“Vətən analar” rublikası – Şəhidlər ölməz

                                                                 

Övladları haqqında soruşanda biri həvəslə danışar,bütün xatirələrini dilə gətirər, biri sadəcə susar,danışmaq istəməz, gözlərindən oxunar demək istədikləri. Biri özünü şux tutub dərdini ürəyinə axıdar, biri bunu gizləməz,hönkürüb ağlayar.Biri təsəlli tapar, “balam şəhidlik zirvəsinə ucalıb” deyər, biri gözlərini qapıya dikib möcüzə gözləyər… Fərqli xasiyyətlərə,fərqli baxışlara malik insanlardır hər biri. Amma həmin qadınları  birləşdirən bir məqam var. Şəhid anasıdır onlar. Şəhid anası! Kədərləri eyni ağırlıqda, göz yaşları eyni boyda, xatirələri eyni rəngdə, təsəlliləri eyni böyüklükdə…

Doğulub böyüdüyümüz  yurd-yuvaya Ana Vətən deyirik. Şəhid anaları isə Vətən Anadır. Vətən torpağına qarışan,vətənə dönən oğulların anaları… Vətən anaları… Və o vətəni ürəyində gəzdirər,vətənə vətən olar sinələri…Odur ki, bu analar elə özləri də vətəndirlər….

O qədər çətin ki onları danışdırmaq, dilə gətirmək… Haradan başlayasan,necə sual verəsən ki,yarasını qoparmayasan,qanatmayasan?

Amma danışmağa başlayınca hiss edirsən ki,əslində sözləri lap çoxdur.Bəziləri bəlkə də günlərlə danışsa yorulmaz. Övladlarını xatırlamaqla sanki onun nəfəsini, qoxusunu hiss edirlər, bundan rahatlıq tapırlar…

Görüşlərimiz zamanı götürdüyüm qeydlərə göz gəzdirirəm. O söhbətlərin hər biri haqqında ayrıca yazmalı olduğumu anlayıram. Və bu yazıları “Vətən Ana” başlığı altında təqdim etmək, şəhidlərimizin anası, yaxud ana əvəzi olan bacıları ilə görüşlərimizin təəssüratlarını oxucularımızla da bölüşmək istəyirik…

                           Bu dəfə hədiyyəsi tamam başqa oldu…

Rəhimli Ömər Rəşad oğlunun ailəsindəyik.Çöhrəsindən uşaqlığın məsumluğu çəkilməmiş bir oğlan boylanır şəkillərdən. Anasına diqqət yetirirəm.Ömərlə elə bacı-qardaş kimi görünür. Övlad itkisi boyda ağırlığı necə qaldırır bu gənc qadın? Söhbətimizin əvvəlində sərbəstdir. Qonaqların yanında ağlamamağa, onların qanını qaraltmamağa çalışdığı hiss olunur:

– Bir oğlum da var. O,sakit təbiətlidir.Ömər isə hay-küylü idi.Çöl qapı açılanda artıq bilirdik ki,gələn odur.Həyat dolu,nikbin idi balam.Həmişə deyib- gülərdi. İdmanla məşğul olurdu. Bir də ritm oynamağı çox sevirdi. Əsgərlikdə ritm oynadığı vaxt çəkilən videogörüntüləri də var… Hədsiz diqqətli idi.Həmişə bayramlarda hədiyyəmizi alardı.

Noyabrın 9-da yaralanmışdı. Şuşadan Hadruta, sonra Füzuliyə aparılıb. Füzulidə gözünü açan kimi deyib ki, qanım 1-ci qrupdur. Bax düzgün qan vurun. Bir gecə hərbi hospitalda  qaldıqdan sonra Bakıya, “Papanin  hospitalı”na (Silahlı Qüvvələrin Baş Klinik Hospitalı) götürülüb.Orada olarkən telefonda elə danışırdı ki, sanki ona heç nə olmamışdı. Ağır yaralansa da, dözümlü balam ağrılarını hiss etdirməməyə çalışırmış…

Sonra həkimlər əməliyyat etməyə qərar veriblər. Amma əməliyyatdan ayılmadı… Noyabrın 22-də şəhid oldu. Atası ilə toyumuzun düz 20 illiyində… Özəl günlərimizi heç vaxt unutmayan Ömərin hədiyyəsi bu dəfə tamam başqa oldu…

                           Səhifəmi açıq saxla. Çoxlu videolarım olacaq

Onun İnsaqram səhifəsini hazırda mən işlədirəm. Səhifənin adı  Hindarx_001 idi. Adını dəyişmədim.Elə o adla işlədirəm.Zəng vurub danışanda deyirdi ki, səhifəmi açıq saxlayın,bağlamayın.Çoxlu videolarımız olacaq… İndi həmin səhifədə Ömərə aid şəkillər,videolar paylaşıram… Bununla təsəlli tapıram…

                             Dodaqlarının rəngi heç solmamışdı…

Artıq getmək vaxtıdır.Anadan xahiş edirəm ki, Ömər üçün ayrılmış guşə ilə bizi tanış etsin.Getdiyimiz əksər şəhid evlərindəki kimi burada da ayrıca, xüsusi hazırlanmış bir otaq var. Şəhidin geyimləri, əşyaları, şəkillərinin sərgiləndiyi muzeyə bənzər bir otaq. Həsrət dolu baxışlarla övladının şəklinə baxan ananın üzündə kədər qarışıq bir işıq hiss olunur:

-Ömərin dodaqları uşaqlıqdan tünd, “marqans” rəngli idi. Şəhid olandan sonra üzünü açıb baxdım. Dodaqlarının rəngi heç solmamışdı ki… Elə bil, heç nə olmamışdı balama…

Bunu deyincə üzümüzə baxır. Əslində nə  eşitmək istədiyini hiss edirəm.Və mən o sözləri deyirəm:

-Axı şəhidlər ölmür… Onlar həmişə yaşayırlar…

Otağa yayılan ümid, kədər, həsrət dolu hönkürtü səsinə dözməyib gül qoxulu ananın boynuna sarılıram. Gözüm yenidən Ömərin şəklinə sataşır. Mənə elə gəlir ki, o bizi görür,eşidir. Bir daha özümü toparlayıb şəhid anasının qulağına pıçıldayıram:

-Şəhidlər ölmür!

Məhsəti Musa

Şərhlər