Cari pambıq mövsümündə rayonda bol məhsul yetişdirilməsində “P-Aqro” MMC Ağcabədi filialının özünəməxsus payı var. Sözügedən filialın xidmət etdiyi 1920 hektar əkin sahəsində 532 fermer təsərrüfatı fəaliyyət göstərir. Kollektivin mütəxəssisləri, əməkçiləri təsərrüfatlarda pambıq əkininin təşkilində, kompleks becərmə işlərinin aparılmasında, sahələrin mineral gübrələrlə təmin olunmasında, xəstəliklərə və ziyanvericilərə qarşı mübarizə tədbirin həyata keçirilməsində bütün imkanlardan maksimum istifadə ediblər.
“P-Aqro” MMC Ağcabədi filialının direktoru Süleyman Süleymanovun dediklərinə görə hazırda yetişdirilmiş bol pambığın yığılması və tədarük olunması istiqamətində addımlar atılır. Filialın əhatə etdiyi fermer təsərrüfatlarında avqustun 31-dən defoliyasiya tədbirlərinə başlanılıb. Bu məqsədlə 7 ədəd traktor, 5 ədəd çiləyici, 2 ədəd OVX ayrılıb. Sahələrdə pambıq kolları yarpaqlarının tökülməsi üçün “Defoliant” pestisidi tətbiq olunur. 5 sentyabrdan isə tarlalarda kütləvi dərmanlama aparılır. Defoliyasiya tədbirləri sentyabrın 15-dək davam etdiriləcək.
Direktor qeyd edib ki, sentyabrın 14-dən etibarən pambıq yığımına başlamaq mümkün olacaq. Yığımda maşınlara geniş meydan veriləcək. Pambığın yığılması və sahələrdən daşınması üçün saz vəziyyətə gətirilən 9 ədəd pambıqyığan maşın, 25 ədəd traktor, 60 ədəd lafet səfərbər olunub.
S.Süleymanov söhbət zamanı filial tərəfindən tədarük olunacaq pambığın qəbuluna hazırlığın vəziyyətindən də danışıb. Bildirilib ki, qəbul məntəqəsində taya yerləri, transftartiyorlar hazır vəziyyətinə gətirilib. Ərazidə yanğından mühafizə tədbirləri gücləndirilib. İstehsal təhlükəsizliyi ilə əlaqədar işçilər arasında geniş təlimatlandırma aparılır. Qəbul dövründə mövsümü işçilərin sayının artacağını vurğulayan filial rəhbəri təhlükəsizlik tədbirlərinin bundan sonra da davam etdiriləcəyini dilə gətirib.
Yəhya PAŞAZADƏ