Muğanlıda Qəhrəmanlar Parkı inşa edilir

         Qəhrəmanlar tarix yazdıqları üçün heç vaxt unudulmurlar. İllər keçir, ancaq onların adları daim zirvələrə yüksəlir, əməlləri yaşayır və qalib gəlir. Qədirbilən xalqımız ölməz Vətən oğullarının xatirəsini hər an əziz tutur, qürur və ehtiram hissi ilə yad edir. Bu gün ölkəmizdə Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək ən müqəddəs vəzifəyə, amala çevirilib.

Rayonumuzda həm rəhbərlik, həm də əhali tərəfindən bu istiqamətdə mühüm addımlar atılır. Bölgənin müxtəlif ərazilərində şəhidlər üçün  xatirə lövhələrinin quraşdırılması, küçələrə ad verilməsi, bulaq komplekslərinin, parkların inşa edilməsi bu baxımdan önəmli əhəmiyyət kəsb edir. Rayonun Muğanlı kəndində salınan, Qəhrəmanlar Parkı da bu sırada xüsusi yer tutur. Sözügedən xatirə parkında hazırda geniş tikinti, quruculuq işləri aparılır. Tikinti işlərində könüllü olaraq, iştirak edən Şərəfxanlı kənd sakini, keçmiş Qarabağ döyüşçüsü Seyran Behbudovun dediklərinə görə, burada inşaat işləri kənd sakinlərinin dəstəyi ilə həyata keçirilir. Rayonun ayrı-ayrı yerlərindən olan şəxslər də tikintiyə köməklik və yardımlar göstərirlər.

Qeyd edilib ki, Qəhrəmanlar Parkı kənddə sovetlər dövründə 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının şərəfinə ucaldılmış abidənin yerləşdiyi ərazidə salınır. Burada döyüşçü abidəsi saxlanılmaq şərti ilə, 4 böyük lövhədən ibarət xatirə kompleksi inşa olunur. Həmin lövhələrin üzərində Birinci və İkinci Qarabağ müharibələrində igidliklə döyüşərək şəhid olmuş ağcabədililərin mərmərdə işlənmiş şəkilləri yer alacaq.

Parkda həyata keçirilən tikinti tədbirlərində Hüsülü kəndindən olan bənnalar Əkrəm, Şəfahət və Səyyab Əsgərov qardaşları, Muğanlı kənd sakini Dilafət Həsənov, Muğanlının digər nüfuzlu və imkanlı şəxsləri, Qarabağ müharibəsi veteranları, başqa kəndlərdən olan könüllülər əllərindən gələnləri əsirgəmirlər.

S.Behbudov söhbət zamanı bunu da bildirib ki, yeni xatirə kompleksinin kənarında istirahət guşələri, oturacaqlar, qurbanlıq kəsmək üçün otaq da inşa ediləcək. Bundan başqa, parkın ətrafında 1000 ədəd meyvə ağacından ibarət bağ salınması, asfaltlaşdırma və işıqlandırma tədbirləri, içməli su xətti çəkilməsi planlaşdırılıb. Artıq yaxınlıqda Ağcabədi Rayon Subartezian Quyularının İstismarı İdarəsi tərəfindən yeni artezian quyusu vurulub.

Qəhrəmanlar Parkının salınması bütün kənd sakinləri tərəfindən böyük ruh yüksəkliyi və minnətdarlıqla qarşılanıb.

Yəhya PAŞAZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər