Peşəsinin vurğunu olan həkim

         Hər kəs harada çalışmağından asılı olmayaraq, ilk növbədə peşəsinin vurğunu olmalı, ona qırılmaz tellərlə bağlanmalıdır. Dahi Nizami demişkən:

Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan.

Haqqında söz açdığım Ruslan Məmmədli məhz belə insanlardandır. İstedadlı stomatoloq gənc olmasına baxmayaraq, öz işinin öhdəsindən layiqincə gəlir. O, rayon sakinlərinin müalicəsi üçün əlindən gələni əsirgəmir. Məmmədli Ruslan Əbülfət oğlu 1986-cı il sentyabrın 20-də Ağcabədi rayonunun Salmanbəyli kəndində anadan olub. Orta təhsilini 1992-2003-cü illərdə Əlfi Məmmədov adına məktəbdə alıb. O, məktəbdə oxuduğu müddətdə bütün fənlərdən həmişə yaxşı qiymət almış və nümunəvi şagird kimi müəllimlərin sevimlisinə çevrilmişdir. Lakin ali məktəbi oxumaq şansı Rusiya Federasiyasının Kabardina-Balkar Muxtar Respublikasının paytaxtı Nalçik şəhərində olmuşdur. O, 2003-2009-cu illərdə sözügedən şəhərdə Tibb Universitetində yüksək təhsil alıb. Ali məktəbdə nəzəri biliklərini təkmilləşdirməklə bərabər, praktik işlərdə də çox fəal iştirak edib. Məşğələlər orada məşhur diş həkimlərinin çalışdığı poliklinikalarda keçirilib, R.Məmmədli 2009-2010-cu illərdə Bakı şəhərində yerləşən “N” saylı hərbi hissədə xidmət göstərib. Gənc stomatoloq 2011-ci ilin fevral ayından Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında çalışır. Bir pasient kimi mən də onun bu yüksək məziyyətlərinin şahidi olmuşam. Ruslan həkim bilikli, bacarıqlı olmaqla yanaşı, həm də qayğıkeş, mehriban insandır. Onu da qeyd edim ki, istedadlı həkim II Qarabağ müharibəsində yaralıların daşınmasında, onlara yardım göstərilməsində yaxından iştirak etmişdir.

Hüseyn QULUZADƏ

Şərhlər