Respublikamızın bütün bölgələrində peyvəndlənmə kampaniyası uğurla davam etdirilir. Rayonumuzda da vaksinasiya tədbirlərinə vacib bir amil kimi həssaslıqla yanaşılır. Xəstəliyin yayılmasının qarşısını almaq üçün sakinlər müntəzəm şəkildə peyvənd olunurlar.
Verilən son məlumata görə rayon sakinlərindən 116 min 492 nəfər peyvənd olunmuşdur. I doza üzrə 65 min 609, II doza isə 50 min 883 nəfərə vaksin vurulub. Yaş mərhələsinə uyğun olaraq, peyvənd olunanların 10 min 749 nəfəri 65 yaşdan yuxarı, 33 min 765 nəfəri 50-64, 20 min 712 nəfəri 40-49, 25 min 959 nəfəri 30-39 yaş arası, 25 min 307 nəfəri isə 30 yaşdan aşağı şəxslərdir.
Rayonun Sarıcalı kəndində də “COVİD-19” əleyhinə peyvənd aparılır. Burada fəaliyyət göstərən şəhid Həmid Şirinov adına Ailə və Sağlamlıq Mərkəzində koronavirus pandemiyası əleyhinə vaksinasiya tədbirləri həyata keçirilir. Mərkəzin rəhbəri Lüdmila Vəliyevanın dediklərinə görə, kampaniyanın operativ təşkil olunması məqsədi ilə Sarıcalı, Taynaq və Poladlı kəndlərinin sakinlərinin peyvənd olunması üçün sözügedən Mərkəzdə lazımı şərait yaradılıb, xüsusi tibbi heyət ayrılıb. L.Vəliyeva indiyədək vaksinasiyadan 1-ci doza üzrə 187, 2-ci doza üzrə isə 322 nəfərin keçdiyini bildirib. Mərkəz rəhbəri əlavə olaraq qeyd edib ki, yaşlı kənd sakinləri, hərəkət məhdudiyyəti olan şəxslər isə ev şəraitində peyvənd edilirlər.
Rayonda vaksinasiya kampaniyası davam edir.
“Aran”