Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edib. Dövlət başçısı çıxışının əvvəlində qeyd edib ki, COVID-19 pandemiyası bütün dünya üçün ciddi çətinliklər doğurmaqda davam edir. Azərbaycan hökuməti ilk günlərdən əhalinin qorunması və pandemiyanın mənfi təsirinin minimuma endirilməsi məqsədilə mühüm və praktiki tədbirlər həyata keçirir. Azərbaycan cari ilin yanvar ayının ortalarından peyvəndləmə kampaniyasına başlayıb. COVID-19-un təsirinə məruz qalmış əhalinin və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün təqribən 2,7 milyard ABŞ dolları həcmində sosial-iqtisadi paket təqdim edilib. Düzgün planlaşdırılmış tədbirlərin həyata keçirilməsi nəticəsində pandemiya ilə bağlı vəziyyət nəzarət altında saxlanılıb və ölkəmizdə tətbiq olunmuş karantin rejimi tədricən yumşaldılıb.
Pandemiya ilə mübarizə sahəsində Azərbaycanın təşəbbüsləri beynəlxalq səviyyədə qəbul edilib. 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırıb. Azərbaycan bütün bu fəaliyyəti özünün maliyyə resursları hesabına həyata keçirib. Ölkəmiz tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı, 30-dan artıq ölkəyə koronavirusla mübarizənin dəstəklənməsi üçün humanitar və maliyyə yardımı edilib. Bundan əlavə, dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərilib;
Bununla belə, Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün daha güclü qlobal həmrəyliyin tərəfdarıdır. Prezident İlham ƏliyevQoşulmama Hərəkatının sədri qismində Azərbaycan bir sıra qlobal təşəbbüslər irəli sürüb. 2020-ci ilin may ayında Azərbaycan Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin COVID-19 ilə mübarizəyə həsr edilmiş Zirvə toplantısını təşkil etmişdir. Azərbaycanın təşəbbüsü ilə 2020-ci il 3-4 dekabr tarixlərində BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş xüsusi sessiyası keçirilmişdir. Həmin təşəbbüs BMT-yə üzv olan 150-dən artıq dövlət tərəfindən dəstəklənmişdir.
“Peyvənd millətçiliyi” ilə bağlı olan məsələlərə beynəlxalq diqqətin cəlb edilməsi məqsədilə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib. COVID-19-dan sonra daha yaxşı bərpa üçün güclü, əlaqələndirilmiş və məqsədyönlü qlobal addımlara ehtiyac var. Bu səbəbdən pandemiyadan sonrakı dövr üçün qlobal tədbirlərə dair BMT-nin COVID-19-dan sonra qlobal bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılması təklifi Azərbaycan tərəfindən irəli sürülmüşdür.
Cənab Prezident çıxışında bildirib ki, Azərbaycan 2023-cü ilin sonuna qədər Qoşulmama Hərəkatına sədrlik edəcəkdir. Qoşulmama Hərəkatının 120 üzvünün yekdil qərarı ilə Azərbaycan 2019-cu ilin oktyabrında Bakıda keçirilmiş dövlət və hökumət başçılarının 18-ci Zirvə toplantısında üç il ərzində Hərəkata sədrliyi öz üzərinə götürmüşdür. Azərbaycan beynəlxalq ədalətin və beynəlxalq hüquq normalarının təmin edilməsini, habelə Hərəkata üzv dövlətlərin legitim maraqlarını güclü şəkildə müdafiə edir. Bu il Hərəkata üzv dövlətlər Azərbaycanın sədrliyini daha bir il – 2023-cü ilin sonuna qədər uzadılmasına dair yekdil qərar qəbul ediblər. Bu, bütün dünya üçün çətin bir dövrdə Azərbaycanın Hərəkata uğurlu və səmərəli şəkildə sədrlik etməsinin təsdiqi və yüksək qiymətləndirilməsinin əlamətidir.
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan dünyada 2030-cu il Gündəliyinin icrası ilə bağlı 3-cü Könüllü Milli Hesabatını təqdim edən 12 ölkədən biri, öz regionunda isə ilk dövlətdir. Dayanıqlı İnkişaf Məqsədlərinin nailiyyət indeksi üzrə mümkün 100 xaldan 72,4 xal toplayan Azərbaycan regionda ən yaxşı nəticə göstərərək 2021-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatında 165 ölkə arasında 55-ci yeri tutmuşdur.
Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional əlaqələndirmə layihələrinin icrasında fəal iştirak edir və bununla da Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Bakı Beynəlxalq Ticarət Limanı istifadəyə verilib ki, onun yükaşırma qabiliyyəti 15 milyon tona bərabərdir və ehtiyacdan asılı olaraq bu həcm 25 milyon tona qədər artırıla bilər.
Cari ildə ölkədə əldə olunan uğurlardan danışan İ.Əliyev göstərib ki, cari ilin 8 ayı ərzində Azərbaycanın qeyri-neft sənayesi 18,4 faiz artmışdır. Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur Yaşıl Enerji Zonasıdır. Azərbaycanın azad olunmuş ərazilərinin 7200 meqavat günəş enerjisi və 2000 meqavat külək enerjisi olmaqla təsdiq edilmiş bərpa olunan enerji potensialı var. Xam neft və qaz ixracı ilə yanaşı, Azərbaycan son illərdə elektrik enerjisinin ixracatçısına çevrilib. Bu gün Azərbaycan dörd qonşu ölkəyə elektrik enerjisi ixrac edir.
Azərbaycan xalqı öz kökünə, tarixinə, dilinə və ənənələrinə olduqca bağlı bir xalq olduğunu dilə gətirən dövlət başçısı bu sahədə atılan addımlardan söz açıb. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə cari il “Nizami Gəncəvi İli” elan edilmişdir. XII əsrdə Nizami Gəncəvinin öz əsərlərində təbliğ etdiyi sülh, ədalət, humanizm, azadlıq və bərabərlik kimi ideal və dəyərlər BMT-nin təşviq və müdafiə etdiyi prinsiplərlə üst-üstə düşür. Azərbaycanda multikulturalizm ənənələri bir həyat tərzi olaraq qorunur və dəstəklənir. Azərbaycan dünyada tolerantlığın, müxtəlif dini və etnik qrupların nümayəndələrinin dinc birgəyaşayışının nümunəsi sayılır. 2008-ci ildə Azərbaycanın təşəbbüsü ilə başlanılmış və müsəlman dünyası ilə Avropa arasında dialoq və əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyan “Bakı Prosesi” BMT tərəfindən güclü şəkildə dəstəklənir. BMT Baş Assambleyasının qətnamələrində Azərbaycanda müntəzəm olaraq təşkil olunan Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumu “mədəniyyətlərarası dialoqun təşviqi üçün mühüm qlobal platforma” olaraq tanınır.
Çıxışında Ermənistanın beynəlxalq normalara etinasızlığına toxunan ölkə rəhbəri deyib ki, Ermənistan qəbul olunmuş beynəlxalq qətnamə və qərarlara məhəl qoymamış və 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlamışdır.BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Lakin Ermənistan bu və BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti kimi beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bənzər qərarlara məhəl qoymamışdır.
Doğrudur BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, Azərbaycana gəldikdə 27 il icra olunmamış qaldı. Bu isə ikili standartların bariz nümunəsidir. Selektiv yanaşmaya yol verilməməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizminin yaradılması üçün səylərin birləşdirilməsinə ehtiyac var.
44 gün ərzində Ermənistan silahlı qüvvələri cəbhəboyu ərazilərdə yerləşən rayonlarımızı və şəhərlərimizi – Ağdam, Ağcabədi, Beyləqan, Daşkəsən, Füzuli, Goranboy, Tərtəri intensiv şəkildə atəşə tuturdu. Ermənistan, həmçinin cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən, Xızı və digər şəhərləri də atəşə tuturdu. Raketlərdən biri Azərbaycanın hava hücumundan müdafiə qoşunları tərəfindən Bakının yaxınlığında yerləşən Xızı üzərində zərərsizləşdirilmişdir. Bu isə onu göstərir ki, paytaxt Bakı da Ermənistanın raket hücumlarının hədəfi idi. Ermənistan “Skad” və “İsgəndər-M” tipli ballistik raketlərdən, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli sursatlardan istifadə edirdi. Ermənistanın bu hərbi cinayətləri nəticəsində 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilib, 450 nəfərdən çox insan yaralanıb. Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən fərdi evlər dağıdılıb və ya onlara ciddi zərər dəyib.
İşğaldan azad olunmuş ərazilərin mövcud vəziyyəti erməni vandalizminin təcəssümüdür. Təqribən 30 illik işğal ərzində Ermənistan qəsdən bütün şəhər və kəndləri dağıtmış, bütün mədəni və dini abidələri viran qoyaraq, talayaraq, onları əsl urbisid – şəhərlərə qarşı genosid və kultursid – mədəniyyətə qarşı genosid nümunələrinə çevirmişdir. Yəqin ki, İkinci Dünya müharibəsindən bəri şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Ermənistan bu ərazilərdə əsrlər boyu yaşayan Azərbaycan xalqının izini silməyə çalışıb. Ağdam o dərəcədə dağıntıya məruz qalıb ki, onu “Qafqazın Hirosiması” adlandırırlar. Füzuli şəhərinin işğaldan azad olunmasından sonra ordumuz orada bir dənə də salamat bina tapa bilmirdi ki, onun üzərində bayrağımızı dalğalandırsın. Ermənistanın işğalı altında olmuş ərazilərdə 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb və təhqir edilib, onlardan donuz və inək tövləsi kimi istifadə edilib. Bu isə bütün dünya müsəlmanlarına qarşı hörmətsizlikdir. Hətta qəbiristanlıqlar belə təhqir olunub, dağıdılıb və talanıb.
Prezident İlham Əliyev çıxışında vacib bir məsələyə toxunub. Qeyd olunub ki, gələcəkdə faciələrin təkrarlanmaması üçün Ermənistanın bütün cinayətləri araşdırılmalıdır. Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşmüşdür. Ermənistan onların taleyi ilə bağlı bizə məlumat verməlidir. Etibarlı məlumatlara əsasən, onların demək olar ki, hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilib və beynəlxalq humanitar hüquqa zidd olaraq Ermənistan ordusu tərəfindən kütləvi məzarlarda basdırılıb. Ermənistan hərbi cinayətkarları tərəfindən qətlə yetirilmiş 12 mülki şəxsin qalıqları 2021-ci ilin aprel ayında işğaldan azad olunmuş Kəlbəcər rayonunun Başlıbel kəndində kütləvi məzarda tapılıb. Beynəlxalq hüquq və BMT Nizamnaməsinə əsasən, Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi təcavüz və digər ağır cinayətlərə görə məsuliyyət daşımalıdır.
Çıxışda o da vurğulanıb ki, Azərbaycan məsuliyyətli ölkə olaraq münaqişənin həllində sona qədər sülh və diplomatik danışıqlar üsuluna sadiq qalmışdır. 2018-ci ildə Ermənistanda hərbi cinayətkarlar Köçəryan-Sarkisyan rejimi devrildi. Ermənistanın yeni hökumətinin ciddi şəkildə danışıqlarda iştirak edəcəyi ilə bağlı müəyyən ümidlər var idi. Azərbaycan Ermənistandan gələn istənilən müsbət siqnala cavab verməyə hazır idi. 2018-2019-cu illər keçmiş təmas xəttində ən sakit dövrlərdən biri idi. Lakin, Azərbaycanın müsbət addımlarına baxmayaraq, Ermənistanda rejimin dəyişməsi real dəyişikliklərlə nəticələnmədi. Ermənistanın yeni hökuməti də Azərbaycanla dinc qonşuluq əvəzinə, işğalın davam etdirilməsi yolunu seçdi;
2020-ci ilin iyul ayında Ermənistan Azərbaycanla dövlət sərhədi boyu hərbi təxribat törətdi. Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində 13 hərbçi və mülki vətəndaş həlak oldu.Daha sonra avqust ayında Ermənistanın diversiya qrupu keçmiş təmas xəttini keçərək Azərbaycan hərbçilərinə və mülki şəxslərə qarşı terror aktları törətməyə cəhd etdi. Sentyabrın 27-də Ermənistan Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücuma başladı. Buna cavab olaraq, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başladı.
Hərbçilər və mülki əhali arasında fərq qoyulmasına dair beynəlxalq humanitar hüququn fundamental prinsiplərinə riayət edən Azərbaycan Ermənistan tərəfindən dinc sakinlərin hədəfə alınması kimi qəddar hərbi cinayətlərə oxşar formada cavab vermədi.
Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılıb. Ərazilərimizə istinad edilərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verilməməlidir.
Prezident İ.Əliyev sonda bildirib ki, Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır.