Şəhid Dəyanət Əliyevin doğum günü qeyd olunub

Vətən torpağı əvəzsizdir. Bu torpaq o qədər müqəddəsdir ki, o əsl vətənpərvər ərənlərin sitayiş yeridir. Və yeri gələndə bu oğullar Vətən dediyimiz torpağa sonsuz məhəbbətlərini onun yolunda canlarını fəda etməklə sübuta yetirirlər. Şəhidlik zirvəsinin əlini ikiəlli sıxan bu Vətən sevgili, əbədiyaşar oğulların unudulmaz xatirəsi həmvətənlərinin qəlbində daima yaşayacaq, xatirələri böyük hörmətlə yad ediləcəkdir.

… İkinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olan, şəhid Əliyev Dəyanət Ələsgər oğlu rayonumuzun Hacıbədəlli kəndində doğulub, boya-başa çatmışdı. Vətən torpağının düşmən tapdağı altında olması onu heç zaman rahat buraxmırdı. Odur ki, böyüyəndə özünü, qüvvəsini, hərbi biliyini Vətənin keşiyində sayıq durmağa, onu qorumağa sərf etdi.

2009-cu ildən etibarən müddətdən artıq hərbi xidmətə başlayan Dəyanət orduda peşəkar və səriştəli bir tankçı kimi hamının hörmətini qazanmışdı. Komandirləri tərəfindən dəfələrlə Fəxri Fərman və müxtəlif mükafatlarla təltif olunan, “Silahlı Qüvvələrin 95 illiyi yubiley medalı”, “Milli Ordunun yaranmasının 100 illiyi”, “Vətən uğrunda”, 3-cü dərəcəli medalla və ölümündən sonra “İgidliyə görə”, “Qüsursuz xidmətə görə” “Füzulinin azad olunmasına görə” medalları ilə mükafatlandırılan qəhrəman vətən oğlu hələ 2016-cı ildə Aprel döyüşlərinin fəal iştirakçısı olaraq qorxmazlığı, igidliyi və hərbi peşəkarlığı ilə çoxlarından fərqlənirdi. O, Füzuli uğrunda gedən gərgin döyüşlərdə, 2020-ci ilin 2 oktyabrından ağır yaralanıb, elə həmin ayın 24-də şəhid olub. Ağcabədi Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Sentyabrın 18-də Dəyanətin doğum günü idi. İlk dəfə idi ki, bu qeyrətli oğulun doğum günü onsuz qeyd olunurdu. Mərasimdə şəhidin yaxınları, kənd sakinləri, rayon icra hakimiyyətinin və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Ağcabədi rayon şöbəsinin məsul işçiləri, eləcə də media nümayəndələri iştirak etmişlər. Tədbirdə iştitak edənlər şəhid Dəyanət Əliyevin xatirəsini yad etmiş və onun haqqında fikirlərini bölüşmüşlər.

Sonda şəhidin ailəsinə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Ağcabədi rayon şöbəsi adından məişət avadanlığı təqdim olunub.

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər