18 sentyabr Azərbaycan professional musiqi sənətinin banisi, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq, ictimai xadim Üzeyir Hacıbəylinin doğum günü, Milli Musiqi Günü kimi qeyd edilir. Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə 1995-ci ildən hər il ölkəmizdə həmin tarixi gün böyük təntənə ilə bayram edilir.
Bütün mənalı ömrünü Azərbaycan mədəniyyətinə, musiqi sənətinə həsr edən dahi sənətkar zəngin və məhsuldar yaradıcılıq yolu keçib. O, 300-dən çox xalq musiqisini nota köçürüb, müxtəlif üslubda klassik əsərlərin müəllifi kimi tanınıb. Təsadüfi deyildir ki, Ü.Hacıbəylinin əsərləri dünya musiqi sənətinin nadir incilərindən sayılır.
Üzeyir Hacıbəyli Azərbaycan mədəniyyəti tarixinə opera sənətinin banisi kimi də daxil olub. Bəstəkarın 1908-ci ildə tamaşaya qoyulmuş “Leyli və Məcnun” operası, “Əsli və Kərəm”, “O olmasın, bu olsun”, “Arşın mal alan” kimi əsərləri ona dünya şöhrəti qazandırıb. Böyük sənətkar Azərbaycan operasının şah əsəri olan “Koroğlu”nu yaratmaqla yeni bir yaradıcılıq nailiyyətinə imza atıb.
Ü. Hacıbəyli respublikamızda musiqi sənətinin tədrisində, gənc musiqi kadrlarının yetişdirilməsində, xalq musiqisinin öyrənilərək inkişaf etdirilməsində, müasir musiqi formasının yayılmasında, musiqi kollektivlərinin yaradılmasında əvəzsiz xidmətlər göstərib.
O, eyni zamanda qüdrətli bir ədib kimi də şöhrət tapıb. Görkəmli söz ustası dərin məzmunlu satirik felyetonları, publisistik əsərləri, operettaları ilə yeni bir ədəbi məktəbin əsasını qoyub.
Bəstəkarın elmi-nəzəri məqalələri, “Azərbaycan xalq musiqisinin əsasları” monoqrafiyası milli musiqi elminin inkişafında müstəsna əhəmiyyət kəsb edib.
Üzeyir bəy yüksək təşkilatçılıq qabiliyyətinə malik insan kimi də seçilib. O, Musiqi Texnikumuna, Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutuna, Dövlət Konservatoriyasına, Bəstəkarlar İttifaqına rəhbərlik edib. İlk xalq çalğı alətləri orkestrı, Azərbaycan Dövlət Xorunun yaranması məhz onun adı ilə bağlıdır.
Bu il Üzeyir bəy Hacıbəylinin anadan olmasının 136-cı ili tamam olur. Xalqımız öz böyük oğlunu unutmur, onun xatirəsini dərin məhəbbət və ehtiram hissi ilə yad edir. Dahi bəstəkara həsr olunmuş “Üzeyir ömrü”, “Üzeyir Hacıbəyov”, “Əbədi iftixarımız” adlı filmlər, doğum günü münaibəti ilə Milli Musiqi Gününün bayram edilməsi, Üzeyir Hacıbəyli Beynəlxalq festivalları bu böyük xalq məhəbbətinin parlaq təzahürüdür. Qürurverici haldır ki, bu gün Bakı Musiqi Akademiyası, Azərbaycan Bəstəkarlar İttifaqının möhtəşəm Dövlət Simfonik Orkestrı, Bakı şəhərində mərkəzi küçələrdən biri onun adını daşıyır. Görkəmli sənətkarın paytaxtda memorial ev muzeyi fəaliyyət göstərir. Bakı Musiqi Akademiyasının qarşısında onun əzəmətli abidəsi ucalır.
Bəstəkarın doğma vətəni Ağcabədidə də xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Rayon mərkəzindəki abad küçələrdən birinə, Ağcabədi Şəhər Uşaq İncəsənət Məktəbinə, 7 saylı şəhər tam orta məktəbinə, Qarabağ Muğam Mərkəzinə onun adı verilib. Ağcabədi Şəhər Uşaq İncəsənət Məktəbinin önündə bəstəkarın heykəli, Qarabağ Muğam Mərkəzinin həyətində isə büstü qoyulub, əsərlərindəki obrazları əks etdirən fraqmentlərdən ibarət kompozisiya tərtib olunub.
Hər il respublika mədəniyyət və turizm nazirliyinin qərarı ilə Muğam Mərkəzində Üzeyir Hacıbəyli günləri, Milli Musiqi Gününə həsr olunmuş tədbirlər, həmçinin Üzeyir Hacıbəyli Beynəlxalq festivalı çərçivəsində müsabiqələr keçirilməsi xüsusi önəm daşıyıb.
Doğrudur, son vaxtlar rayonumuzda koronavirus pandemiyası ilə əlaqədar belə tədbirlərin keçirilməsində müəyyən məhdudiyyətlər yaranıb. Lakin karantin rejiminin qaydalarının pozulmaması şərti ilə bölgədə Üzeyir bəy Hacıbəylinin doğum günü və Milli Musiqi Günü münasibəti ilə silsilə tədbirlər davam etdirilir.
Yəhya PAŞAZADƏ