XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycan torpaqları işğal olunmağa başlayır. Torpaqlar itirilir, Vətən parçalanır, bölünür və kiçilirdi. Bax bu zamanVətənin kişi, əsl oğulları öz sözlərini dedilər. Qarı düşmənə göstərdilər ki, bu torpağın hər qarışından ötrü canını fəda etməyə daim hazır olan minlərlə oğul var. Vətənin, Torpağın oğulları.
…Zaur Rafiq oğlu Qəribov 1975-ci ildə Ağcabədi şəhərində anadan olub. 1982-ci ildə şəhər 1 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olan Zaur 1992-ci ildə sözügedən məktəbi uğurla başa vurub. Elə o vaxtlar torpaqlarımıza göz dikən erməni faşistləri bizə qarşı müharibəyə başlamışdılar. Qəlbi Vətəni azad görmək eşqi ilə döyünən Zaur hərb sənətini özünə həyat yolu seçmək məqsədində idi. O, hamıya deyirdi ki, məktəbi bitirən kimi, hərbiyə gedəcəyəm. Nə müəllim, nə də həkim olmaq istəyirəm. Ermənilər gündə bir bölgəni ələ keçirir, günahsız körpələri, qocaları qanına qəltan edir. Bu zaman oxumaq adama nə verir? Vuruşmaq lazımdır. Vətən, Torpaq uğrunda. Bu torpaqdan ötrü ölməyə, gənc yaşında həyatla vidalaşmağa dəyər. Bu müqəddəs Vətən torpağıdır. Onu göz bəbəyi kimi qorumaq hər bir kişinin borcudur. Vətən yolunda şəhid olmaq özü elə böyük bir xoşbəxtlikdir:
Yolunda
şəhid olmaq istəyirəm,
Bayrağına bürünüb
dəfn olmaq istəyirəm…
1993-cü ilin yazında Zaura hərbi xidmətə getmək üçün çağırış gəldi. Qardaşı Elnur deyir ki, Zaur sevincindən atılıb düşür, böyük həyəcan içindəydi. Deyirdi Allah dualarımı, səsimi eşitdi. Cəbhəyə yollanıram…
Rayonumuzda yerləşən batalyonun tərkibində könüllü vuruşan Zaur bir neçə kəndin azad olunmasında yaxından iştirak edir. 1993-cü il dekabrın 31-də komandirlik tərəfindən yaxşı döyüşdüyünə görə ona 3 günlük istirahət verilir. O, doğma şəhərə gəlir, yaxınları ilə görüşür. 3 gün sonra, 1994-cü il yanvar ayının 4-də hərbi hissəyə qayıdan Zauru yola salanda anası onun arxasınca həsrətlə baxır və ağlayır. Zaur geri qayıdıb anasını qucaqlayaraq bağrına basır, onun göz yaşlarını silərək, -”Ana sənin oğlun lazım gəlsə Vətən yolunda ölə də bilər. Sən Allah, şəhid olsam belə ağlama. Ölümümü şad xəbər kimi qarşıla. Ağlasan ruhum səndən inciyər”, – deyir.
Anası Sadiqə xanım deyir ki, onun sözləri qəmli, kədərli olsa da, məni xeyli toxtatdı. Artıq ağlamırdım. Amma ana ürəyi pıçıldayırdı ki, bu oğlunla son görüşündür. Oğlun Vətən naminə canından keçəcəkdir. O, bunu özü də bilirdi. Elə buna görə də şəhid olsam belə ağlama, deyəndə gülürdü. Zaur ölümü də gülərüzlə qarşıladı. Sanki ən ümdə, əlçatmaz arzusuna yetişdi. Bu torpağın oğlu olduğunu həyatı bahasına sübut etdi.
Komandirləri söylədilər ki, Zaur qisasını sağlığında özü aldı. Son döyüşdə bir neçə erməni əsgərini məhv edərək, zirvəyə yüksəldi. Şəhidlik zirvəsinə ucaldı. İndi təsəllim var ki, gec də olsa torpaqlarımız düşmən əsarətindən azad olundu. Zaur bu günü görməsə də, indi məzarda rahat uyuyar. Azərbaycan oğlunun torpaq uğrunda məzarı da vuruşmağa hazırdır:
Bu Vətəninin nəyi var-döyüşər;
Dağı, daşı, torpağı, varı, yoxu döyüşər,
Neçə şəhid igidin nakam ruhu döyüşər,
Bir əsgərə çevrilər burda hər məzar daşı…
Torpaq, Vətən düşmən tapdağı altında olan zaman qeyrətli, vətənpərvər oğulların məzar daşları da rahatlıq tapmır, nisgillə dolu gözləri daim yol çəkir. Çünki onlar bir əsgərə dönüb, Vətəni düşməndən qorumağa hər zaman hazırdırlar.
Adil MİSİRLİ