Ağcabədi rayonu ictimaiyyətinə ağır itki üz verib. Qocaman pedaqoq, tanınmış ziyalı, Lenin ordenli müəllim Hürzad Cəmşidova 88 yaşında dünyasını dəyişib.
Hürzad Allahverdi qızı Cəmşidova 1933-cü ildə Ağcabədidə anadan olub. O, 1949-cu ildə Xəlfərəddin kənd orta məktəbini bitirdikdən sonra Ağdam Müəllimlər İnstitutunun riyaziyyat fakültəsinə daxil olub.
1953-cü ildə həmin institutu bitirən gənc pedaqoq Ağcabədi şəhər 7 illik məktəbinə riyaziyyat müəllimi təyin olunub. Bacarıqlı müəllim 1961-ci ildə yeni istifadəyə verilmiş şəhər 1 saylı tam orta məktəbinə göndərilib. O, uzun illər burada müəllim, direktor müavini və direktor kimi səmərəli fəaliyyət göstərib.
Hürzad müəllim təhsilini artırmaq məqsədi ilə 1955-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə qəbul olunub. O, 1960-cı ildə qiyabi yolla ali təhsilini başa vurub.
Hürzad Cəmşidova pedaqoji fəaliyyəti dövründə məktəb partiya təşkilatı katibi vəzifəsində çalışıb, müxtəlif dövrlərdə kənd və rayon sovetinin deputatı olub, Azərbaycan müəllimlərinin V qurultayına nümayəndə seçilib.
Bölgənin ictimai həyatında fəal iştirak edən tanınmış ziyalı əhali arasında böyük hörmət və nüfuz qazanıb. O, yüksək peşəkarlığı və insani keyfiyyətləri sayəsində çalışdığı pedaqoji kollektivin, məktəblilərin, eləcə də rayon müəllimlərinin sevimlisinə çevrilib.
Təcrübəli müəllim bölgədə pedaqoji kadrların yetişdirilməsində xüsusi əmək sərf edib. Onun yetirmələri respublikanın müxtəlif yerlərində yüksək vəzifələrdə çalışmaqla, müəllimlərinin adını layiqincə doğruldublar.
H.Cəmşidovanın əməyi dövlət tərəfindən həmişə yüksək qiymətləndirilib. O, “Lenin”, “Qırmızı Əmək Bayrağı” ordenləri, “Əmək igidliyinə görə” medalı və digər fəxri mükafatlara layiq görülüb.
Rayonda nüfuzlu nəsil şəcərəsinə mənsub olan Hürzad müəllim görkəmli Azərbaycan alimi, akademik Şamil Cəmşidovun bacısı idi. O, bölgədə nüfuzlu ailə başçısı kimi də yaxşı tanınırdı.
Gözəl insan, dəyərli ziyalı, tanınmış pedaqoq Hürzad Cəmşidovanın əziz xatirəsi onu sevənlərin qəlbində əbədi yaşayacaq, dərin hörmət və ehtiramla yad olunacaqdır.
Allah rəhmət eləsin!
Y. PAŞAZADƏ