Azərbaycan-Türkiyə qardaşlığının parlaq nümunəsi

         15 sentyabr xalqımızın tarixində önəmli günlərdən hesab olunur. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə Bakı şəhəri Stepan Şaumyanın başçısı olduğu xalq komissarları soveti bolşevik-erməni silahlı qüvvələrinin işğalı altında idi. Ona görə də milli hökumət müvəqqəti olaraq, Gəncədə yerləşmək məcburiyyətində qalır.

Xalq Cümhuriyyəti rəhbərliyinin başlıca vəzifəsi Bakını işğaldan azad etmək olsa da, bolşevik-erməni birləşmələrinin 18 minlik ordusuna qarşı hərbi əməliyyat aparmaq mümkün olmayıb. Cümhuriyyətin yaranması ərəfəsində Azərbaycan təmsilçiləri İstanbula gedərək, Türkiyədən köməklik istəyirlər. Qardaş ölkənin o vaxtkı hərbi naziri Ənvər Paşa qardaşı Nuru Paşaya başçılıq etdiyi ordu ilə Gəncəyə doğru hərəkət etmək əmri verir. İyunun 4-də hər iki ölkə arasında bağlanmış müqaviləyə görə Osmanlı hökuməti Azərbaycana hərbi yardım göstərməyi öhdəsinə götürür. Lakin bolşevik-erməni ordusu milli hökumətin fəaliyyətinə birdəfəlik son qoymaq üçün Gəncəyə hücum edir. Bununla əlaqədar olaraq, ölkədə hərbi vəziyyət elan olunur. Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Göyçay ətrafında döyüşlərə girərək, müharibənin taleyini həll edir. Daşnak-bolşevik birləşmələri darmadağın edilir və geri çəkilir. Nəticədə Qafqaz İslam Ordusu paytaxt Bakını xilas etmək üçün hərəkətə keçir. Sentyabrın 14-nə keçən gecə qarşıya qoyulan vəzifə uğurla həyata keçirilir. Elə həmin gün burada yerləşən bir çox silahlı qüvvələr qaçmaq məcburiyyəti ilə üzləşir. Sentrokaspi Diktaturası məğlub edilir. Türkiyə-Azərbaycan qüvvələrinin birgə əməliyyatı ilə Bakı birdəfəlik azad olunur.

Sentyabrın 16-da Bakıda qələbə paradı keçirilir.

Tarix təkrar olunur. Ermənistan silahlı qüvvələri ilə torpaqlarımızın azad edilməsi uğrunda gedən 44 günlük müharibədə də qardaş Türkiyə Azərbaycanın yanında olub, öz dostluğunu, həmrəyliyini nümayiş etdirdi. Bu sahədə hər iki dövlət arasında Şuşa Bəyannaməsinin imzalanması önəmli əhəmiyyət kəsb edib.

Beləliklə, 15 sentyabr 1918-ci il Bakının azad olunduğu tarixdən 103 il sonra Azərbaycan və Türkiyə Qafqazda eyni qüvvələrə qarşı bu dəfə daha güclü və qüdrətli şəkildə birləşib. 103 il bundan öncə Bakının xilası uğrunda qazanılan möhtəşəm qələbə bu gün hər iki qardaş ölkədə bayram edilib. Tarixi qələbənin ildönümü münasibəti ilə Bakı, Naxçıvan, Gəncə, Sumqayıt və Şuşa şəhərində hərbçilərin yürüşü keçirilib. Bayram tədbirləri Azərbaycan-Türkiyə qardaşlığının təntənəsinə çevrilib.

Yəhya PAŞAZADƏ

Şərhlər