Ermənistan silahlı qüvvələrinin artilleriya hücumlarından rayon mərkəzi, qəsəbə və kəndlərinin dinc sakinləri də ciddi ziyan görmüşlər. Hacılar kəndi də düşmən hücumlarına məruz qalıb. Sözügedən kənd əhalisinin evlərinə, əmlaklarına, təsərrüfatlarına, mal-qarasına və qeyri-yaşayış binalarına külli miqdarda zərər dəyib.
Kənd sakini Nizami Rzayevin evi və təsərrüfatı da artilleriya hücumlarından dağıntıya məruz qalıb. Belə ki, 2020-ci ilin sentyabrında bir raket, beş oktyabrda isə digər top mərmisi Nizami Rzayevə məxsus evin qarşısına düşüb. Nəticədə həyət darvazası, evin dam örtüyü, pəncərələri sıradan çıxıb, evin hörgüsü ciddi zədələnib. Bundan əlavə kənd sakininin şəxsi əmlakı, mebellər, məişət avadanlıqları, mağar sıradan çıxıb. Mərmilərin düşməsi nəticəsində N.Rzayevə məxsus 1 baş qaramal və xeyli sayda ev quşları tələf olub.
Ölkə Prezidenti İlham Əliyevin göstərişinə əsasən müharibədə zərər çəkən digər kənd sakinləri kimi Nizami Rzayevə də 1000 manat məbləğində dövlət yardımı göstərilib. Əmlaka və şəxsi mülkə dəyən ziyanların da ödənilməsində lazımi tədbirlər görülür.
Adil MİSİRLİ