İkinci Qarabağ müharibəsi zamanı müzəffər ordumuzun qarşısında tab gətirə bilməyən Ermənistan silahlı qüvvələri bölgəmizin bir çox yaşayış məntəqələrini raket və top mərmiləri ilə atəşə tutmuşlar. Bunun nəticəsində kəndlərdə xeyli yaşayış evi və qeyri-yaşayış binaları zərər çəkmişdir.
Ölkə Prezidentinin tapşırığına əsasən respublikanın müharibə bölgələrində dağılmış və zədələnmiş evlərin bərpası istiqamətində mühüm addımlar atılır. Ağcabədi Rayon İcra Hakimiyyətinin Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fərəc Fərəcovun verdiyi məlumata görə, Vətən Müharibəsi dövründə Muğanlı kənd sakinləri Arifə Quliyeva, Həsrət Quliyev və Nicat Əliyevə məxsus yaşayış evlərinə ziyan dəyib. Kənd ərazisində həmçinin məscid və məcburi köçkünlərin məskunlaşdıqları yay klubu da zədələnib.
Görülmüş tədbirlər nəticəsində A.Quliyeva, H.Quliyev və N.Əliyev dövlət tərəfindən müvafiq yardımlarla təmin olunub. Onların yaşadığı evlər təmir edilib. Kənd məscidinin və yay klubu yaşayış yerinin təmir edilməsi istiqamətində işlər aparılır. Kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər.
Hüseyn QULUZADƏ