Ağcabədi son illər inkişaf edərək xarici görünüşünü xeyli dəyişmişdir. Ancaq hər gözəlin bir eybi olduğu kimi Ağcabədidə də onun gözəlliyinə xələl gətirən bəzi neqativ hallar mövcuddur.
… Dünyanın hər yerində ağac əkəndə arada mütənasib məsafə qoyurlar. Bizim Ağcabədidə isə nədənsə buna fikir verən yoxdur. Şəhərimizin küçə və meydanlarında ağaclar nəyə görəsə, artıq ucalmış, özünü tutmuş başqa ağacların altında əkilir (Şəkilə bax). Və belə ağacların sayı özü də onlarladır. Belə olan zaman yeni əkilən ağac kölgədə inkişaf edə bilmir. Köhnə ağacın kökləri də onu sıxır, normal inkişaf etməyə qoymur. Və bir də küçələri saysız-hesabsız sərv ağacları ilə doldurmaq heç də şəhərimizə gözəllik gətirmir. Əksinə, eynilik, təkrar adamın gözünü yorur, usandırır… Sərv ağacı əsasən dağ və dağətəyi ərazilərdə bitir və o mühitdə bol nəfəs ala bilir. Ağcabədinin bürkülü, qızmar istisi isə sərv ağacını normal inkişafdan saxlayır. Bu ağacın budaqlarının sıx olması da bizim relyefdə onun əleyhinə işləyir. Yəni ağacda havalanma getmir, o, hava ilə doyunca qidalana bilmir. Odur ki, bu ağaclar şəhərimizdə içəridən (budaqları sız olduğundan) çürüməyə başlayır. Halbuki bizim isti Aran şəraitində yaxşı olardı ki, bu yerlərin ağır havasına tab gətirə bilən, artıq çoxdan adaptasiya olmuş xançinar, beşbarmaq, zeytun ağacları əkilsə daha məqsədyönlü olardı. Bu ağaclar bizim relyefdə çox rahat və tez bir şəkildə inkişaf edib, böyüyə bilirlər. Həmçinin, anlaşılmaz, məqsəddən uzaq yaşıllaşdırma tədbirləri həyata keçirilib ki, bu da şəhərimizin görünüşündə neqativ hal yaradıb. Söhbət küçə və səkilərimizdə nizamsız, qaydalardan uzaq şəkildə əkilən ağaclardan gedir. Yəni şəhərin bir çox yerlərində bir də görürsən ki, beşbarmaq, ya da xan çinarın yanında (çox zaman lap altında) sərv ağacları əkilib. Halbuki ağacın yanında mütləq şəkildə həmin növdən olan ağac əkilməlidir ki, onlar arasında tozlanma normal şəkildə gedə bilsin…
Şəhərimizin gözəlliyinə xələl gətirən daha bir çatışmazlıqdan söhbət açmaq istərdik. Şəhərin Ü.Hacıbəyli prospektindən (H.Əliyev parkının yanından) düz şəhərin tam çıxışına qədər, yəni “ASAN xidmət” in yerləşdiyi ərazilərdə küçənin kənarlarında qəribə də olsa, səki yoxdur. Nədənsə burada səkilər üçün nəzərdə tutulan hissələr küçədən xeyli hündürdürlər və bu səkilərin hər yerində, düz ortasında ağaclar əkiblər. Odur ki, bu istiqamətdə yerləşən idarə və təşkilatlara gedən piyadalar məcbur olub, küçənin ortası ilə hərəkət edirlər. Əlbəttə, bu da çox təhlükəlidir. Yaxşı olardı ki, belə bir səkini salan tapıla, o da minbir əzab-əziyyətlə küçənin ortası ilə hərəkət edən piyadalara qoşula və onlara səki ilə (olmayan) necə getməyi göstərə. O, zaman başa düşər ki, adamlar şəhərin bu hissəsi ilə piyada hərəkət edən zaman nələr çəkirlər.
Adil MİSİRLİ