İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqlara xidmət edir

Gənclər üçün Təhsil Mərkəzi (GTM) İctimai Birliyinin Ağcabədi rayonunda fəaliyyət göstərən İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün həftədə 2-3 dəfə olmaqla, fərdi və qrup məşğələləri təşkil edir, sosial-pedaqoji, sosial-psixoloji reabilitasiya, eləcə də onların valideynlərinə zəruri məsləhət və dəstək xidmətləri göstərir.

İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzindən bildirilib ki, rayonda bu xidmətlərə böyük ehtiyac var, çünki əksər valideynlər özəl mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə ödəniş etmək imkanında deyil. 2013-cü ildə GTM Qarabağ ofisi nəzdində yaradılmış İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi 2018-ci ildən etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə UNICEF-in Azərbaycan ofisi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində fəaliyyət göstərir. Layihə çərçivəsində əlavə olaraq iki mərkəz yaradılıb: “İnkişaf geriliyi və əlilliyi olan uşaqlar üçün inklüziv strategiya əsaslı sosial xidmətlər mərkəzi” və “Baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlar üçün sosial xidmətlər mərkəzi”. Hər iki mərkəzdə 2 uşaq inkişafı mütəxəssisi, 2 pedaqoq, 1 hüquqşünas, 3 sosial işçi, 1 psixoloq çalışır.

Yerli dövlət qurumlarından, icmalardan, ailələrdən alınan göndərişlər vasitəsilə əlilliyi olan 220 uşaq reabilitasiya proqramına cəlb edilib. Hazırda COVID-19 pandemiyası ilə əlaqədar bütün xidmətlər elektronlaşdırılıb, reabilitasiya proqramları pandemiya qaydalarına uyğun davam etdirilir.

Mərkəz tərəfindən mütəmadi olaraq həftə sonlarında uşaqların sosiallaşması, cəmiyyətə adaptasiyası, əməkdaşlıq, dost seçmə, qrupda çalışmaq kimi müxtəlif bacarıqların formalaşması məqsədilə ekskursiyalar, qrup terapiyaları təşkil edilir. Növbəti dəfə Ağcabədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qarabağ Atçılıq Kompleksində İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzinin xidmətlərindən bəhrələnən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ippoterapiya həyata keçirilib.

İppoterapiya at üzərində müxtəlif hərəkətlər vasitəsilə bədən əzələlərinin hərəkət etməsinə kömək edən bir müalicə üsuludur. Məqsəd uşaqların arzularını həyata keçirmək və onları sevindirmək, bu kateqoriyadan olan şəxslərin bacarıqlarının inkişafına, sosial-mədəni, sosial-psixoloji və pedaqoji reabilitasiyasına, onların ailələrinə dəstək göstərməkdir.

Tədbirin sonunda layihə iştirakçıları üçün GTM Qarabağ ofisi və “Güvən Xeyriyyə və Dostluq Cəmiyyəti” tərəfindən nahar süfrəsi açılıb.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər