Mədəni irsə və milli təfəkkürə böyük ehtiram

            2021-ci il 30 avqust tarixində Şuşada böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılışı mərasimi keçirilib. Ölkənin həyatında əlamətdar hadisə kimi qeyd olunan mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dərin məzmunlu çıxış edib. Dövlət başçısı qeyd edib ki, Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını ulu öndər Heydər Əliyev tərəfindən verilib. Ulu öndərin təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də Şuşada qarlı, şaxtalı havada bu məqbərənin açılışı olmuşdur. Bu, sıradan olan hadisə deyildi. Çünki o vaxt Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi. Uzun illər ermənilər Şuşaya iddia edirdilər, Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar. Halbuki, bunun üçün heç bir tarixi, mədəni əsas yoxdur. Onu da nəzərə almalıyıq ki, Molla Pənah Vaqif təkcə şair yox, eyni zamanda Qarabağ xanının vəziri idi. Sovet dövründə sovet ideologiyası, sovet hökumətinin tarixlə bağlı yanaşması belə idi ki, xanlıqlar tarixin qara ləkəsi kimi qələmə verilirdi. Bütün bunlara baxmayaraq, ulu öndərin iradəsi və qətiyyəti sayəsində bu məqbərə ucaldılmışdır və bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi öz yerini tapmışdır.

Bildirilib ki, 39 il əvvəl Şuşada ulu öndərin iştirakı ilə Vaqifin məqbərəsi açılmışdı. Erməni vandalizmi nəticəsində dağıdılmış məqbərənin bərpasını Heydər Əliyev Fondu öz üzərinə götürdü. Vaqif Poeziya Günləri, “Xarıbülbül” festivalı bərpa edildi. Bu ilin may ayında biz çox böyük coşqu ilə “Xarıbülbül” festivalını keçirdik və bu tarixi bərpa etdik. 7 ay ərzində artıq çox böyük işlər görülüb.

            Aparılmış quruculuq işləri Şuşanın mədəni həyatını bərpa etdi. Şuşanın bərpası yanvarın 14-də başladı və qısa müddət ərzində böyük işlər görüldü. İlk növbədə, yol çəkildi. Zəfər yolu artıq inkişafın və azad olunmuş torpaqlara həyatın qaytarılmasının rəmzinə çevrilib. Magistral yol da çəkilir. Füzuli şəhərindən tunellər daxil olmaqla, magistral yol tikilir, daha qısa yol olacaq. Şuşanın elektrik təsərrüfatı bərpa edildi, buraya yüksəkgərginlikli xətlər Füzulidən çəkildi, yarımstansiya tikildi. Şuşaya suyun verilməsi bərpa olundu. İndi iki mənbədən Şuşaya su gəlir. Şuşanın tarixi abidələrinin bərpasına start verildi. Üç məsciddə təmir-bərpa işləri gedir. Yuxarı Gövhərağa məscidinin təmiri demək olar ki, bitmək üzrədir. Saatlı və Aşağı Gövhərağa məscidlərinin təmiri ilə bağlı göstərişlər verildi. Bu məscidlərin təmirini yenə də Heydər Əliyev Fondu öz üzərinə götürmüşdür. Natəvan bulağı bərpa edildi, indi su gəlir. “Xarıbülbül” hoteli istifadəyə verildi, artıq may-iyun aylarında ilk qonaqlarını qəbul etdi;

            Ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri gətirildi və mərkəzi meydanda qoyuldu. Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu. Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpası ilə bağlı göstəriş verildi. “Qarabağ” hoteli əsaslı təmirdən sonra öz qapılarını yenidən qonaqların üzünə açdı.

Şuşada yeni beşulduzlu hotel inşa ediləcək. Hotel150 otaqdan ibarət olacaq. Hazırda Şuşada “Qarabağ” və “Xarıbülbül” hotellərində 150 otaq mövcuddur. Orada 300 otaq, böyük konfrans zalı və tədbirlər üçün yerlər olacaqdır. Mənfur düşmən “Dağlıq Qarabağ Respublikası”nın qondarma parlamenti üçün bina inşa etmək istədiyi yerdə beşulduzlu hotel inşa olunacaqdır. Yeni yaşayış kompleksinin təməli qoyuldu.

Tarixə ekskurs edən ölkə rəhbəri göstərib ki, Şuşanın təməlini 1752-ci ildə Pənahəli xan qoymuşdur və gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik. İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözlədi.

Azərbaycan Prezidenti çıxışında əlavə edib ki, 30 ilə yaxın davam edən Azərbaycan-Ermənistan danışıqları prosesinin heç bir nəticəsi olmadı. İndiki hadisələrin gedişatı, İkinci Qarabağ müharibəsindəki dövr və beynəlxalq güclərin hərəkətləri onu göstərir ki, bu məsələ heç vaxt danışıqlar yolu ilə öz həllini tapa bilməzdi. Çünki bizi, azərbaycanlıları bu vəziyyətlə barışdırmaq istəyirdilər. Bu vəziyyəti, yəni, dondurulmuş münaqişəni alternativsiz bir variant kimi təqdim etməyə çalışırdılar.   

            Ancaq 44 gün ərzində məsələni həll etdik. Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik.         Gələcək planlardan danışan Prezident vurğulayıb ki, Şuşanın baş planı əsasında birinci mərhələdə 25 yaşayış binasının inşası nəzərdə tutulur – üç, dörd və beşmərtəbəli yaşayış binaları ki, vətəndaşlar artıq Şuşaya qayıtmağa başlasınlar. Bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar. Həm qrup-qrup öz doğma şəhərinə gəlib ziyarət edirlər, eyni zamanda, burada artıq açılmış obyektlərdə şuşalılar işlə təmin edilir.

Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq. Dözüm, səbir, ədalətə inam Azərbaycan xalqını Qələbəyə gətirdi. Şuşa artıq azaddır. Biz azad Şuşada həyatı dirçəldirik. Şuşada festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir.

Möhtərəm Prezident sonda qeyd edib ki, Şuşanın işğalı xalqımızın böyük faciəsi idi. Şuşa işğala məruz qalandan sonra bütün tarixi abidələr, mədəni abidələr, o cümlədən Vaqifin məqbərəsi vandallar tərəfindən dağıdılmışdır. Şuşa Azərbaycan mədəniyyətinin ocağıdır. Şuşanın Azərbaycan tarixində çox böyük rəmzi mənası var. Şuşa Qarabağın tacıdır. Şuşanın işğalından sonra digər rayonlar, digər şəhərlər işğala məruz qaldı.

Şuşanın itirilməsi digər rayonların itirilməsinə təkan verdi. Şuşanın strateji əhəmiyyəti bizim üçün itirilmiş oldu və düşmən bundan istifadə edərək, bir neçə gün sonra – 1992-ci ilin mayında Laçını da işğal etdi. Ondan bir il sonra – 1993-cü ilin aprelində Kəlbəcəri işğal etdi və beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistan arasında coğrafi bağlantı yaradıldı. Bizim məğlubiyyətimizin qaçılmaz olması göz qabağında idi, nəzərə alsaq ki, o vaxt Azərbaycanda hərc-mərclik dövrü idi, nizami ordu yox idi, vətəndaş qarşıdurması baş vermişdi. Ancaq biz Azərbaycan xalqı olaraq heç vaxt bu işğalla barışmaq fikrində deyildik. Bu gün Şuşa artıq azaddır. Bu isə reallıqdır.

Şərhlər