22 sentyabr 2021-ci il tarixdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində pandemiya qaydaları gözlənilməklə “N” saylı hərbi hissənin əsgər və zabitlərinin və Ağcabədi Pedoqoji Kollecinin tələbələrinin iştirakı ilə “Azadlığı al qan ilə biz dağlara yazdıq” mövzusunda tədbir keçirilib. Öncə, müqqəddəs torpaqlarımızın azadlığı uğrunda canını fəda edən vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru səlahiyyətlərini icra edən Rövşanə Əliyeva çıxış edərək, bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan cəbhə xətti boyunca ağır artilleriya və digər atıcı silahlardan istifadə edərək, Azərbaycan Ordusunun döyüş mövqelərini və yaşayış məntəqələrimizi atəşə tutmuşdur. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu cəmi 44 günə qələbəmizi təmin etdi.
Biz Ermənistanın kapitulyasiyasına nail olduq. Dünyaya haqqın, ədalətin carçısı olan Azərbaycanın zəfərini bəyan etdik. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, türk xalqı bir yumruq kimi birləşərək, təkcə Ermənistanın yox, bütövlükdə, haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğurunda vuruşuruq. Müzəffər Azərbaycan Ordusu hərbi yolla illərdir düşmən torpağında inləyən vətən torpaqlarını işğaldan azad etdi,dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla, bir də insan zehninin ən son nailiyyəti olan PUA-larla qazanmaq olar. Hərbi əməliyyatlar zamanı qazanılmış qələbələr, xüsusilə Qarabağın tacı olan Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb.
Sonra “N” saylı hərbi hissə komandanlığının ideoloji iş üzrə bölmə rəisi baş köməkçisinin müavini Elşən Quliyev, Mərkəzin bələdçisi Səbinə Mamedova və Ağcabədi Pedaqoji Kollecinin tələbələri çıxış edərək bildiriblər ki, bu tarixi qələbə sayəsində Azərbaycan Qarabağa qovuşdu, şəhidlərimizin, Xocalı soyqırımı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarımızda həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərməklə öz tarixi torpaqlarını düşmən tapdağından azad etdi.
Sonda şəhidlərimizə Allahdan rəhmət dilənib, qazilərimizə cansağlığı arzulanıb, xatirə şəkli çəkdirilib.