Şagirdlərin təzə qalan kitabları

Məktəblərin açılmağına sayılı günlər qalır. Baxmayaraq ki, məlum pandemiya üzündən dərslərin tədris ili boyunca davam edib-etməyəcəyini bilmirik, yenə də istərdim, məktəblərdəki bir məsələ ilə bağlı fikirlərimi bölüşəm.

Ümumiyyətlə, son illər valideynlərin şikayətlərindən biri də ibtidai siniflərdə dərs yükünün ağır olmasıdır. Şagirdlər dərslərin ağırlığını da çantalarının ağırlığı kimi təkbaşına çəkib apara bilmirlər. Çantanı götürməyə  valideyn kömək edir, dərsləri hazırlamağa da müəllimin əlavə məşğələləri. Yəni ibtidai sinif şagirdləri çox az halda bu dərslərin öhdəsindən müstəqil şəkildə gələ bilirlər. Amma söz açacağım problem bu deyil. Həmin dərslərin öhdəsindən gələ bilmək üçün əksər müəllimlər ibtidai siniflərdə texnologiya, musiqi, təsviri incəsənət, fiziki hazırlıq  fənlərinin yerinə də Azərbaycan dili və riyaziyyat dərsləri keçirlər.

Təsəvvür edin, hərəsi 45 dəqiqə olmaqla, 4 və ya 5 dərs şagird yalnız çətin  fənlərin öyrənilməsi ilə məşğul olur. Ana dili, riyaziyyat, xarici dil, informatika, həyat bilgisi kimi fənlərin asan fənlərlə növbələşdirilməsi tövsiyə olunsa da, buna, sadəcə, dərs cədvəli tərtib edilərkən riayət olunur. Realda olan isə budur ki, həmin dərslərin necə olduğunu bilməyən şagirdlər var. Bu fənlər uşaqlarda təkcə zehni gərginliyi azaltmağa xidmət etmir, müxtəlif istiqamətlərdə bacarıqlarının üzə çıxmasına yardımçı olur, onların  gələcəkdə uğur qazanmağına, rəssam, musiqiçi, idmançı olmağına imkan yaradır, özünü tapmağında böyük rol oynayır. Müəllimin sözü, müəllimin dəstəyi belə məqamlarda böyük gücə malikdir. Yadıma Xalq artisti, teatr və kino aktyoru Qurban İsmayılovdan illər öncə rayon qəzeti üçün aldığım müsahibə düşdü. O bildirmişdi ki, Ağcabədidə 11 saylı orta məktəbdə təhsil alarkən Cəfər Cabbarlının bir pyesindən ədəbiyyat kitabında verilmiş parçanı tamaşa üçün hazırlayıblar.  Həmin fənn müəllimi Məmmədtağı Həsənov Qurban İsmayılovun yaratdığı obrazı bəyənir və deyir ki, bu sahəyə fikrini yönəltsən, yaxşı aktyor olarsan. Aktyor bildirir ki, bu sözdən sonra həvəsləndim, hətta küçəmizin uşaqları ilə bir neçə pyesdən tamaşalar hazırladıq, sonra dayımgilin həyətində nümayiş etdirdik.

Beləliklə, Qurban İsmayılov aktyor olmaq qərarına gəlir və bu gün artıq həmin sahədə uğurlu simalardan biridir. Yəni müəllim sözü, müəllimin yaratdığı inam şagirdin sabahına açılan qapıdır. Yüzlərlə belə misallar gətirmək olar ki, məhz müəlliminin məsləhəti ilə gələcək peşəsini seçib uğur qazanan insanlarımız var. Lakin bugünkü müəllimlər daha çox təlimə önəm verirlər. Odur ki, özləri də bilmədən hissiz, duyğusuz, standart biliyə, davranışa malik “robotlar” yetişdirirlər. Söhbət hamıdan getmir. Və bu, o müəllimlərin zəhmətini yerə vurmaq da deyil. Bəli, bizim övladlarımızın bilikli olması, oxuması üçün edirlər bunu. Amma təlimlə bərabər,  tərbiyə də, istiqamət də vermək lazımdır. Bacarıqları, qabiliyyəti aşkarlamaq gərəkdir ki, bunun üçün də qeyd etdiyim kimi, təsviri incəsənət, musiqi, texnologiya, fiziki tərbiyə  fənləri burada  böyük rol oynayır. Müəllimlə şagird arasında isti münasibət yaradır. Əsas fənlərdən zəif olan, daim müəllim və valideyni tərəfindən danlanan bir şagird özünün yararsız olmadığını, başqa bacarığının olduğunu göstərə bilmək imkanı qazanır, müəllimin diqqətini çəkə bildiyi üçün özünün də dəyərli olduğuna inanır və onlar arasında doğmalıq yarandıqca məlum fənlərdə də irəliləmək üçün cəhdlər edir.

Orta məktəbdə sevmədiyim bir-iki fənn var idi. Və mən bu fənləri, necə deyərlər, alabaşına-külbaşına oxuyurdum. Müəllimlərim əvvəl cırnayırdılar, anama şikayət edirdilər. Amma məndə bir xasiyyət var ki, nəyisə, kimisə sevmədimsə, onu heç bir halda yaxın buraxmıram və həmin fənlərə qarşı da belə idim. Lakin zaman keçdikcə müəllimlərim mənə güzəştə getməyə başladılar. Məktəb tədbirlərində özüm hazırladığım və rol aldığım səhnəciklərlə, divar qəzetlərində yazılarımla, çəkdiyim rəsmlərlə, tədbirlərdə səsləndirdiyim şeirlərimlə onların sevimlisinə çevrilmişdim. Ən çox incitdiyim, dərsini alayarımçıq oxuduğum, xəlvətə düşəndə parodiya etdiyim (Bilirdim ki, bundan məlumatı var) bir müəllimim vardı. Məhz o müəllim mənim uğur qazanacağıma inandığını demişdi. Sadəcə deməmişdi, məni də buna inandırmışdı (Və çox maraqlıdır ki, orta məktəbdə də, universitetdə də bu sözləri mənə elə xoş söz gözləmədiyim müəllimlərim deyib). Böyük uğur qazandığımı deyə bilmərəm, amma hər halda bu həyatda var olduğumu hiss edə bilirəm. Başımı aşağı salıb sıradan bir ömür  yaşamıram.

Bu gün dərslər müasir təlim metodları ilə keçirilir və təbii ki, bu zaman şagirdlər üçün yaradıcı mühit də yaranır. Əsas fənlərin tədrisi zamanı müxtəlif oyunlar qurulur, uşaqların  müxtəlif istedadı və bacarığı üzə çıxa bilir, şagird özünü tapır. Amma bir neçə dəqiqəlik. Yəni düşünün ki, əlinizdə su ilə dolu şüşə var və siz onu böyrünüzdəki susuz adama verirsiniz. Lakin o, dodağını isladan kimi şüşəni geri alırsınız. Suya olan tələbatı ödənmir. Sözügedən dərslər də şagirdlərin ehtiyac duyduğu, həvəslə gözlədiyi dərslərdir və onları bundan məhrum etmək yanlış addımdır. Yay tətili zamanı məktəbə hazırlaşarkən rəngli qələmlər, karandaşlar, boyalar, şəkil dəftəri alınır uşaqlara. Dərs ilinin yekununda o  dəftərlərə nöqtə də vurulmuş olmur. Plastilin, rəngli kağızlar alınır, eləcə işlənməmiş qalır. Əgər bu fənlər lazımsızdırsa, niyə xərc çəkilir, o qədər kitablar çap olunur, müəllimlərə maaş ayrılır? Lazımlıdırsa, o zaman balacaların haqqını almayaq. Eyni dünyagörüşünə malik, bir-birinin təkrarı olan şagirdlər yetişdirməyək. Onların bacarıqlarını, istedadlarını da görmək, inkişaf etdirmək, özünüifadəsinə yardımçı olmaq lazımdır. Bu gün şagirdləri qınayırıq ki, məşhur musiqiçilərimizi, bəstəkarlarımızı tanımırlar, yaradıcılıqlarından xəbərsizdirlər, musiqi zövqləri formalaşmayıb, dinləyicilik qabiliyyətləri yoxdur… Yaxşı, musiqi kitabının arasını açmayan, musiqi dərsi keçməyən şagird hardan tanıyacaq onları? Hardan yaranacaq bu sevgi? Axı musiqi dərsliyi elə bunun üçündür. Valideynin hamısı eyni zövqə, eyni biliyə, eyni qabiliyyətə, eyni istedada və eyni vaxta malik deyil ki, övladının estetik tərbiyəsi ilə tam məşğul olsun. Bəli, valideynin burada müəyyən qədər rolu var, amma məlum dərsliklər məhz bunu öyrədir və ixtisaslı müəllimlər tərəfindən, vaxtlı-vaxtında icra edilsə, yaxşı da nəticə əldə etmək mümkündür.

Həddindən çox yüklənən uşaq getdikcə məktəbdən də, müəllimdən də soyuyacaq. Böyüklərin məcburiyyəti qarşılığında oxuduğu dərslər sadəcə gələcəkdə yüksək balla ali məktəbə qəbul olunmağa hesablanacaq. Sonra həmin yaşlı nəsil də gileylənəcək ki, indiki gənclər eqoistdir, zövqsüzdür, özümüzü tanımırlar, özümüzü sevmirlər və s.

Bəlkə də, çoxları etiraz edəcəkdir ki, yazdığım doğru deyil, bütün məktəblərdə, siniflərdə bu fənlər davamlı tədris olunur (Təbii ki tədris edənlər də kifayət qədərdir, mən məhz etməyənlərdən söz açıram). Amma tədris ilinin yekununda məktəb kitabxanalarındakı dərslikləri nəzərdən keçirsək və ən çox əzilən, çirklənən, cırılan kitablarla təptəzə qalan kitabları müqayisə etsək, hər şey aydın olar.

Məhsəti MUSA

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər