Sentyabrın 16-da Ağcabədi rayon Taleh Əliyev adına Xocavənd kənd 2 saylı tam orta məktəbi üçün tikilmiş yeni tədris binasının açılışı olub.
Açılış mərasimində Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov, Təhsil İnstitunun əməkdaşı Nəzakət Mehdiyeva, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Ağcabədi Rayon Təhsil Şöbəsinin müdiri İsmayıl Həsənov, 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Zahid Təhməzov iştirak ediblər.
Qonaqlar məktəbin foyesində ulu öndər Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş güşə ilə, daha sonra sinif otaqlarında yaradılmış şəraitlə tanış olublar.
Ötən tədris ilində köhnə, yararsız vəziyyətdə olan məktəbin yerində artıq 2 mərtəbəli, 180 şagird yerlik, 11 sinif otağından ibarət ümumtəhsil müəssisəsi fəaliyyət göstərəcək ki, burada 2 laboratoriya, 2 texnologiya, 1 informatika və gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, 90 yerlik akt zalı, idman zalı, kitabxana və yeməkxana da şagirdlərin ixtiyarında olacaq.
Qeyd edək ki, son illərdə rayonda 47 yeni məktəb binası tikilmiş, 16 bina əsaslı təmir olunmuşdur.
Fotolar: Mais İbrahimovundur