Avropa İttifaqının maliyyə dəstəyi, UNICEF Azərbaycan, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta və TƏBİB-in tərəfdaşlığı ilə həyata keçirilən “Ağcabədidə erkən uşaqlıq dövrünün inkişafı üçün ev ziyarəti proqramının təşkili” pilot layihəsi çərçivəsində “Əlilliyə Erkən yardım Portec Şəbəkəsi” İctimai Birliyi tərəfindən Ağcabədidə dəyirmi masa təşkil edilib. “Erkən uşaqlıq inkişafı dövründə ev ziyarətləri xidmətinin rolu” mövzusunda keçirilən tədbirdə UNICEF Azərbaycan ofisinin, səhiyyə, məktəbəqədər və ibtidai təhsil, bələdiyyə, media və QHT nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. “Əlilliyə Erkən yardım Portec Şəbəkəsi” İB-nin sədri, layihə rəhbəri Gülnarə Pənahova tədbirdə “Patronaj tibb bacılarının yeni rolu. Çətinliklər və nailiyyətlər” mövzusunda təqdimatla çıxış edib. UNICEF Azərbaycan ofisinin, eləcə də səhiyyə, bələdiyyə, media, yerli QHT, təhsil nümayəndələri layihədə qısa zamanda əldə edilən uğurları mövcud ilkin səhiyyə xidmətlərindən biri olan patronaj xidmətin təkmilləşdirilməsi üçün güclü əsas kimi dəyərləndiriblər. Patronaj xidmətlərinin təkmilləşdirilməsi üçün uşaqların inkişafında maraqlı olan bütün fərdlər və icra qurumları arasında əməkdaşlığın gücləndirməsinin vacib olduğu bildirilib.
Qeyd edək ki, tədbir uşağın ailədə xoşbəxt dünyaya gəlməsi və böyüməsini təmin etmək üçün patronaj xidmətlərinin (ev ziyarəti) təkmilləşdirilməsi məqsədi ilə 2021-ci il yanvarın 1-dən həyata keçirilən “Ağcabədidə erkən uşaqlıq dövrünün inkişafı üçün ev ziyarəti proqramının təşkili” pilot layihə çərçivəsində Ağcabədi şəhərində və 7 kənddə keçirilmiş icma görüşlərindən sonra keçirilib. Layihə çərçivəsində Ağcabədi rayonunda Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF tərəfindən hazırlanan Universal və Mütərəqqi Ev Ziyarətləri Modeli üzrə tibb bacıları təlim keçiblər. Onlar hamilə qadınlar və 0-3 yaşlı uşaqların ailələrinə səfərlər edərək, uşağın inkişafına təsir edə biləcək mənfi amillərdən, ana südünün, düzgün qidalanmanın əhəmiyyətindən danışır, ailədə olan sosial, psixoloji, iqtisadi, sağlamlıq problemlərini üzə çıxarır və sosial işçilərin dəstəyi ilə problemlərin aradan qaldırılması istiqamətində ailə üzvləri ilə birgə iş aparır, eləcə də yerli icmalarda maarifləndirmə tədbirlərini təşkil edirlər.