14.4 C
Aghjabadi
Çərşənbə axşamı, Oktyabr 19, 2021

Soyuq barmaqlıqlarda ilahi arfa melodiyası

Təxminən 10-12 il əvvəl ədəbiyyatımızda bir qadın pıçıltısı eşidilməyə başladı.

Mətbəxdən gəlirdi bu pıçıltı. Amma hamı eşidə bilirdi. Əksər qadınlarımızın yaşantısı, içindəki səs idi bu:

Neyləyək?
Hər gün başımıza çırpılan çörək,
Hər gün ayağımız altına düşən ürək.
Sizi neyləyək?
Hansınızı gözümüz üstə qoyaq, saxlayaq?
Hansınızı dizimiz üstə qoyaq, ağlayaq?

Folklorumuzda – bayatılarımızda, xalq mahnılarımızda da qadınların səsini, həsrətini, acısını sezməmək mümkün deyil. Adi hal idi bu…  Amma həm də adi deyildi. O qadın susmadı, pıçıldamağa davam etdi. Və davam etdikcə məlum oldu ki, onun ömür yolu mətbəxlə başlamayıb. O, Günəşdən qoparaq haçansa mətbəxdə ilişib qalıb. Amma qab-qacağın arasında həbs edilsə də, daim üzü Günəşə sarı dayanıb. Keçmişi, əzəli üçün darıxıb:

Canımı donummu sarır
dəlicə,
küləkmi…
boynumda
 dənizinmi nəfəsi
gəzir beləcə…
oxşayır
Günəşin öpdüyü yerdən…
Burda
Sahil boyunca
Qağayılar rəqs edir
Dalğaların ritminə…
Mən hələ də
Saçlarımla uçduğum günlərçin
Darıxıram…

Çoxluq içində tək idi, özünə aid yerdə deyildi bu qadın. İnsan övladının kələyinə uyub  dənizə geri dönə bilməyən su pərisi idimi, göylərə qayıda bilməyən mələk idimi? Nağıllardanmı çıxıb gəlmişdi? Bilmirəm, amma hansı idisə boğulurdu, çırpınırdı,  daim uzaqlara boylanırdı:

Sevdiklərin arasında
Sevilə bilmədinsə,
Və sevə bilmədinsə səni yalnız
Özlərinə bənzədərək sevənləri,
Demək doğulduğun yer də
Sənə qürbətdir elə
Belədən-elə,
Elədən-belə…

Amma bu qürbətdə müəllif özünə qapanmamışdı. Bu çoxluq onu qəfəs dəmirləri kimi çevrəyə alsa da, sıxsa da, incitsə də, ağrıtsa da, o, dəmirləri qırıb-tökməyi, parçalamağı yox, dəmirlərin soyuqluğunu sevməyi, ağrıları ilə birgə şirin nəğməyə çevrilib barmaqlıqlar arasından süzülərək Günəşə yol almağı bacardı:

Bu dünyada
qəfəs dəmirlərindən
musiqi qoparmağın

zəncir səsləriylə
dua pıçıltılarını
nəğməyə çevirməyin
sirrini
bir mən bilirəm,
bir də İran müğənniləri…
Soyuq barmaqlıqlarda
İlahi arfa melodiyası…
donuq baxışlarda
Günəş sevdası…

Bəli, Günəş sevdalı xanım ona qovuşacağına inanırdı. Səbrlə, təmkinlə, inamla qara

nlıq kahanın divarlarına pəncərələr çəkərək, pəncərələrdə Günəş, Ay, ulduzlar təsvir edərək irəliləyir, işığın zülmət üzərindəki  qələbəsinin nağıl yox, həqiqət olduğuna özü də inanırdı, oxucunu da  inandıra bilirdi:

Çək,
Öncə bu kahanın divarlarına
Pəncərələr çək…
Birində Günəş,
Birində Ay, ulduzlar,
Birində ağac budağı
Və baharın ilk günü olsun…
Sonra boyun bərabərində
Çiyinlər çək
Başını qoymaq üçün…

Xilas olmaq insanın öz əlindədir. Sən buna cəhd edəcəksən, cəhdlərinin boşa çıxmayacağına özünü inandıracaqsan. Boşa çıxdığında isə bir də təkrarlayacaqsan. Ömür yollarında şırımlar atacaqsan, illərində, aylarında, günlərində  barmaqlarının, dırnaqlarının izi qalacaq. Amma yorulmayacaqsan, usanmayacaqsan. Yetər ki, içindəki işıq ölməsin. Yetər ki, öz gücünə inanasan. İnansan bacaracaqsan:

Sonda isə
Bu zindanın
ən qaranlıq tərəfində
ən sonuncu şedevrini yarat
açıq qapı çək orda…
ilk əsərin –
bu qaranlıq kahadan
qurtul və get
üfüqlərdən
təzə boya almaq üçün…

Azadlıq hissini təsəvvür etməklə yaşamaq tamamilə fərqlidir. Azadlığın verdiyi həzz ilahi həzdir, təsvirolunmaz duyğudur. Aşağıdakı misralarda azadlıq hissi təsvir edilməyib, sadəcə həmin anın yaşantıları ustalıqla misraya köçürülüb. Oxucu misraların ardıyca gedərkən özü də yaşayır  o anı, o sevinci, o həzzi:

Üç dəfə
Şumlanmış tarla boyunca
Yürü mənimlə…
Bədirlənmiş Ayın nuru
əynimizə biçilmiş də
bu gecə…
ayaqlarımız yalın,
vücudumuz arfa simi…
küləklər üstümüzə toxunub da
keçməkdə…
bu dəli melodiyanı
duydunmu..?
baax…
azadlıq hissidir bu..
dayanıb da nəfəsini dərincə
qollarını yana aç…
dinlə ürəyini…
bir az otsan indi,
bir az dəniz,
bir az meşə,
bir az külək…

Qaranlıq kahaya qapı çəkərək, qəfəs dəmirlərini musiqiyə çevirərək, bir az ot, bir az su, bir az meşə, bir az külək olan yazımızın qəhrəmanının imzası da haldan-hala düşdü. Öncə Ryabina, sonra Cavi Dan imzasıyla tanıdığımız həmin şair-yazar bu həyatda ləyaqətli qadın, nümunəvi ana, şeirlərində isə yalnız ruh idi. Qohumlar, qonşular  üçün sadəcə sənədlərdəki adı ilə Gülüş olan bu qadın yemək hazırlayır, paltar tikir, qabları yuyur, övladlarını böyüdür, içindəki Cavi Dan isə yerlə göy arasında çabalayır, bəzən yağışlara qarışıb onu gözləyən uzaqlara doğru yol alır, “Tanrının göz yaşı boyda bir damlaya çevrilib, geri dönməməyə” çalışır. Amma biryolluq getmək, geriyə baxmamaq mümkünsüzdür. Gülüş yerdəki köklərinə, Cavi Dan isə göylərə bağlıdır. Qadın yerə, ruh isə göyə dartınır. Ömür bu çəkişmələrlə keçir və onlar ortaq bir nöqtədə qalmağa məcburdur:

Üstündə bitdiyimiz köklər
Utandığından yerə girib
bizə görə…
üstümüzdə gəzdirdiyimiz şehlərsə
köməksiz…

Lakin köməksizliyin içində yenə bir təsəlli var, anlayış var, eşqin əzabına qəbullanmaq var:

Biz çəmənlik otlarıyıq, canım,
bizi sevərək tapdalayarlar…

Cavi Dan imzasıyla tanıdığımız şair  öz içindəki səsi eşidən, amma onun nə olduğunu bilməyən, yaxud bilsə belə üzə çıxarmaqdan qorxan qadınlara cəsarət verdi, onlara  yol göstərən bir mayak oldu. O, qəfəs içində də azad ola bilməyin mümkünlüyünü sübut etdi. Azadlığın öncə ruhda olmalı olduğunu anlatdı. Ruhun azadsa, düşüncən azadsa, sevməyi bacarırsansa, buxovların, zəncirlərin səni dustaq etməsi mümkünsüzdür.

Cavi Dan imzasıyla tanıdığımız şair  illər öncə “azad qadın” ifadəsindən qorxan kişilərə bir az təhlükəli göründü. Tənqid atəşinə tutuldu. Şeirləri, fikirləri qınanıldı.  Amma həmin bəylər xəlvətdə Cavi Danın qadın hisslərini, duyğularını çılpaqlığı ilə təqdim edən şeirlərini acgözlüklə oxudular.

Cavi Dan imzasıyla tanıdığımız şair bir cığır açdı. Onun sayəsində öz dəyərini anlayan qadınlar bu cığırla getməyə, çoxalmağa başladılar. Bəzən ruhun çılpaqlığı ilə bədənin çılpaqlığını qarışdıranlar da oldu bu cığırda. Belələri büdrədilər, yıxıldılar, yarı yolda qaldılar.

Cavi Dan imzasıyla tanıdığımız şairi  üzdə tənqid edib xəlvətdə oxuyan bəylər sonra onun şeirlərini aşkarda oxumağa başladılar. Cavi Dan ruhunun özəlliyini, gözəlliyini etiraf etdilər.

Oxucu sayı günbəgün artdı… Sevənləri çoxaldı… Özünü onun şeirlərinə hava kimi, su kimi möhtac hiss edənlər oldu…

Lakin gözlənilmədən şeirlərə son qoyuldu. Doğrudur, bu, bitib tükənmək əlaməti deyildi, əksinə, daha böyük meydana çıxmağa başladı müəllif. Sözünü nəsrlə deməyə, hekayələri ilə yanaşı, dəyərli  romanlar yazmağa başladı. Lakin neçə-neçə şeirləri doğulmamış boğdu, məhv etdi, səssizliyə yuvarladı. Özünə haqq qazandırmağa çalışsa da, bu, haqsızlıq idi. Öldürülən şeirlərinə  və oxucularına qarşı olan haqsızlıq.

Əziz Cavi Dan, bəli, yazdığın romanlar həqiqətən dəyərlidir. Onlar yazılmağa, oxunmağa və sevilməyə layiqdirlər. Lakin sənin şeirlərin də söz deyil, yaşantıdır, hissdir, nəfəsdir axı. Nəfəsimizi kəsmə. Öz sözlərinlə desək:

ən ağır vəzndə
ən sərbəsti yaz,
heç bir mahnıya yatmasın,
melodik olsun amma…
sirrindən utanım,
sehrindən çaşım,
ritmindən dəli olum…
şeir yaz mənim üçün
mənim üçün şeir yaz…

Xəbər lenti

Xatirə bulaq kompleksinin açılışı olmuşdur

            Ağcabədi şəhərində şəhid Həziyev Xəyalın doğulduğu evin yaxınlığında xatirə bulaq kompleksinin açılışı olmuşdur. Açılış mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, Səfərbərlik və...

Azərbaycanın ərazi bütövlüyü bərpa olunub

Azərbaycan Respublikasının Prezidenti Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının 15 oktyabr 2021-ci il tarixdə keçirilən iclasında çıxış edir. Dövlət başçısı qeyd edib...

Ağcabədi xəstəxanasının direktoru barəsində cinayət işi məhkəməyə göndərilib

“Ağcabədi rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxsin direktoru vəzifəsində işləmiş Fövzi Tahirovun qanunsuz əməlləri ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror...

Qələbənin Qubadlı zirvəsi

25 oktyabr 2020-ci il tarixdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında daha bir bölgə Qubadlı şəhəri mənfur düşməndən azad olunub. Qubadlı...

YAP Ağcabədi rayon təşkilatında videokonfrans keçirilmişdir

                          Oktyabr ayının 16-da YAP Ağcabədi rayon təşkilatı“Dövlət Müstəqilliyinin bərpası”nın 30-cu ildönümü münasibətilə  videokonfrans  keçirmişdir.YAP Ağcabədi rayon...

18 Oktyabr – Müstəqilliyin Bərpası Günü ilə əlaqədar olaraq Ağcabədi və Ağdam rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir

16 Oktyabr 2021-ci il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağcabədi və Ağdam rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə Zoom...

Ağcabədidə paltarı dəzgaha ilişən gəncin boynu sınıb

Pambıq zavodunda işləyən 1995-ci il təvəllüdlü Mehralıyev Amil Aqil oğlunun paltarı iş yerində elektrik dəzgahına ilişib. Nəticədə o ağır...

Azərbaycan Respubilkasının Prezidenti cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident! 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar əməyimə yüksək qiymət verərək məni «Əməkdar müəllim» fəxri adı...

Təlim və tədbirlərin yekunu

Avropa İttifaqının maliyyə dəstəyi, UNİCEF və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən “Erkən Uşaqlıq Dövründə İnkişaf” (EUDİ) layihəsi əsasında bölgədə keçirilən...

Ürəklər bir olanda…

Dərd var ki, tək çəkilmir. Onun böyüklüyü bir qəlbə sığmır. Amma buna baxmayaraq, dərd çəkilməlidir. Həyat öz  təbii...

Şərhlər