Ağcabədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə serebral iflic xəstəsi Ayxan Hüseynovun ailəsinə müvafiq köməkliklərin göstərilməsi ilə bağlı məlumat vermişdik. Bugünlərdə ailənin daha bir problemi istiqamətində addım atılmış, 7 yaşlı Ayxanın rahatlığının təmin olunması üçün 1 otaq təmir edilmişdir. Bu haqda Gənclər üçün Təhsil Mərkəzi Qarabağ regional ofisinin rəhbəri Radə Qafarova məlumat verib. O, bildirib ki, mərkəzimizin xidmətindən bəhrələnən Ayxan Hüseynov əlilliyi olan uşaqdır, diaqnozu serebral iflic,eyni zamanda epilepsiyadır. 3 uşaqlı, aztəminatlı ailədə böyüyür. Ayxanın atası kiçik təsərrüfütla məşğuldur,anası isə evdar xanımdır. Ailənin yeganə maddi gəliri uşağın əlilliyə görə təyin olunmuş müavinatıdır ki, o da elə özünün müalicəsinə sərf olunur. Yaşadıqları ev isə əlilliyi olan uşağın yaşaması üçün yararsız vəziyyətdədir. Bununla bağlı hər zaman ailələrimizə daim dəstək olan “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyətinə müraciət etdik. Müraciətimizə çox operativ cavab verildi və tez bir zamanda evin 1 otağı təmir edildi. Bu işdə bizə dəstək olan, əməyi keçən hər kəsə, minnətdarlığımızı bildiririk.