Belə bir məsəl var; “Çox oxuyan yox, çox gəzən çox bilər”. Bu məsəl işıqforun qırmızı işığında keçmək kimi səhv və yüksək qəza ehtimallıdır. Doğrudur, kimsə sözümdən oyun çıxarmaq üçün deyə bilər ki, “yüksək qəza” nədir, elə bir ifadə yoxdur. Amma mən onu elə buradaca qabaqlayıram; Xırdalığa getmirəm, ancaq dilimizi bilənlər bilir ki, o cümlədə “yüksək” sözü “ehtimal” sözünə aiddir.
Xülasə, çox gəzən çox görə bilər, amma çox bilə bilməz. Çox görənin də gördüyünün çoxundan başı çıxmır, çox vaxt, mahiyyətini anlamır, qalır gözünü döyə-döyə… Sonra gördüyünü hardasa, kiməsə danışanda ən uzağı “çox maraqlı şeydir” kimi izah edə bilir, bundan bir qarış da o yana keçə bilmir.
Çox oxuyan isə sözün həqiqi mənasında çox bilir. Çünki kitablar hər şeyi incəliyinə qədər izah etməyə çalışır; tutaq ki, biz bir mühərriki görürük, baxırıq, amma onun necə işləməsini, iş prinsipini görməklə deyil, oxumaqla öyrənə bilirik. Oxumaq üçün də nə lazımdır? Elə bilirsiniz, kitab deyəcəm?
Başqa variantın yoxdur.
Necə? Başqa variantım yoxdur? Bu dəqiqə sizə başqa variantı deyim… Əslində, düz deyirsiniz, demək istədiyim elə kitabdır, lakin kitabı haradan almaq olar? Əlbəttə, kitab mağazasından. Bəs niyə kitabxana deyil, kitab mağazası? Çünki indi kitabxanalar yeni kitablarla təmin edilmir, şəraitləri pisdir, xüsusilə də rayonlarda. Bundan başqa çox adam da istəyir ki, oxuduğu kitablarla öz şəxsi kitabxanasını yaratsın, kitab özündə qalsın…
Onda kitab mağazasını haradan tapa bilərik? – Həə, bir gecə özümə verdiyim bu sual, doğrudan da, boğazımı qurutdu. Durub yarımnəfəsə nə az, nə çox, düz bir litr su içib, uzandım. İki dəqiqə sonra boğazım yenə qurudu, sual boğazımda ilişib qalmışdı, ha udqunurdum keçmirdi… Bu dəfə yenə xeyli su içib oturdum, nə qədər düşündüm ki, məsələn, yaşadığım Ağcabədi rayonunda hardasa kitab mağazası görmüşəmmi, görəsən? Olsaydı, mütləq mən ora baş çəkərdim, kitab alardım. Deməli, yoxdur? Bəlkə, var, unutmuşam? Dəqiqləşdirə bilmədim. Ona görə də gecə vaxtı durub həyətə düşdüm, fənər işığına axtarıb-axtarıb bir çobanyastığı tapdım. Sevincək qaçdım evə və başladım “Ağcabədidə kitab mağazası var, yoxdur” – “var”, “yoxdur” deyə-deyə ləçəklərini yolmağa. Çobanyastığının ləçəkləri azaldıqca həyəcan məni bürüyürdü, az qala, ürəyim yerindən çıxa… Sonuncu ləçəkdə özümü saxlaya bilməyib, gözlərimi yumdum. Və açdım: YOXDUR!
Gülmək məni tutdu. Axı mən belə nağıllara inanmıram, boş şeylərdir. Hətta bu inancı alt-üst etmək üçün səhər tezdən yollandım rayon mərkəzinə. Başladım axtarmağa, qarış-qarış axtardım, hər yerini, bütün küçələrini gəzdim, lakin heç bir kitab mağazası tapa bilmədim. Hə, deyim ki, mən bədii, elmi, fəlsəfi kitabları nəzərdə tuturam, dərslikləri yox. Bir günlük axtarışdan sonra, axşam saatlarında yorulmuş və əzilmiş halda səkidə oturub, söykəndim ağaca, suallar yağmağa başladı:
Nədən bu boyda rayonda bircə kitab mağazası yoxdur? Niyə təşkil edilmir? Oxucu yoxdurmu? Nə qədər olmasa, on beş-iyirmi nəfər tapılar axı?!.. Lakin belə az adamla da kim bu biznesə baş vurar? Məncə də, heç kim. Necə edək olsun bəs? Məgər biz istəmirik ki, insanlar çoxlu kitablar oxusunlar, məlumatlansınlar, bilgili olsunlar və beləliklə, nəhayət, arzuladığımız intellektual cəmiyyət yaransın?! İstəyirik. Ancaq bilmək olmaz, “istəyirik” sözündəki “y” hərfi, bəlkə də, “m” hərfidir, bədbəxt utandığındanmı, istidənmi əriyib, formasını dəyişib.
Elmi, bədii, mənəvi, mədəni terrormu?!.. Suss! İlahi, bu nə gülməli sözdür, ağzımdan çıxdı, görəsən, kimsə eşitmədi ki? Heç belə də terror olar?! Komik sözdür. Heç olmasa, özüm ürəyimdə doyunca gülüm… Nəysə.
Çıxış yolumuz nədir, bu iş necə qurulmalıdır? Biz – sıravi insanlar bacarmırıq, daha doğrusu, gündəlik həyat qayğıları, ehtiyaclar bu işə baş qoşmağa aman vermir, zaman vermir, qardaş.
Əgər kimsə utanmayıb, sual versə:
Necə olmalı?
Rayon və şəhərlərdə kitab mağazaları yaradılmalı, o mağazalara işçilər təyin edilməli və onlara dövlət yüksək məbləğdə maaş ayırmalıdır.
Onda bu iş uğurlu olar, daimi olar və zamanla kitab oxuyan insanların sayı da artar…
Ayy-ayy! Özümü elə aparıram, guya bunu məndən başqa kimsə bilmir… Bir məsələ görə bu qədər əziyyət çəkməyə dəyməzdi, meşələr haqqı!
Aaa! Gör bayaqdan ağlıma gəlirmi… Axı dolayısı ilə kitablar da ağaclardan hazırlanır, bunun üçün meşələr məhv olur. Ola bilsin, bu səbəbdən insanlar kitablardan… Bilirsiniz, pis vərdiş kimi uzaqlaşdırılır. Deyək ki, siqaret kimi.
Siqaret kimi ?
Bəli, hər ikisi ağ ciyərin düşmənidir… Beyini isə çox “yedirtmək” olmaz. “Başa çıxan” beyindən bizə xeyir gəlməz…