məni tək buraxmayıb, mənə nikbinlik aşılayıb, ruhdan düşməyə qoymayıb. Müəllimlərim həmişə dayağım, güvən yerim olublar. Onların verdikləri dəstək və istiqamət mənim köməyimə gəlib. Mən də öz növbəmdə çalışmışam ki, müəllimlərimin etimadını doğruldum, mənə çəkdikləri əmək hədər getməsin.

– Gülay, səni qəbul imtahanlarında yüksək bal toplamağın münasibəti ilə bir daha ürəkdən təbrik edir, gələcək həyatında uğurlar diləyirik. Yolun açıq olsun.

– Sağ olun, müəllim. Bu mənim həyatımda mətbuat işçisi ilə ilk görüşüm, söhbətim idi. Söhbətimizdə nə isə, hardasa anlaşılmaz məqamlar oldusa, buna görə üzr istəyirəm. Hələ çox gəncəm də. Həyat hələ irəlidə, gələcəkdədir. İnşallah, ümid edirəm ki, gələcəkdə hər şey yaxşı olar. Bunu mənə gənclik inamı içəridən diqtə edir.

Gülayla sağollaşıb ayrıldıq. O, kəndə üz tutdu. Sevimli kitablarının, dərsliklərin yanına. Və onun hərəkətlərində adamda xoş ovqat yaradan bir amil hiss etdim. Bu indiki gənclərin böyük əksəriyyətində olan telefon hərisliyi, xəstəliyinin ondan uzaq olması idi. Və bir də sevindim, nə yaxşı ki, mənim ilk müəllimim olan, gözəl insan və pedaqoq, kimyanı ürəkdən sevən mərhum müəllimim Bahaydın Əliyevin nəvəsi Gülay kimi davamçısı var…

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər