Son illər rayonumuzda pambıqçılığın inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Ölkə Prezidenti İlham Əliyevin çağırışına uyğun olaraq bu gəlirli kənd təsərrüfatı sahəsi daim diqqət mərkəzində saxlanılır. İnam hissi ilə deyə bilərik ki, görülmüş tədbirlər nəticəsində bölgədə pambığın əvvəlki şöhrəti özünə qaytarılıb. Əhali arasında pambığa münasibət kökündən dəyişib. Rayonda fəaliyyət göstərən fermer təsərrüfatları pambıq əkin sahələrini ildən-ilə artırıblar. Təsadüfi deyildir ki, cari təsərrüfat ilində fermerlərimiz 11 min hektar sahədə pambıq əkməyə nail olublar. Min bir zəhmətin bahasına sahələrdə bol məhsul yetişdirilib. Fermerlərin dediklərinə görə, əvvəlki illərdə müqayisədə bu il təsərrüfatlardan daha çox məhsul gözlənilir.
İndi əsas vəzifə yetişdirilmiş bol pambığı vaxtında, itkisiz toplayıb təhvil verməkdir. Bu sahədə maşınla yığıma geniş meydan verilməlidir. Bunun üçün isə tarlalarda pambıq kolları yarpaqlarının tökülməsi işləri həyata keçirilməlidir. Rayonumuzun əksər fermer təsərrüfatlarında bu məqsədlə geniş defoliyasiya tədbirlərinə başlanılıb. Onlar “Azərpambıq” MMC və “P-Aqro” MMC Ağcabədi filialı pambıq emalı müəssisələrinin əhatə etdikləri pambıqçılıq təsərrüfatlarıdır. Sözügedən emal müəssisələri tərəfindən həmin təsərrüfatlar lazımi pestisidlər və texniki vasitələrlə təmin olunur. Sahələrdə defoliyasiya tədbirləri çiləyicilər və OVX-lər vasitəsi ilə həyata keçirilir.
Qeyd edək ki, bu günlərdə “MKT İK” MMC emal müəssisəsinin əhatə etdiyi ərazilərdə fəaliyyət göstərən pambıqçılıq təsərrüfatlarında da defoliyasiya tədbirlərinə start veriləcək.
Yəhya PAŞAZADƏ