Vətən müharibəsi qazisi: Canını tapşırarkən əli əlimdə idi…

Hərbçi yoldaşlarından biri ilə başqa iş üçün gəlmişdi redaksiyaya. Söz arası, incikliyini bildirməyi də unutmadı:

-Niyə qazilərdən, döyüşçülərdən yazmırsınız? Axı, biz də istəyirik ki…

-Qardaşım, kim deyir ki yazmırıq?

-Bəs mənimlə niyə maraqlanmırsınız?

– Yazılarımız davamlı olur. Növbə sizə də çatacaqdı. Amma madam ki, özünüz gəlmisiniz, bəlkə, elə buradaca söhbət edək?

– Olsun, nə deyirəm ki?

Beləcə, bu ərköyün qazimizlə söhbətə başlayırıq. Bu dəfə sualları mən verirəm, o cavablandırır.

– Adətən, müsahiblərimi oxuculara öz dilindən təqdim edirəm. Odur ki, istərdim, ilk olaraq, özünüz haqda qısa məlumat verəsiniz.

– Baxışov Zülfi Amil oğlu. 1977-ci ildə Hüsülü kəndində anadan olmuşam. Orta məktəbi də həmin kənddə başa vurmuşam. Sonra Naxçıvan-Şərur 1 nömrəli orta ixtisas kollecini bitirmişəm. 1995-98-ci illərdə Tovuz rayonunun Qaralar kəndində hərbi xidmətdə olmuşam. 2016-cı ildən isə MAHHXE kimi xidmətə başlamışam…

– Vətən müharibəsindən danışaq.Nə vaxt qatıldınız döyüşlərə?

– Elə ilk gündən. Sentyabrın 27-dən…

– O günlərdən qalan təəssüratlarınızı bölüşə bilərsinizmi?

– O qədər məqamlar var… Hansından danışasan? Ümumiyyətlə demək istədiyim bir şey var ki, bizim qələbəmizin kökündə birliyimiz, bir də inam dayanırdı. Bölüyümüz döyüş zamanı elə şücaət göstərirdi ki, özümüzlə qürur duyurduq. İnsanların ordumuza göstərdiyi diqqət isə… Belə bir misal var ey, deyir vur, deyənlə vuran yarıdır. Bax xalqımızın bizə dəstəyi, birliyi bu inamı, bu gücü birə beş artırırdı…

– Oğullarımız can qurban etdilər bu yolda. Siz də sağlamlığınızı itirdiniz. Nə hiss etdiniz o anda?

– 3 oktyabrda Füzuli rayonunun Qaraxanbəyli kəndində Şumluq deyilən ərazidə yaralandım. Bud, baldır, qarın nahiyələrimdən yaralar aldım. Hazırda bədənimdə 3 güllə var. Hələlik müalicə alıram, amma sol ayağım amputasiya olunacaq yaxınlarda.

Nə hiss etməyimə gəldikdə, demək yaralanandan sonra 6 saatdan çox 2 əsgərlə neytral zonada qaldıq. Bizi həmin yerdən çıxarmağa gələn gizir Kənan Səlimzadə qışqırdı ki, gəlirəm. Bu vaxt o, sağ gözündən snayperlə vuruldu, şəhid oldu. ..

Bölük komandiri İlqar Nəsibov və Fuad Məmmədov bizi ərazidən çıxartdılar.

Xərəkdə yaralı əsgər Altun Məmmədovla məni yanaşı apararkən deyirdim ki,mənə yox, əsgərə kömək edin. Amma onu xilas etmək mümkün olmadı. Şəhid oldu. Canını tapşırarkən əli əlimdə idi… Əlbəttə, bunlar çox çətin oldu mənim üçün. Çox ağır anlar idi. Ancaq təsəllimiz budur ki, qələbə çaldıq.

– Hazırda nə işlə məşğulsunuz? Övladlarınız ailəyə köməklik edə bilirlərmi?

– Özüm hazırda işsizəm. Oğlum 40 saylı Yol İstismar MMC – də texniki işçidir. Qızım isə Ağcabədi Pedaqoji Kollecini bitirib. Amma işləmir. Çox istərdim ki,bir işlə təmin olunsun.Tək oğlumun işləməyi ilə, açığı bir az çətindir. Yəni şikayət kimi qəbul etməyin. Dövlətimizdən çox razıyam. Mən yaralananda əvvəl Füzuli hospitalına,sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalına aparılmışdım. Hələ orada müalicə alarkən rayonumuzun rəhbəri dəfələrlə bizim evə yardımlar göndərib. Evimizə qayıdanda da məni ziyarət etdi. Həmişə qayğı ilə yanaşıb. Bir dəfə yolda, icra hakimiyyətinin yaxınlığında maşın gözləyirdim. O, məni görən kimi öz maşınını saxlatdı, mənimlə görüşdü, hal-əhvalımı soruşdu. Əlbəttə bu dəyər bizim üçün çox vacibdir… Çox şükür ki, torpaqlarımızın azad olunmasında mən də iştirak etmişəm. Bu mərtəbəyə yüksəlmişəm.

– Fəxrimizsiniz.Sizin kimi oğulların hesabına bu xoşbəxtliyi yaşaya bildik.Başqa nə demək istərdiniz?

– Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhid analarının qarşısında baş əyirəm. Azərbaycan xalqı qalibdir, həmişə də qalib olacaq!

Söhbətləşdi: Məhsəti MUSA

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər