Ermənistan öz işğalçı siyasətindən əl çəkmədiyi üçün uğursuz dövlətə çevrilib

Vətən müharibəsinin ildönümündə Prezident İlham Əliyevin BMT Baş
Assambleyasının 76-cı sessiyasındakı çıxışı, Anım Günündə xalqa müraciəti,
Rusiyanın “Nasionalnaya oborona” jurnalına, Fransanın “France-24” telekanına,
Türkiyənin “Anadolu” agentliyinə verdiyi müsahibələrin hər biri dünyaya bir mesaj idi.
Bu çıxışları, müsahibələri izləyənlər bir şeyi anladılar ki, müharibənin ildönümündə
Prezident İlham Əliyev qalib Azərbaycanın rəhbəri kimi yenidən ön plandadır, bu
dəfə postmünaqişə dövrü ilə bağlı danışır, yenə də mümkün təhdidlərə cavab verir,
30 illik işğal dövründə ermənilərin törətdiyi vandallıqdan bəhs edir və “münaqişə
bitməyib” tezisini irəli sürən güclərə tutarlı cavablar verir. Bir sözlə İlham Əliyev
Azərbaycan uğrunda mübarizəsini davam etdirir.
Sentyabrın 27-də Prezidentin Türkiyənin Anadolu Agentliyinə verdiyi müsahibədə
keçmiş münaqişənin həm tarixinə nəzər salındı, həm də bu gün regiondakı proseslər
dəyərləndirildi, bölgənin böyük dövlətlərinin oynadığı rola qiymət verildi. Eyni
zamanda, regiondan kənar, lakin regionda maraqları olan böyük dövlətlərin atdıqları
addımlara da diqqət çəkildi.

Qeyd olundu ki, 30 il ərzində digər dövlətin torpaqlarını işğal altında saxlamasına
baxmayaraq, Ermənistanın yeni savaşa başlamasının əsl səbəbləri araşdırılmalıdır.
Son müddət ərzində Ermənistanın Azərbaycana qarşı təxribatları müntəzəm xarakter
almışdı. Azərbaycana qarşı yönəlmiş açıqlamalar, eyni zamanda, addımlar onu
göstərirdi ki, Ermənistan yeni müharibəyə hazırlaşır. Çünki iyul ayında Ermənistan
Azərbaycan-Ermənistan sərhədində hərbi təxribat törətmişdir və bu təxribat
nəticəsində 13 mülki şəxs və hərbçi həlak olmuşdur. Azərbaycan o zaman düşmənə
layiqli cavab verdi, ancaq dövlət sərhədini keçmədi. Ondan sonra avqust ayında bir
təxribat qrupu göndərildi, təmas xəttini keçdilər və orada bizim hərbçilərimiz onları
tərk-silah etdilər.
Rəsmi İrəvanın səriştəsizliyi və məkrli niyyətləri Ermənistanı qaçılmaz
məğlubiyyətə gətirdi. Bir il əvvələ qayıdarkən, bütün bu prosesləri, bütün bu
hadisələri daha da dəqiq təhlil etmək imkanı yaranır. Görünür ki, Ermənistan
rəhbərliyi, hakimiyyətə yeni gəlmiş rəhbərlik hansısa hərbi uğurla da öyünmək
istəyirdi, hansısa hərbi uğur əldə etmək istəyirdi. Ancaq hesablamaları çox səhv
apardılar, çox böyük xəta törətdilər və bunun nəticəsində acı məğlubiyyətə uğradılar.
Ermənistan uğursuz dövlətdir, bunun beynəlxalq adı “Failed state”dir. Hər bir
dövlətin dövlətçilik rəmzlərindən biri də məsuliyyətli davranışdır. Ermənistan bu
keyfiyyətdən məhrumdur. Məsuliyyətsiz ölkə siyasi, iqtisadi və istənilən digər
əməkdaşlıq istiqamətləri üzrə beynəlxalq münasibətlər sistemində maraqlı tərəfdaş
kimi çıxış edə bilməz.
Münaqişənin hüquq müstəvisində həll olunmamasının səbəbinə diqqət çəkilərkən
qeyd olunub ki, beynəlxalq vasitəçilər müharibənin, insan faciələrinin və fəlakətlərin
qarşısını ala bilərdi. Əgər Minsk qrupu Ermənistana vaxtında ciddi təzyiq
göstərsəydi, təbii ki, Ermənistan məcbur olub işğal edilmiş torpaqlardan çıxacaqdı və
belə olan halda müharibəyə ehtiyac qalmazdı. Ancaq onlar bu təzyiqi etmədilər.Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən üç dövlət Birləşmiş Millətlər
Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvüdür. Yəni, onlar dünya miqyasında ən
güclü ölkələr sayılır.
Beynəlxalq hüququn tələblərinə uyğun olaraq Ermənistana qarşı sanksiyalar tətbiq
edilmədi. Beynəlxalq təşkilatların sanksiyaları savaşın qarşısını ala bilərdi. Çünki bu
sanksiyalar Ermənistan üçün böyük çətinliklər yaşadacaqdı və onlar məcbur olub
bizim torpağımızdan çıxacaqdılar. Rəsmi İrəvan 30 il ərzində münaqişənin sülh yolu
ilə həll olunmasından yayınırdı.
Ermənistanın 2018-ci ildə hakimiyyətə gəlmiş yeni rəhbərliyi danışıqlar prosesinə
böyük zərbə vurdu. Onların yersiz və çox məsuliyyətsiz açıqlamaları faktiki olaraq
müzakirə prosesini iflic etdi. Belə olan halda, Minsk qrupu daha müsbət, daha da
cəsarətli addımlar atmalı idi. Onlar isə sadəcə olaraq, buna müşahidəçi kimi
yanaşırdılar. Ona görə, İkinci Qarabağ müharibəsinin başlanmasında, əlbəttə ki, ən
böyük məsuliyyət Ermənistanın üzərinə düşür.
Minsk qrupunun status-kvo ilə bağlı manipulyasiyaları vasitəçilik institutunun
legitimliyini sual altına qoydu. Minsk qrupuna sədrlik edən ölkələr, onların
prezidentləri işğal dövründə bir neçə dəfə çox müsbət açıqlamalar verdilər. Onlardan
biri də o idi və açıq bəyan edilmişdi ki, status-kvo qəbuledilməzdir və
dəyişdirilməlidir. Azərbaycan bunu çox müsbət qəbul etdi. Bu, uzun illər ərzində
gözlənilən bir açıqlama idi. Status-kvonun dəyişdirilməsi işğala son qoyulması
demək idi. Ancaq bu açıqlamalardan sonra onlar praktiki addımlara keçmədilər.
Ondan da əlavə, bir müddət sonra onlar bu ifadədən də geri çəkildilər və həmsədrlər
tərəfindən yeni bir ifadə ortalığa atıldı – status-kvo dayanıqlı deyil. Zaman göstərdi ki,
Minsk qrupu, sadəcə olaraq, bu məsələni həll etmək fikrində deyildi. Bu səbəbdən
Birləşmiş Millətlər Təşkilatında ölkəmizə qarşı hansısa sanksiya məsələsini ortaya
atmaq tamamilə ədalətsizlikdir.
Minsk qrupu tamamilə fəaliyyətsizdir. İndiki dövrdə Azərbaycan ictimaiyyəti Minsk
qrupunun fəaliyyətini görmür. Adətən onlar danışıqlar prosesi dövründə gəlirdilər,
təkliflər verirdilər, prezidentlər səviyyəsində keçirilən görüşlərin gündəliyini təsbit
edirdilər, bizə təkliflər edirdilər ki, hansı məsələlər müzakirə oluna bilər. Hər iki tərəf
də razılaşma əsasında bu məsələləri müzakirə edirdi. İndi isə müharibənin
bitməsindən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, onlardan hər hansı bir təklif
yoxdur;
İşğalı 30 il ərzində görməyən, indi isə olmayan işğalı görən qurum, ya kordur, ya
da riyakardır. Otuzillik işğal dövründə, cəmi iki dəfə faktaraşdırıcı missiya göndərildi
və məruzə hazırlandı. Ermənilərin bütün cinayətləri məruzədə göstərildi. Sonuncu
belə bir missiya təqribən 10 il əvvəl həyata keçirilmişdi. Azərbaycan dəfələrlə Minsk
qrupuna, onun həmsədrlərinə müraciət etmişdi ki, yenə də missiya göndərilsin. Çünki
orada qanunsuz məskunlaşma aparılırdı, Suriyadan, Livandan, başqa yerlərdən
ermənilər gətirilib məskunlaşdırılırdı. Bu, hərbi cinayətdir. Bütün beynəlxalq
konvensiyalara görə bu, hərbi cinayət sayılır.
Dağlıq Qarabağ münaqişəsi başa çatdı, “Dağlıq Qarabağ” adlı inzibati ərazi
mövcud deyil. Bundan sonra “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi düzgün deyil.
Azərbaycan ərazisində belə bir qurum və ya inzibati ərazi yoxdur. Qarabağ zonası
var, Şərqi Zəngəzur var. Belə olan halda Minsk qrupunun fəaliyyəti üçün bu gün yeni
məsələlər ortalığa çıxmalıdır.
Rusiya ilə əlaqələrə gəldikdə isə, ölkə başçısı bildirdi ki, hər iki dövlət açıq
şəkildə ortadakı problemlərlə bağlı dialoqlar aparırır, bu yöndə müəyyən addımlar
atır və bütün bunlar əlaqələrin yüksək səviyyəsindən xəbər verir. Bu isə cənab
prezidentin də vurğuladığı kimi onunla Rusiya dövlət başçısı arasındakı qarşılıqlı
güvənin göstəricisidir. Azərbaycan-Rusiya münasibətlərinin pozulması Ermənistan
təbliğat maşınının strateji hədəfidir. Ermənistan təbliğatının qərəzli və yalan
açıqlamaları yeni münaqişələrin yaranmasına yönəlib. Ermənistan ordusunun Rusiya
tərəfindən pulsuz silahlandırılması ilə bağlı məlumatlar Rusiya tərəfindən təkzib
olunub və yetərincə dəqiq cavab verilib. Bu məsələ artıq gündəlikdən çıxarılıb.
Ortalığa atılan bu yalan çox böyük yanlışlıq və məsuliyyətsizlikdir. Erməni lobbisi hər
gün, müntəzəm olaraq çalışır ki, Rusiya-Azərbaycan münasibətlərində bir çat
yaransın. Onların gündəlik peşəsi Azərbaycanı ləkələmək, Rusiya mediasında
Azərbaycan haqqında mənfi imic yaratmaq, Rusiya-Azərbaycan münasibətlərinə
kölgə salmaqdır. Rusiya-Azərbaycan münasibətləri kifayət qədər yüksəksəviyyəli
münasibətlərdir. Ermənistanın mənfur təbliğat cəhdləri onlara uğur gətirməyəcək.
Müsahibədə ən diqqət çəkən məqamlardan biri də cənab prezidentin Vətən
müharibəsi zamanı dost və düşmən ölkələrin özlərini açıq şəkildə bəlli etdikləri ilə
bağlı səsləndirdiyi fikirlər oldu. Cənab prezident Türkiyə Cümhuriyyətinin, xüsusilə də
cənab Ərdoğanın proseslərin gedişatında böyük rol oynadığını bildirdi. Çünki
savaşın ilk günündən Türkiyə Azərbaycana açıq şəkildə siyasi və mənəvi dəstəyini
verdi. Türkiyə, onun Prezidenti və xalqı hər zaman Azərbaycanın yanındadır. Necə
ki, savaşın ilk saatlarında Türkiyə Prezidenti bildirmişdi ki, Azərbaycan yalnız deyil,
Türkiyə Azərbaycanın yanındadır. Bu, bizə əlavə güc verdi və mənəvi güc verdi. Son
illər ərzində biz çox böyük yol keçdik və demək olar ki, münasibətlərimizi ən yüksək
zirvəyə qədər qaldırdıq. Türkiyə bizim yanımızda olmaqla, bütün dünyaya mesaj
göndərdi ki, qarışmayın, müdaxilə etməyin. Azərbaycan haqq yolundadır və əgər
qarışsanız, əgər müdaxilə etsəniz, qarşınızda Türkiyəni görəcəksiniz. Şuşa
Bəyannaməsinin imzalanması bizim münasibətlərimizi daha da yüksək səviyyəyə
qaldırdı.
Müsahibə zamanı qeyd olunub ki, regionun surətli inkişafı üçün bölgədə
dayanaqlı sülh təmin olunmalıdır. Bölgədə sülhün təmin olunması üçün Ermənistan-
Türkiyə münasibətlərinin normallaşması labüddür. Türkiyənin təklif etdiyi 3+3
platforması bunun ən gözəl yoludur. Ancaq Ermənistan hələ ki, buna razılıq
verməyib. Azərbaycan bunu dəstəklədi, Rusiya dəstəklədi, İran dəstəklədi, ancaq
Ermənistan bunun əleyhinə çıxır.
Ümumiyyətlə, Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq üçün
daha çox səy göstərməlidir. Çünki onlar üçün bu, önəmlidir. Müharibədən sonra
onların durumu daha da pisləşdi. Ona görə daim münaqişədə olmaq, qonşularla
əsassız, saxta tarix əsasında gələcək əlaqələri planlaşdırmaq çox yanlış bir
addımdır. Ermənistan maraqlı olmalıdır ki, ilk növbədə, Türkiyə ilə, eyni zamanda,
Azərbaycanla münasibətləri normallaşdırsın. Türkiyə və Azərbaycanla öz
sərhədlərini müəyyən etsin, delimitasiya, demarkasiya aparılsın.
İşğaldan azad olunmuş ərazilərdə yaşayan ermənilər anlamalıdırlar ki, xoşbəxt
gələcəkləri ancaq Azərbaycan dövləti ilə bağlıdır. Azərbaycan strateji nöqteyi-
nəzərdən gələcəyə barış prizmasından yanaşır. Biz məsuliyyətli ölkə olaraq, bir daha
müharibənin olmasını istəmirik. Hər halda biz müharibəyə başlamayacağıq, əgər
Ermənistan tərəfdə revanşist meyillər baş qaldırmasa. Əgər görsək ki, Ermənistanda
bizə qarşı hər hansı bir təhdid yaranır, biz o təhdidi məhv etməliyik. Bu, bizim legitim
hüququmuzdur. Ancaq bu təhdid olmasa, bizim başqa fikrimiz yoxdur.
Ermənistan kapitulyasiya Bəyanatına imza atmaqla öz üzərinə öhdəliklər
götürmüşdür və bu öhdəlikləri məcbur olub yerinə yetirdi. Bu öhdəliklərin yerinə
yetirilməsi müharibədən dərhal sonra baş vermişdir. Yəni, o zaman işğal altında olan
bölgələrdən erməni qüvvələrinin çıxarılması orada açıq-aydın göstərilirdi və
müharibə bitəndən sonra 20 gün ərzində Ağdam, Kəlbəcər və Laçın rayonları bizə
qaytarıldı. Noyabrın 9-dan 10-na keçən gecə imzalanmış Bəyanatda göstərilir ki,
Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantı
olmalıdır. Dəhlizlərin açılması prinsipial məsələdir. Bu bağlantını təmin etmək üçün o
qədər də böyük zamana ehtiyac yoxdur. Orada quru yollarla məsafə cəmi 40
kilometrdir. Biz müharibədən sonra keçən bir il ərzində min kilometrdən çox yol
çəkdik – həm torpaq yol, həm asfalt yol. İndi orada 40 kilometr yolun açılması böyük
problem deyil. Ancaq buna baxmayaraq, aparılan müzakirələr nəticəsiz qalıb. Yəni,
Ermənistan 10 noyabr Bəyanatını, onun şərtlərini kobudcasına pozur. Ermənistan
rəhbərliyi imzalanmış Bəyanatın bütün müddəalarını yerinə yetirməlidir.
Zəngəzur dəhlizinin açılması ilə bağlı işlər davamlı olaraq görülür. Baş nazir
müavinləri səviyyəsində yaradılmış işçi qrup da ilk növbədə, Zəngəzur dəhlizinin
açılması ilə bağlı işlər görürdü. Ancaq iyunun əvvəlindən Ermənistan seçkilərə görə
bu qrupda öz iştirakını bitmiş hesab etdi. Avqustun ortasında ilk dəfə yenə də bu
qrup yığışdı və yəqin ki, gələn ay yenə də yığışacaq. Biz Azərbaycanda indi
Zəngəzur dəhlizinin yaradılması ilə bağlı genişmiqyaslı işlərə başlamışıq. Zəngilana
həm dəmir yolu çəkilir, həm də avtomobil yolu. İndi hava limanları tikilir.
Prezident vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı
Azərbaycan hökumətinin prioritetidir. Müharibə bitər-bitməz vaxt itirmədən
Azərbaycan dərhal öz gücünü göstərdi və ərazilərin bərpa olunması işlərini başladı.
Çünki bu işləri görmək üçün təkcə pul kifayət etməz. Çünki resurs olmalıdır, kadrlar
olmalıdır, heyətlər olmalıdır, texniki imkanlar olmalıdır, səriştə olmalıdır. Biz bütün
gücləri səfərbər etdik. Bütün bölgə elektriklə tam təmin ediləcək. Təsadüfi deyil ki,
erməni xalqının nümayəndələri artıq bir neçə dəfə bizim Şuşadakı hərbi
mövqelərimizə yaxınlaşıb rica etmişdilər ki, onları da bu işlərə cəlb edək. Çünki onlar
orada işsiz-gücsüz qalıblar, işsizlik, səfalət və ümidsiz bir vəziyyətdədirlər. Biz buna
müsbət baxırıq, ancaq gərək bunun hüquqi tərəfi tam yerinə otursun. Biz orada
yaşayan erməniləri öz vətəndaşlarımız sayırıq. Onlar Azərbaycan torpağında
yaşayırlar. Qarabağda 25 min erməni yaşayır, onlar da həm inşaat işlərində, həm də
bərpa işlərində iştirak edə bilərlər.
Qaçqın və məcburi köçkünlərin 30 illik əziyyətlərinə soy qoyulmasından söz
açılarkən qeyd olunub ki, ərazilər bərpa olunacaq və müharibədən əvvəl orada
yaşamış bütün insanlar öz doğma yurdlarına qayıdacaqdır. O insanlar 30 il həsrət
içində idilər və bu həsrətə son qoyuldu. Azərbaycan budur, Azərbaycanın gücü və
siyasəti budur!
Son zamanlar böyük müzakirələrə səbəb olan İran tırlarının qanunsuz olaraq
Qarabağ bölgəsinə getməsi mövzusuna da toxunulub və qeyd olunub ki, Azərbaycan
müxtəlif kanallarla İran tərəfinə narazılığını ifadə edirdi, lakin bu hallar yenə
təkrarlanır. Bu, ölkəmizə qarşı hörmətsizlikdir. Azərbaycanın ərazi bütövlüyünə qarşı
hörmətsizlikdir, buna son qoyulmalıdır. Azərbaycan məsələ ilə bağlı rəsmi qaydada
diplomatik nota verdi, İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət edildi,
ona iradlar bildirildi və xahiş olundu ki, buna son qoyulsun. Bu, avqust ayının
ortalarında olan məsələdir. Biz ümid edirdik ki, buna son qoyulacaq. Ancaq buna
baxmayaraq, avqustun 11-dən sentyabrın 11-nə qədər yenə də İrandan gələn 60-a
yaxın tır qanunsuz olaraq Qarabağa hərəkət etdi. Azərbaycan-İran münasibətlərinə
zərər verə biləcək halların mütləq qarşısı alınmalıdır. Sərhədimizin yaxınlığında
keçirilən hərbi təlimlər çox təəccüb doğuran məsələdir. 30 illik müstəqillik dönəmində
belə hadisələr olmamışdır. Düzdür, hər bir ölkə öz ərazisində istənilən hərbi təlimi
keçirə bilər. Bu, onun suveren hüququdur, söz ola bilməz. Ancaq, eyni zamanda,
bunu bir zaman kəsiyində analiz edərkən görürük ki, bu, heç vaxt olmamışdır. Nə
üçün məhz indi? Nə üçün məhz bizim sərhədimizdə? Bu sualları Azərbaycan
ictimaiyyəti verir. Bu sualları dünya azərbaycanlıları verir. Bir sual da verilir ki, nə
üçün işğal dövründə o bölgədə təlim keçirilmirdi? Ermənilərin Cəbrayılda,
Zəngilanda, Füzulidə oturduğu dövrdə nə üçün təlim keçirilmirdi? Nə üçün bu, biz
torpaqları azad edəndən sonra, 30 illik əsarətə, işğala son qoyandan sonra keçirilir?
Bu suallar legitim suallardır. Biz istəyirik ki, bölgədə uzunmüddətli əməkdaşlığa
zərbə vuran heç bir hal olmasın. Azərbaycan burada da özünü çox məsuliyyətlə
aparır, təmkinlə aparır.
Müsahibə zamanı sülhməramlı qüvvələr əraziyə gələndən sonra da Ermənistanın
öz təxribatlarını dayandırmaması məsələsi də diqqətə çatdırılıb.Bildirilib ki, müharibə
başa çatandan təxminən 15-20 gün sonra Ermənistandan sülhməramlı qüvvələrin
məsuliyyətində olan ərazidən – Laçın dəhlizindən azad edilmiş torpaqlara 62
nəfərdən ibarət bir təxribat qrupu göndərildi. Bu, 10 noyabr Bəyanatına tam ziddir.
Azərbaycan Ordusu onları zərərsizləşdirdi və onlar həbs olundular. İndi onlara hərbi
əsir deyirlər. Müharibə bitdi, noyabrın 10-da Bəyanat imzalandı. Ondan sonra
göndərilən hər hansı bir hərbçi təxribat qrupunun üzvü kimi təsbit edilməlidir.
Ümumilikdə, Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti müsbət qiymətləndirilə
bilər. Bizim narazılığımız da var, iradlarımız da var – ilk növbədə, xarici vətəndaşların
ərazimizə qanunsuz olaraq gəlməsi ilə bağlı. Azərbaycan rəsmi olaraq dəfələrlə bu
məsələni qaldırmışdır. Qarabağ bizim ərazimizdir və bizim icazəmiz olmadan o
bölgələrə heç bir xarici vətəndaş, yaxud da ki, avtomobil daxil ola bilməz, bizdən
icazə alınmalıdır.

Şərhlər