Rayon ərazisində fəaliyyət göstərən fermer təsərrüfatlarında yetişdirilmiş pambıq məhsulunun yığımına başlanılıb. Mütəxəssislərin qənaətinə görə, bu il sahələrdən bol pambıq gözlənilir.
MKT-İK MMC, “Azərpambıq” MMC tərəfindən bol məhsulun vaxtında və itkisiz toplanması üçün lazım olan zəruri addımlar atılıb. Tarlalarda pambıq əsasən maşınların gücü ilə yığılması səbəbindən bütün pambıq yığan maşınların, traktor və digər texniki vasitələr saz vəziyyətə gətirilərək səfərbər olunub. Bu da öz növbəsində vaxt itkisinin və israfın qarşısının alınmasına imkan verəcək.
Sentyabrın 11-də rayonun təsərrüfatlarında pambıq yığımına start verilib. Yığım kampaniyasına ilk öncə Boyad, Hacıbədəlli, Kəhrizli və Kürdlər kəndlərindəki fermer təsərrüfatları qoşulublar. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov sözügedən təsərrüfatlara baş çəkib, pambıq yığımının gedişi ilə maraqlanıb. Sahələrdə pambığın vəziyyətindən və yığımın təşkilindən razı qalan rayon rəhbəri fermerlərə, mexanizatorlara və mütəxəssislərə lazımi tövsiyyələrini və məsləhətlərini verib, onlara fəaliyyətlərində uğurlar diləyib.
Qeyd edək ki, yaxın vaxtlarda digər təsərrüfatlarda pambıq yığımına başlanılacaq. Artıq sahələrdə rayon üzrə 36,05 ton məhsul yığılaraq təhvil verilib.
Hüseyn QULUZADƏ