Ağcabədi rayon MKS-nin Mərkəzi kitabxanasında 27 Sentyabr – Anım günü münasibəti ilə “30 ildən 44 günə Qəhrəmanlıq Salnaməsi” başlığı altında geniş tədbir təşkil olunub.
Tədbirdə“Milli Qəhrəmanlarımız”, “Ağcabədi şəhidləri”, “Qarabağ Azərbaycandır!”, “Şəhid Vətən deməkdir”, “Hər şey Vətən üçün”, “Tarix Qəhrəmanlığı unutmur”, “Vətənin Şəhid oğulları”, “İşğaldan azad olunmuş rayonlarımız haqqında”, “2016-cı il Aprel şəhidləri”, “2020-ci il İyul şəhidləri”, “Torpaq su ilə qarışanda palçıq, qanla qarışanda vətən olur” başlıqlı foto-stendlər nümayiş olundu. Eyni zamanda “Qarabağ tarixi yurdumuzdur!” başlıqlı kitab sərgiləri və “Uşaq oxucuların müharibə mövzusunda əl işləri” başlığı altında rəsm sərgisi nümayiş etdirilib.
Öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Ağcabədi rayon MKS-nin direktoru Məhəbbət Əliyeva, direktor müavini Təranə Məmmədova, Mərkəzi kitabxananın Oxuculara xidmət şöbəsinin Oxu zal müdiri Nigar Allahverdiyeva, 1 saylı Hindarx qəsəbə kitabxana filialının müdiri Vəsilə Məmmədova, Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağcabədi rayon üzrə nümayəndəsi Ədil Həsənov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, yazıçı Şirxan Hüseynov, “Aran” qəzetinin redaktoru Məhsəti Musa çıxış ediblər. Qeyd olunub ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq Ordumuz işğal altında olan torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.Haqq və şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə göstərərək, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdi, işğal altında olan torpaqlarımız azad oldu. Bu gün qürurla deyirik ki, “Qarabağ Azərbaycandır!”.
Sonda tədbir iştirakçıları sərgiyə baxış keçiriblər.