Rayonumuzda 2008-ci ildən fəaliyyət göstərən “Yeni Abituriyent” hazırlıq kursu respublikamızın tanınmış təlim-tədris mərkəzlərindən hesab olunur. Sözügedən mərkəz bu gün Ağcabədi və digər ətraf rayonlardan olan ümumtəhsil məktəbləri şagirdlərinin qəbul imtahanlarına hazırlanmasında önəmli yer tutur. Hazırlıq kursunun rəhbəri Şöyüf Səfərovun dediklərinə görə, təlimləri ilk dəfə başa vuran məzunların 27 nəfəri respublikanın müxtəlif ali məktəblərinə qəbul olunub. Sonrakı illərdə bu estafet artan ardıcıllıqla davam etdirilib.
Təkcə ötən tədris ilində “Yeni Abituriyent” hazırlıq kursunda təhsil alan 226 nəfər şagirddən 216 nəfəri ali məktəblərə daxil olub. Pandemiya şəraitinin çətinliklərinə baxmayaraq, kursda builki nəticələr də uğurlu olub. Burada hazırlaşan 178 nəfərdən, 171 nəfəri qəbul imtahanlarında müvəffəqiyyətlə iştirak edərək, ölkəmizin nüfuzlu ali təhsil müəssisələrində oxumaq hüququ qazanıblar.
Diqqətəlayiq haldır ki, qəbul imtahanları zamanı abituriyentlərdən 14 nəfər 600-dən yuxarı, 50 nəfər 500-dən yuxarı, 81 nəfər isə 400-dən yuxarı bal toplamağa nail olub. Ş.Səfərov qeyd edib ki, məzunların qəbul imtahanlarında əldə etdikləri nəticələr, ilk öncə, hazırlıq kursunda yaradılmış hərtərəfli şərait və tədris işinin yüksək səviyyədə təşkil eilməsi sayəsində mümkün olub. Bu sahədə kursun pedaqoji heyəti üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. Şöyüb müəllim onlardan Camal Əliyev, Emin Mahmudzadə, Sadiq Əliyev, Hürzad Muradova, Gülnar Abbasova və başqalarının adlarını xüsusi olaraq qeyd edib.
Şöyüf Səfərov sonda əlavə olaraq bildirib ki, hər il olduğu kimi bu il qəbul imtahanlarında uğurla iştirak edərək tələbə adını qazanan abituriyentlərlə təlim-tədris mərkəzində görüş keçirilib. Görüş zamanı gənclərə yüksək tələbə adı münasibəti ilə təbrik ünvanlanıb, onlara ali təhsil illərində yeni-yeni nailiyyətlər arzu olunub.
Yəhya PAŞAZADƏ