Sən olasan gülüstan!

Azərbaycan! Azərbaycan!

Ey qəhrəman övladın şanlı vətəni! Həmin qəhrəmanlar səndən ötrü can verdilər, səndən ötrü qan tökdülər. Can verdilər ki, 3 rəngli bayrağınla məsud yaşayasan. Qan tökdülər ki, o bayraq  Laçında, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Qarabağda dalğalansın.

Minlərlə can qurban oldu, sinən hərbə meydan oldu. Meydan olan sinəndə meydan oxudu düşmənə nər biləkli, şir ürəkli oğulların. Əzdi, məhv etdi , məğlubiyyətin acısını yaşatdı 30 il sinəndə at oynadanlara.

Başını itirdi düşmən. Təkcə başını yox, başçısına olan güvəni də itirdi məğlub ölkənin aciz duruma düşən vətəndaşları. Sənin ordun, sənin igidlərin etdi bunu.

Hüququndan keçən əsgərlərinin hərəsi bir qəhrəman oldu. Hərəsi bir dastan yaratdı. Şərəf dastanı… Qürur dastanı… Qəhrəmanlıq dastanı… Vətən dastanı…

Özləri də dastana döndülər. Dastana döndülər ki, Sən olasan gülüstan.

Dedilər ki, sənə hər an can qurban

Göstərdilər ki, sənə min bir məhəbbət, sinələrində tutmuş məkan.

Sübut etdilər ki, namusunu hifz etməyə, bayrağını yüksəltməyə  cümlə gənclər müştaqdır.

Şanlı Vətənim!

Azərbaycanım!

Uğrunda can verən şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Ehtiramla anırıq!

                                                                               Məhsəti MUSA

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər