Ağcabədi qabaqcıl pambıqçılıq rayonlarındandır. Buna görə də hər zaman rayonumuzda peşəkar, səriştəli pambıqçılar bu gəlirli sahə ilə məşğul olurlar. Onlar pambıqçılığın rayonumuzda inkişaf etdirib, əvvəlki şöhrətini qazanması üçün əllərindən gələni əsirgəmirlər. Pambıqçılıqla məşğul olan fermerlər bütün aqrotexniki qaydalara vaxtında əməl edərək, hər il öz göstəricilərini yüksəltməyə nail olurlar. Belə fermerlərdən biri də Şahsevən Təzəkənd kəndindən olan Şəmsi Əsədovdur. O, artıq 17 ilə yaxındır ki, təsərrüfatla sıx məşğul olur. Pambıqçılıqla böyük təcrübə və səriştə qazanan Ş.Əsədov keçən il 7,5 hektar sahədə pambıq əkib becərərək, mövsümün sonunda hər hektardan 40 sentner “ağ qızıl” götürməyə nail olub.
Bu il 7 hektar sahədə pambıq əkən Ş.Əsədov artıq birinci üz pambıq yığımını başa çatdırmışdır. 24 ton pambıq əldə edən Şəmsi hər hektardan 35 sentner məhsul götürməyə nail olmuşdur. Şəmsi Əsədov söyləyir ki, yaxın zamanlarda sahələrdə bir dəfə də yığım aparacaq, bol məhsulu son qozasına qədər toplayacaqdır. Şəmsi onu da əlavə etdi ki, ikinci dəfə yığım zamanı hər hektardan azı 5 sentner “ağ qızıl” əldə etmək fikrindədir. İnanırıq ki, təcrübəli pambıqçı Şəmsi Əsədov verdiyi sözə əməl edəcək, minbir zəhmətlə yetişdirdiyi məhsulu itkisiz toplayıb, təhvil verəcəkdir.
Adil MİSİRLİ