Azərbaycan Ordusunun Qələbəsi labüd idi

            Sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibə verib. Müsahibə zamanı sualları cavablandıran dövlətimizin başçısı qeyd edib ki, müharibənin 44 gün ərzində Azərbaycan Ordusu dayanmadan ancaq irəlilədi. Vətən müharibəsinin ilk anından hadisələr çox sürətlə inkişaf edirdi. Hərbi əməliyyatların birinci gününün sonunda Azərbaycan Ordusu Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəklikləri, həmçinin 6 kəndi – Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kəndi azad etdi. Ordumuz ilk gündə düşmənin müdafiə xəttini yarmağa nail oldu və bundan sonra bütün 44 gün ərzində yalnız irəli getdi.

Ölkəmizmüharibəyə hər zaman hazır olub, bizi dayandıran amil məsuliyyətli olmağımız, beynəlxalq hüquq və təşkilatlara olan inamımız idi. Dondurulmuş münaqişə vəziyyətində olsa da, müharibə şəraitindəki ölkədə həyatın bütün halları üçün döyüş əməliyyatlarının aparılması planı çoxdan işlənib hazırlanırdı. Əlbəttə, yeni reallıqlar, Azərbaycanın yeni imkanları, o cümlədən texnoloji imkanları nəzərə alınmaqla bu plana vaxtaşırı dəyişikliklər edilirdi. Müharibə dövründə bizim davranışımızın əsası, təbii ki, keçən il döyüş əməliyyatları başlanandan xeyli əvvəl işlənib hazırlanmışdı, lakin hərbi əməliyyatların gedişində biz buna dəyişikliklər edirdik.

Qəbul olunan çevik qərarlar və peşəkar komandanlıq sayəsində Azərbaycan Ordusunun zərbə və hücumları Ermənistan tərəfi üçün əksər hallarda gözlənilməz idi. Döyüş əməliyyatları planına demək olar ki, hər gün düzəlişlər edilirdi. Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi ilə birgə hər gün müşavirələr keçirilirdi. Müşavirələrdə ötən günə yekun vurur, nöqsanları aşkar edir, növbəti gün üçün əməliyyatları planlaşdırır və təsdiq edirdik. Buna görə də çox fəal gündəlik iş gedirdi və bir sıra hallarda bizim fəaliyyətimiz, bizim əməliyyatlarımız düşmən üçün çox gözlənilməz olurdu.

 Prezident xüsusi olaraq vurğulayıb ki, İkinci Qarabağ müharibəsinə qədər pilotsuz uçuş aparatlarından bu miqyasda və bu cür səmərəli şəkildə istifadə edilməyib. Azərbaycan pilotsuz uçuş aparatları almağa 10 il bundan əvvəl başlamışdır. Bunlar İsrail istehsalı olan qırğın vasitələri idi. Biz onları mənimsədik və 2016-cı ilin aprelində qısamüddətli döyüş əməliyyatları zamanı tətbiq etdik. Daha sonra Azərbaycan İsraildə istehsal edilmiş “Sky Striker” adlı pilotsuz vasitələri almağa başlamışdır. Azərbaycan həm kəşfiyyat, həm də döyüş təyinatlı “Orbiter” PUA-ları da almışdır. Türkiyə PUA-lar istehsalına başlayan kimi biz “Bayraktar TB2”lərin ilk xarici alıcısı olduq. Döyüş əməliyyatları zamanı “Bayraktar”ların bir neçəsi daim havada olurdu. “Bayraktar TB2”lər həm də kəşfiyyat xarakteri daşıyır və buna görə onların təsirini bizim artilleriya atəş sistemləri, aviasiya sistemləri ilə əlaqələndirmək vacib idi.

Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələri işğal altında olan ərazilərin azad edilməsi üzrə ən mühüm əməliyyatların, ilk növbədə, Şuşa əməliyyatının və bir sıra başqa əməliyyatların keçirilməsində həlledici rol oynayıblar.

Azərbaycan dəfələrlə elan etmişdir ki, Ermənistanın baş naziri işğal altında olan ərazilərdən çıxacağı tarixi deyən kimi biz müharibəni dayandırmağa hazırıq. Azərbaycanın bu mövqeyi haqqında bütün dövlətlər, o cümlədən Rusiya, məlumatlı idi. Azərbaycanın bu təklifinə reaksiya yalnız Şuşa şəhəri azad ediləndən sonra oldu. Əlbəttə, razılaşdırılmalı məsələlər həddindən çox idi. Bütün bunlar belə avral rejimində cərəyan edirdi. Düşmənçilik edən iki ölkə arasında sənədin mətni bir gün ərzində razılaşdırılmalı və təbii ki, həmin mətndə reallıqlar nəzərə alınmalı idi. Bu reallıqlar nəzərə alındı ki, Azərbaycan qalib ölkə, Ermənistan isə kapitulyasiya etmiş ölkədir və 10 noyabr tarixində imzalanmış Bəyanat bu faktı təsdiq edir.

Dövlət başçısı müsahibəsində qeyd edib ki, mülki əhalinin qorunması və onların təhlükəsizliyinin təminatı üçün Azərbaycan tərəfindən misilsiz tədbirlər görülmüşdü. Səfərbər olunmuş texniki imkanlar əks-hücum fəaliyyətinin daha səmərəli şəkildə təşkilinə kömək etdi. Təmas zonasının yaxınlığında yaşayan əhalinin təhlükəsizliyinin təmin edilməsi üzrə böyük iş aparıldı. Həmin rayonlarda yaşayan yüz minlərlə əhalimiz hər gün erməni artilleriyasının atəşi altında olurdu. Buna görə də əhali qismən təxliyə edilmişdi.

            Müharibə dövründə kimin kim olduğunu, kimin vicdanlı döyüş apardığını və kimin yatmış şəhərlərə alçaqcasına hücum etdiyini hamı gördü. Rəsmi İrəvan törətdiyi cinayətlərə görə məsuliyyət daşımalı və təzminatlar ödəməlidir.

Müsahibə zamanı göstərilib ki, intensiv döyüşlər həm cəbhədə, həm informasiya məkanında aparılırdı. Hərbi sahədə olduğu kimi informasiya savaşı cəbhəsində də misilsiz işlər görülüb. Azərbaycana qarşı informasiya blokadasının yarılıb müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-lərə müsahibələr verilib.

Prezident müsahibəsində müharibədən sonra yaranmış reallığa münasibət bildirib. Qeyd edilib ki, əsas məqsədlərimizdən biri keçmiş qaçqınları və köçkünləri tezliklə öz yurdlarına qaytarmaqdır və bunun üçün geniş miqyaslı bərpa-quruculuq işləri aparılır. Bu ilin sonuna qədər dağıdılmış əraziləri elektrik enerjisi ilə tam təmin edəcəyik. Laçında, Kəlbəcərdə və Suqovuşanda gücü 20 meqavat olan su elektrik stansiyaları bərpa edilib, artıq onlar enerji verir. Bir neçə yardımçı stansiya tikilib. Bütün istiqamətlərdə yollar çəkilir. Şuşaya Zəfər yolu, həmçinin Füzuli-Şuşa ikinci magistral avtomobil yolu çəkilir, bu yol daha qısa olacaq. Zəngilanda, Qubadlıda Ermənistan sərhədinə qədər yollar, Göygöldən Kəlbəcərə tunel yolu çəkilir. Üstəgəl Füzulidən Ağdama, Füzulidən Hadruta, Cəbrayıla gedən yollar. Yəni, bu şəhərlər arasında əlaqə yaradılacaq. Bu il təkcə azad olunmuş ərazilərin bərpası proqramına 1,3 milyard dollar vəsait ayrılmışdır. Bu məbləğin təqribən 400 milyon dolları hələlik bölünməyib, çünki biz bütün qaydalara – tender, planlaşdırma, layihələndirmə prosedurlarına riayət edirik. Ağdam şəhərinin bərpası artıq başlanıb, baş plan təsdiq edilib. Şuşa şəhərinin baş planı təsdiq edilib. Bir il, maksimum il yarım ərzində həmin evlər tikiləcək və şuşalılar oraya qayıda biləcəklər.

Lakin mina xəritələri aktual problem olaraq qalmaqdadır. Minalanmış sahələr böyük problemdir. Minalanmış sahələrin ermənilər tərəfindən bizə verilmiş az miqdarda xəritələrinin dəqiqliyi təqribən 25 faizdir. Minalanmış sahələrin xəritələrinin çox hissəsini isə bizə vermirlər. Ona görə bu çox çətin işdir, onu sürətlə icra etmək mümkün deyil. Nə qədər vəsaitin olsa belə, bunun üçün vaxt lazımdır.

Azərbaycan dövlət sərhədinin delimitasiyası prosesinə başlamağa hazırdır. Sülh müqaviləsi üzərində iş başlanmalıdır. Azərbaycan bu prosesə hazırdır. Müharibə qurtarıb, Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb, özü də həmişəlik. Buna görə normal qarşılıqlı əlaqələr yaratmaq lazımdır.

Ermənistan İkinci Qarabağ müharibəsinin dərslərini unutmamalıdır. Əgər Ermənistan Azərbaycana qarşı ərazi iddialarını davam etdirsə, Azərbaycanın Ermənistana qarşı ərazi iddialarından çəkinməsi çətin olacaq. Bundan ötrü elə həmin Zəngəzurun və elə həmin Göyçə gölü regionunun tarixi mənsubiyyəti baxımından, bizim daha çox əsasımız, ərazi iddiaları üçün daha çox tarixi zəmin vardır.

“Dağlıq Qarabağ” adlı inzibati ərazi artıq yoxdur. Qarabağ iqtisadi rayonu var, Şərqi Zəngəzur iqtisadi rayonu var. Bunlar bizim ərazidir və bizdə hansı inzibati vahidlərin ola biləcəyini biz müəyyən etməliyik. Yalnız biz etməliyik, bizdən başqa heç kim, heç bir ölkə, xüsusən Ermənistan bunu edə bilməz. Buna görə status barədə və Dağlıq Qarabağ barədə bu çeynənilmiş sözlər Ermənistan üçün böyük təhlükə mənbəyidir və yaxşı olar ki, bizi qəzəbləndirməsinlər, qıcıqlandırmasınlar, nə qədər ki, bizim təklifimiz masa üzərindədir, onunla razılaşsınlar. Hazırda region ölkələrində müzakirə olunan təşəbbüslər müsbət əməkdaşlığa yönəlib. 3+3 təşəbbüsü var. Bu təşəbbüs Rusiya, İran, Türkiyə və Azərbaycan tərəfindən dəstəklənib. Gürcüstanın etirazı var, Ermənistan isə öz mövqeyini bildirməyib. Nə hə deyib, nə yox. Yenə mövqe yoxdur. Əgər bu müsbət mövqe olsa, bu istiqamətdə işə başlamaq olar. Bu isə öz növbəsində həm regionda sabitləşməyə və təhlükəsizlik risklərini minimallaşdırmağa kömək edəcək, həm də şərait yaradacaq ki, region ölkələrinin qarşılıqlı fəaliyyətini onlar özləri müəyyən etsinlər, necə yaşayacaqlarını özləri həll etsinlər.

Şərhlər