Vətən müharibəsi günlərində rayonumuzun dinc sakinləri də mənfur düşmən artilleriyasının hücumlarına məruz qalıb. Bunun nəticəsində şəhər mərkəzində qəsəbə və kəndlərimizdə ciddi dağıntılar qeydə alınıb. Əhaliyə ev, əmlak, mal-qara, məişət avadanlığı, təsərrüfat obyektləri sarıdan külli miqdarda ziyan dəyib.
Həmin vaxt rayonun Muğanlı kəndi də Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. Mülki evlər ciddi zədələnib, qeyri yaşayış obyektləri, binalar dağıntılarla üzləşib. Kənd ərazisində yerləşən Seyid İsmayıl Ağa məscidi də düşmən mərmisinə tuş gələrək, bir neçə yerdən zədələnib.
Sözügedən məscid tanınmış ziyalı, xeyirxah iş adamı Seyid Süleyman Ağayevin dəstəyi ilə 2009-cu ildə inşa edilib. Uzun illər kənd ağsaqqallarının, dindarlarının müqəddəs ibadət yeri hesab edilən məscid Vətən müharibəsi dövründə köçkün, yurd- yuvasından didərgin şəxslərin sığınacağına çevirilib.
Yeri gəlmişkən qeyd edək ki, Seyid Süleyman digər xeyir əməllərin də sahibidir. 2016-cı ildə Muğanlı şəhidlərinin xatirəsinə həsr olunmuş “Şəhidlər bulağı” kompleksi və kənd qəbiristanlığının abadlaşdırılması onun adıyla bağlıdır. O, Muğanlı Qəhrəmanlar Parkının tikintisinə də fəal köməklik göstərir.
Seyid Süleyman Ağayev respublikamızda nüfuzlu dini icma rəhbərlərindən sayılır. Seyid İsmayıl Ağa məscidi dini icmasının sədri kimi o, bir çox tədbirlərdə yaxından iştirak edib.
İcma rəhbəri 2016-2017-ci illərdə Dini Qurumlarla iş üzrə Dövlət Komistəsi tərəfindən ulu öndər Heydər Əliyevin doğum günü münasibəti ilə keçirilən müsabiqələrin qalibi olub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə ərazidə zədələnmiş digər binalarla bərabər kənd məscidi də təmir olunaraq bərpa edilib. Lakin Seyid onun mərmi hədəfinə çevirilməsi ilə barışa bilmir. Ev, məscid dağıtmağın, terror etməyin ermənilərin köhnə peşəsi olduğunu dilə gətirən bu xeyirxah insan kənd məscidinə hücumu barbarlığın, vəhşiliyin bariz nümunəsi adlandırıb.
Yəhya PAŞAZADƏ