Hər il bu sahədən yüksək qazanc götürən Ağcabədi kəndlisinin belə hesab etməsi təbiidir
Ağcabədi bu gün ölkənin aqrar sektorunda böyük potensialı olan rayonlardandır. Son illər burada kənd təsərrüfatının sənaye təməli üzərinə keçilməsi istiqamətində konkret işlər görülür.
Götürək mütərəqqi texnologiya ilə çalışan “Atena” müasir heyvandarlıq kompleksini və ya “Qarabağ” taxılçılıq təsərrüfatını. Bu müəssisələr səmərəli fəaliyyətləri ilə ölkənin kənd təsərrüfatının inkişafına sanballı töhfələr verirlər.
Bu və digər uğurların bir səbəbi də rayonda sağlam mənəvi-psixoloji mühitin mövcud olmasıdır. Qazanılan nailiyyətlərin mayasında həm də bu amil dayanır.
44 günlük müharibənin qələbə sevinci, Ermənistan ordusunun darmadağın edilərək torpaqlarımızın işğaldan azad edilməsi də Ağcabədiyə yeni ovqat gətirmişdir. Qələbə naminə şəhidlər verilsə də, düşmənin atdığı raketlərlə, artilleriya mərmiləri ilə çoxsaylı yaşayış evləri, sosial obyektlər dağılsa da, Zəfərimiz yaralarımıza məlhəm olmuşdur.
Və nəhayət, keçək mətləbə. Ağcabədinin iqtisadiyyatında pambıqçılıq aparıcı rola malikdir. Hələ sovet dönəmində Ağcabədi qabaqcıl pambıqçılıq rayonu kimi Azərbaycanda böyük şöhrət qazanmışdır. Sonralar bu gəlirli sahə gözdən salınıb tənəzzülə uğradılsa da, Prezident İlham Əliyevin sədrliyi ilə beş il əvvəl pambıqçılıq rayonlarının Sabirabadda keçirilən respublika müşavirəsindən sonra yenidən dirçəlməyə başladı.
Bu dönüş Ağcabədi kəndlisinin də ürəyindən xəbər verdi. Dövlətin dəstəyi, yerlərdə yaradılan əlverişli şərait qısa müddət ərzində pambıqçılığı inkişaf yoluna çıxardı. Rəqəmlərə nəzər salaq: 2016-cı ildə rayonun təsərrüfatlarında 3661 hektar pambıq əkilmiş və 8.852 ton məhsul istehsal olunmuşsa, keçən il 10689 hektardan 38 min ton məhsul toplanmış, hər hektarın orta məhsuldarlığı 35,55 sentnerə yüksəlmişdir. Cari təsərrüfat ilində isə pambıq əkini sahələri daha da genişləndirilərək 11 min hektara çatdırılmışdır. Hədəf də yenilənmişdir – 40 min tondan çox. İndidən demək olar ki, hədəf realdır. Çünki göz işlədikcə uzanan geniş tarlalar bol məhsuldan xəbər verir.
Rayonda pambıq yığımına hazırlıq son mərhələyə daxil olub. Yığımı yüksək səviyyədə təşkil etmək üçün rayon icra hakimiyyətində operativ qərargah yaradılıb. Böyük zəhmətlə yetişdirilmiş məhsulu tez və itkisiz yığıb tədarük etmək, qarşıya çıxan çətinlikləri aradan qaldırmaq üçün işlər məhz bu mərkəzdən idarə olunacaq.
Ağcabədidə pambıqçılıqla üç şirkətin filialı məşğuldur. MKT MMC-nin rayon nümayəndəliyi cari il 4760 hektar üçün müqavilə bağlayıb. Bu rəqəm “Azərpambığ”ın rayon filialı üzrə 4330, “P. Aqro” MMC Ağcabədi filialı üzrə 1920 hektardır.
Ötən illər olduğu kimi, pambıq yığımında yenə də texnikaya geniş meydan veriləcək. Artıq 44 pambıqyığan maşın təmir edilib start xəttinə çıxarılıb. 140 nəqliyyat traktoru, 288 lafet, 11 yükləyici də mövsümə hazırdır.
Pambıq yığımına sayılı günlər qalır. Tarlaları maşınlarla yığıma hazırlamaq üçün artıq yarpaqların tökdürülməsi tədbirinə start verilmişdir. Bu məqsədlə 43 çiləyici aqreqatın gücündən istifadə olunur. Qısa müddət ərzində 300 hektardan çox sahə defolyasiya edilmişdir.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov deyir ki, pambıq strateji məhsuldur: “Onun ixracı valyuta gətirir. Kəndli isə pambığa xoş güzəranın, firəvan həyatın vacib şərti kimi baxır. Bu baxımdan pambıqçılığın inkişafı həm də sosial məsələdir. Pambıqçılıqda minlərlə kəndli etibarlı iş yeri qazanır, çalışır və yüksək gəlir əldə edir. Bir cəhəti də qeyd etmək lazımdır ki, pambığın etibarlı bazarı var. Axı bir çox təsərrüfat sahələrində bu yoxdur. Bəzən soğan əkən torpaq sahibi ili zərərlə başa vurur, bostançının əli boşda qalır və s. Amma pambıqçılıqda belə deyil, yəni məhsulun satış problemi yoxdur. Üstəlik, qiyməti bazarla tənzimlənir. Yeri gəlmişkən qeyd edim ki, cari ilin məhsulu üçün hər ton pambığın alış qiymətinin 50 manat artırılması barədə pambıqçılıq şirkətlərinin birgə qərarı yerlərdə razılıqla qarşılanıb. Elə ona görə də bu sahə ilə məşğul olan Ağcabədi kəndlisinin pambıq kolunu özünün çörək ağacı hesab etməsi təbiidir”.
Lazım QULİYEV,
“Azərbaycan”