Bağırov Məhəmməd Ramil oğlu 1 oktyabr 2004-cü ildə Taynaq kəndində anadan olub. 2010-cu ildə Rabil Quliyev adına Taynaq kənd tam orta məktəbinin birinci sinifinə daxil olan Məhəmməd 2021-ci ildə sözügedən məktəbi uğurla başa vurub. O, dərslərini həmişə yüksək qiymətlərlə oxuyub, bütün fənnlərə böyük məsuliyyətlə yanaşıb. Məhəmməd fədakarlığı və fəallığı ilə həmyaşıdlarından seçilib. O, I ixtisas qrupu üzrə qəbul imtahanlarına ciddi hazırlaşıb, biliklərə dərindən yiyələnib. İstedadlı şagirdin elmə, biliyə olan hədsiz həvəsi özünü bu yaxınlarda bir daha təsdiqləyib. Belə ki, o, ali məktəblərə qəbul imtahanlarında 652 bal toplayaraq, Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olub. Bu yaxınlarda Məhəmmədlə evlərində görüşüb, xeyli söhbət etdik. İbtidai sinif müəllimi İradə Hacıyeva, riyaziyyat müəllimi Hafiz Hacıyev və məktəblərində ingilis dilini tədris edən Lalə Əhmədova haqqında xoş sözlər söyləyən M.Bağırov bildirdi ki, həmişə bu təcrübəli müəllimlərin əməklərini itirməyəcək, onları həmişə xatırlayacaq. Oxuduqlarını, bildiklərini vətənimizin işıqlı gələcəyinə, tərəqqisinə həsr edəcəyini söyləyən tələbə gənc vurğuladı ki, yüksək balla universitetə qəbul olunmasında valideynlərinin də böyük əməyi olub. Onu da əlavə etdi ki, İbrahim Əliyev adına Poladlı kənd tam orta məktəbində uzun illər riyaziyyat müəllimi işləyən atası Ramilin də ona riyaziyyatın dərinliklərinə yaxından bələd olmaqda böyük köməyi olub: “Atam bir valideyn və eyni zamanda riyaziyyat müəllimi kimi həmişə mənə bilmədiklərimi öyrədib. Dözümlü, səbrli olub. Boş vaxtının çoxunu atam mənə həsr edib, riyaziyyat sahəsində qazandığım uğurların təməlini qoyub. Onun mənə sərf etdiyi zaman və verdiyi biliyin müqabilində mən bu gün yüksək bal toplaya bildim. Çalışacağam ki, gələcək həyatımda da həmişə mənə dəstək olan valideynlərimin adına layiq övlad olum, onlar da mənim xoş sədamı eşidib sevinsinlər.”
Məhəmmədin atası Ramil müəllimlə də görüşüb, söhbət etdik. Ədəbiyyat həvəskarı olan, mənalı şeirlər müəllifi kimi tanıdığımız Ramil müəllim söhbətimiz zamanı belə danışdı: ”Məhəmməd hələ kiçik yaşlarından riyaziyyata böyük maraq göstərirdi. Bu fənni oxumaqdan doymurdu. Dərsliklərlə kifayətlənmir, həmişə əlavə materiallar oxuyur, öz üzərində, biliklərini daha da artırmağa çalışırdı. Məhəmməd olimpiadalarda yaxından iştirak edər, bir qayda olaraq qalib çıxardı. Amma bütün bunlara baxmayaraq onun riyaziyyat sahəsini seçməsi, mənim yolumu davam etdirməsi məndən ötrü xoş sürpriz oldu. Sağ olsun. Mən bundan sonra da bir valideyn kimi onun gələcək arzularının həyata keçməsində dəstək olacaq, əlimdən gələni əsirgəməyəcəyəm. Valideynlik borcumu ona yaxından ödəməyə çalışacağam. İnanıram ki, Məhəmməd də öz növbəsində universitetdə dərslərini yaxşı oxuyacaq, yeni uğurları ilə bizləri bir daha sevindirəcəkdir.”
Bəli, sözsüz təvazökar və eyni zamanda özünə qarşı tələbkar, məsuliyyətli olan səmimi insan Məhəmməd Bağırov gələcəkdə də onu tanıyanları, yaxınlarını öz növbəti uğurları ilə sevindirəcəkdir. Və vətənpərvər bir mütəxəssis kimi yetişəcəkdir. Bu yolda biz də ona uğurlar arzulayır, gələcəkdə daha böyük nailiyyətlər əldə edəcəyinə inanırıq. Yolun açıq və aydın olsun, Məhəmməd!
Adil MİSİRLİ