Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin İnkişaf Proqramının maliyyə dəstəyi ilə respublikanın Füzuli-Horadiz, Ağcabədi, Tərtər rayonlarında İcma Resurs Mərkəzləri yaradılıb. Bu ilin aprel ayından rayonumuzda həmin İcma Resurs Mərkəzi fəaliyyətə başlayıb. Sözügedən qeyri-hökümət qurumunun başlıca məqsədi rayonumuzda əhalinin həssas qruplarının erkən bərpasının və icma dayaqlarının təmin edilməsi proqramı çərçivəsində müharibədən zərər çəkmiş əhalinin ən həssas təbəqəsinə xidmət göstərməkdən ibarətdir. Sözügedən İcma Resurs Mərkəzinin koordinatoru Gülşən Quliyevanın dediklərinə görə, layihəyə uyğun olaraq müharibə zamanı rayon ərazisində zərərçəkmiş şəxslərə, o cümlədən şəhid ailələrinə, qazilərə, sahibkarlıq fəaliyyəti göstərənlərə sosial-iqtisadi dəstək qazanc imkanlarının artırılması üçün pulsuz psixoloji, hüquqi, biznes məsləhətləri verilir.G.Quliyeva əlavə olaraq bildirib ki, Ağcabədi İcma Resurs Mərkəzi fəaliyyətə başlıdığı gündən rayonun bir sıra kəndlərində və şəhər mərkəzində bununla əlaqədar müntəzəm tədbirlər həyata keçirilir. İndiyədək Mərkəz tərəfindən psixoloji və hüquqi dəstəyə ehtiyacı olan müharibə veteranları, əlillər və şəhid ailə üzvlərindən ibarət 79 nəfərə xidmət göstərib.
Hüseyn QULUZADƏ