Cəmiyyətlərin və dövlətlərin tərəqqisinin təməli təhsil hesab olunur. Sivilizasiyaların mənimsənilməsi, elmi-texniki sahədə müasir dövrün tələblərinə uyğun nailiyyətlərin əldə edilməsi, milli özünüdərk prosesi, mənəvi-psixoloji, eləcə də fiziki sağlam və vətənpərvər gənclərin yetişdirilməsi müasir innovasiyaların, kurrikulumların və metodların tətbiqi nəticəsində təlim-tərbiyə prosesində baş verir. Bu prosesi düzgün qurmaqla biz millətimizin və dövlətimizin işıqlı sabahını təminat vermiş oluruq. Bu barədə ən dolğun fikri Heydər Əliyev bir cümlə ilə ifadə etmişdir: “Təhsil Millətin Gələcəyidir”.
Bu gün digər sahələrdə olduğu kimi təhsil sahəsində də ulu öndərin başlatdığı islahatlar uğurla davam etdirilir. Bu uğurun mənzərəsini təkcə son 10 ildə cənab Prezident İlham Əliyevin təhsillə əlaqədar imzaladığı sərəncamlarda, təhsil haqqında qanuna edilmiş dəyişikliklərlə bağlı fərmanlarda, Nazirlər Kabinetinin qərarlarında və digər qanunvericilik aktlarında görə bilərik. Təhsil sahəsi daim dövlətin diqqət və qayğısı ilə əhatələnir. Ümumtəhsil məktəbləri və uşaq bağçası – körpələr evləri üçün yüzlərlə bina kompleksləri, modul tipli məktəblər tikilərək istifadəyə verilmiş, eləcə də təmirə ehtiyacı olan təhsil müəsisələri əsaslı təmir edilmişdir. Belə gözəl şəraitdə təhsil alan şagirdlərimiz ölkəmizdə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəsisələrinə, eləcə də xarici ölkələrin nüfuzlu universitetlərinə yüksək nəticələr əldə edərək qəbul olunurlar. Şagirdlərimizin beynəlxalq olimpiadalarda qazandığı uğurlar təhsil ictimaiyyətinə, eləcə də mətbuatdan hamıya məlumdur. Yeniyetmə və gənclərimizin istər ölkəmizdə, istərsə də beynəlxalq idman arenalarında əldə etdiyi nailiyyətlər düzgün təşkil edilmiş təlim–tərbiyə işinin, mənəvi psixoloji mühitin bəhrəsidir.
Dövlətimizin təhsil siyasətində vətənpərvərliyin təbliği, tarixi həqiqətlərin çatdırılması məsələsi incə bir dəqiqliklə işlənib hazırlanmışdır. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın dövr ərzində ölkəmizdə və eyni zamanda bütün dünyada Xocalı soyqırımının, Qarabağ həqiqətlərinin tanınması bir çox dünya ölkələri tərəfindən Azərbaycanın haqq işini dəstəkləməsinə səbəb olub. Eyni zamanda bu illər ərzində vətənə məhəbbət və düşmənə nifrətlə yoğrulmuş bir gənc nəsil yetişdi. Bu nəslin yetişməsində dövlətimizin ideoloji siyasətini xüsusi həssaslıqla aşılayan təhsil işçilərinin rolu danılmazdır. Şagirdlərimizin, yeniyetmə və gənclərimizin təlim-tərbiyəsi ilə məşğul olan, onlara insani keyfiyyətləri, vətən və vətəndaşlıq anlayışlarını, vətən uğrunda öldürməyi, yeri gələndə şirin canından keçməyi daim anladan müəllimlərimiz, təhsil işçilərimiz Vətən müharibəsində bunu əyani şəkildə göstərdilər. Beləliklə, müəllimin daim nümunə olduğunu bir daha sübut etdilər. Döyüşlərə qatılan 800 nəfərə yaxın təhsil işçisindən 20 nəfəri vətən uğrunda şəhadət zirvəsinə ucaldı. Vətən müharibəsində iştirak edən təhsil işçiləri arasında təhsil şöbəsi müdiri, məktəb direktorları və direktor müavinlərinin də olması bir daha göstərdi ki, təhsil işçiləri vəzifəsindən asılı olmayaraq, daim vətənin keşiyində, Ali Baş Komandanın ətrafında və dövlətin xidmətindədirlər.
Vətənin müdafiəsinə qalxmış bütün Azərbaycan vətəndaşları kimi Ağcabədi rayon sakinləri də qələbəmizə öz tövhələrini verdilər. Döyüşlərdə şücayət göstərən 2000 –dən çox Ağcabədi sakinindən 43 nəfəri vətən uğrunda şəhid oldu, 310 nəfər sağlamlığını itirdi. Ağcabədi rayonundan Vətən müharibəsinə səfərbər olunan 9 nəfər müəllimdən 6 nəfəri ümumtəhsil məktəblərinin, 3 nəfəri isə Ağcabədi Pedaqoji Kollecinin müəllimləridir. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, Ağcabədi Pedaqoji Kollecinin 50 nəfərə yaxın məzunu və hərbi xidmətə görə akademik məzuniyyətdə olan tələbəsi Vətən müharibəsində iştirak etmiş, bir neçə nəfər müxtəlif bədən xəsarətləri almış, bir nəfər Mustafazadə Ceyhun Şükür oğlu şəhidlik zirvəsinə ucalmışdır. Biz şəhidlərimizə rəhmət diləyir, onların əziz xatirəsini ehtiramla yad edirik.
Şəhid ailələrinə, qazilərə və bütün müharibə iştirakçılarına dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərilir. Bütün rayon və şəhərlərdə şəhidlərin adı əbədiləşdirilir, onların adına məktəblər və küçələr verilir. Şəhid ailələrinin və qazilərin ev, mənzil və digər problemləri həll edilir, iş yerləri ilə təmin olunurlar. Bütün bu tədbirlər Ağcabədidə də rayon rəhbərliyinin xüsusi həssaslıq və qayğıkeşliyi ilə həyata keçirilir. Qeyd edim ki, mən də Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyev tərəfindən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişəm. Ağcabədi Rayon İcra Hakimiyətinin başçısı cənab Rafil Hüseynov biz müharibə iştirakçılarını daim diqqət mərkəzində saxlayır, şəxsən maraqlanır, bütün problemlərimizin həllinə köməklik göstərir.
Zəfər tariximizin tədqiq olunması, torpağına, bayrağına və dövlətinə sahib çıxmağı bacaran xalqımızın qəhrəmanlıq nümunəsinin təbliği mühüm vəzifələrdəndir. Bu işdə təhsil işçilərinin üzərinə böyük məsuliyyət düşür. Bu yaxınlarda Təhsil Naziri cənab Emin Əmrullayevin ümumtəhsil məktəblərinin IX sinif şagirdlərinə Zəfər tariximizin tədris edilməsi barədə əmri məni bir vətəndaş kimi, zəfərimizin iştirakçısı kimi və bir tarix müəllimi kimi çox sevindirdi. Bu günə qədər şagird və tələbələrimizə torpaqlarımızın işğal tarixini öyrətdiyimiz kimi artıq qürur və fəxarətlə Zəfər tariximizi də öyrədəcəyik.
Məlum olduğu kimi bütün dünyanı cənginə alan COVİD-19 pandemiyası 2019-cu ilin mart ayından Azərbaycanda da yayılmağa başladı.Onun mənfi təsirləri təhsil sahəsindən də yan keçməyib. Ölkə rəhbərliyi və Təhsil Nazirliyi tərəfindən pandemiyanın mənfi təsirlərinin aradan qaldırılması ilə bağlı adekvat tədbirlər həyata keçirilməkdədir. Lakin bu gün də dünyada və ölkəmizdə pandemiya ilə bağlı xüsusi karantin rejimi davam edir. Yeni tədris ilinin başlanmasına isə sayılı günlər qalmışdır. Xəstəliyin yayılması, müxtəlif məhdudiyyətlərin qoyulması müəyyən çətinliklər yaradır. Bütün çətinliklərə sinə gərmək iqtidarında olan Azərbaycan müəllimini, bütün təhsil ictimaiyyətini yeni 2021-2022-ci tədris ilinin başlanması münasibəti ilə təbrik edir, hər kəsə möhkəm can sağlığı və uğurlar arzulayıram.
Bəxtiyar ƏLİYEV