14 sentyabr 2021-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsi, rayon təhsil şöbəsinin birgə təşkilatçılığı və gənc müəllimlərin iştirakı ilə “15 sentyabr – Bilik Günü”nə həsr olunmuş videokonfrans keçirilmişdir.
Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov videokonfransı giriş sözü ilə açaraq qeyd etdi ki, müasir dövrümüz elm və texnika dövrüdür, inkişaf əsasən bu iki amillə izah olunur. Təhsilsiz isə bu sahələrdə heç bir irəliləyiş ola bilməz. Dövlətin savadlı kadr potensialı da məhz müasir təhsil və keyfiyyətli tədrislə yaradılır. Azərbaycan xalqının ümummilli lideri, görkəmli ictimai-siyasi xadim Heydər Əliyevin dövlətçilik fəaliyyətində təhsilə diqqət xüsusi yer tutur. Təsadüfi deyil ki, ulu öndər: “Təhsil millətin gələcəyidir”, – deyirdi. Bu gün təhsil sahəsində davamlı olaraq islahatlar həyata keçirilməkdədir. Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər islahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmışdır. Bütün bunlar bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcəkdir. Müəllim sözü müqqədəs deyil, müqqədəs olan müəllimlikdir. Hər zaman bu ada layiq olmağınızı arzu edirəm və sonda hər birinizə bu çətin və şərəfli işinizdə uğurlar və müvəffəqiyətlər diləyirəm.
Daha sonra Ağcabədi şəhər 9 saylı tam orta məktəbin müəllimi Vüsalə Əliyeva, 11 saylı tam orta məktəbin müəllimi Günel Həsənova, 5 saylı tam orta məktəbin müəllimi Nəzakət Həsənova və Xocavənd kənd 1 saylı tam orta məktəbin müəllimi Mahir Paşayev çıxış edərək, bu gün Azərbaycanda gənc kadrların hazırlanmasına, onların işlə təmin olunmasına xüsusi diqqət yetirildiyini, hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanların məhz müəllim əməyinin yetirmələri olduğunu, diqqətə çatdırdılar. Müəllimlər həyata keçirilən təhsil siyasəti və gənclərə göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına təşəkkür etdilər.