Prezident İlham Əliyev görüş keçirmişdir

            Prezident İlham Əliyev 4 oktyabr 2021-i il tarixdə görüş zamanı bildirib ki, dövlətimizin, xalqımızın böyük potensialı var. Çünki ermənilər tərəfindən tamamilə dağıdılmış ərazilərə cəmi bir ildən sonra həyatı qaytarmaq, insanları qaytarmaq böyük potensialdan xəbər verir. Biz bütün gücləri səfərbər etmişik və edəcəyik ki, qısa müddət ərzində Cəbrayılı və bütün başqa rayonlarımızı yenidən quraq, bərpa edək. Buna nail olmaq üçün əməli işlər aparılır və azad olunmuş şəhərlərin baş planları hazırlanaraq ictimaiyyətə təqdim olunur. Azad olunmuş ərazilərə gələn hər bir insan dağıntıları görür və erməni vəhşiliyinin, erməni vandallığının şahidi olur. Bu vəhşilik, bu vandallıq işğal dövründə törədildi. Müharibə dövründə bu qədər dağıntılar ola bilməzdi. İşğal dövründə ermənilər bütün evləri, binaları kərpic-kərpic sökərək talançılıqla, soyğunçuluqla məşğul olurdular və bütün dünya buna göz yumurdu. Bunu görən beynəlxalq təşkilatlar, bunu görən Ermənistanın havadarları buna, sadəcə olaraq, biganə qalırdılar, göz yumurdular.

Bizim əsgər və zabitlərimiz, sözün əsl mənasında, ölümə gedirdilər. Biz şəhidlərimizin canı-qanı bahasına öz doğma torpaqlarımıza qayıtmışıq. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan bizim digər rayonlara uğurlu addımlarımız mümkün olmuşdur. Cəbrayıldan sonra Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir. Artıq ilkin maliyyə vəsaiti ayrıldı. İlkin investorlar da müəyyən olundu. “KamAZ” şirkətinin regional xidmət mərkəzinin açılışı böyük perspektivlərə malik olan layihədir. Artıq Rusiya şirkəti də bu bölgəyə investisiya qoymağa başlayıbdır. Türkiyə şirkətləri də artıq Zəngilan rayonunda böyük kənd təsərrüfatı layihəsinə investisiya qoymağa başlamışlar.

Cəbrayıl rayonunun elektrik təchizatının artıq demək olar ki, bütün işləri görülüb. Laçın və Kəlbəcər rayonlarında hazırda su elektrik stansiyalarının bərpası işləri gedir. Artıq bir neçə stansiya işə başlayıb, o cümlədən Tərtər rayonunda Suqovuşan Su Elektrik stansiyaları. Cəbrayıl rayonunun elektrik təchizatı artıq var. Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Artıq birinci yaşayış binasının təməli qoyuldu. Bu bina hazır olan kimi Cəbrayıl şəhərinin birinci sakinləri orada yerləşəcək. O vaxta qədər həm də xəstəxana olacaq, məktəb olacaq, iş yerləri olacaq. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edildi.

            Oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi. İlk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bunun çox böyük rəmzi mənası var idi. Bu, bizim Ordumuza əlavə güc verdi, inam verdi. Bu Qələbədən sonra şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etmişdir.

            Düşmənin müdafiə xəttini məhz bu istiqamətdə yara bilmişik. Strateji əhəmiyyət daşıyan kəndləri azad edəndən sonra artıq Zəngilanın azad edilməsi labüd idi. Eyni zamanda, Füzuli, Cəbrayıl əməliyyatlarından sonra Hadruta aparan yol da artıq açılmışdı.

            Cəbrayılın azad olunması beş il bundan əvvəl başlamışdı. Aprel döyüşləri nəticəsində Cocuq Mərcanlı kəndinə insanları qaytarmaq üçün imkanlar əldə edildi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi.

            Müharibə bitdi, Azərbaycan xalqı qalib gəldi və yeni reallıq yaratdı. Hər kəs bu reallıqla hesablaşmalıdır. Biz imkan vermərik Ermənistanda yenə də bizə qarşı hansısa təxribat hazırlansın. Bizim legitim hüququmuzdur, əgər təhlükə görsək, əgər təhlükənin kiçik bir təzahürünü görsək, biz lazımi addımı atacağıq və heç kim bizi dayandıra bilməz, heç kim bizim qabağımızda dura bilməz.

İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uydurmuşdur. Bu cür ucuz təxribatlara əhəmiyyət verilməməlidir. Amma sonra əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Azərbaycan bu bölgələrə İsraili gətirib kimi uydurmalar əsassızdır. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Azərbaycan imkan verməz ki, kimsə əsassız iftira uydursun.

Azərbaycan müstəqil siyasət aparan ölkədir. Qonşularımızla və bütün başqa ölkələrlə münasibətləri müstəqil siyasət əsnasında qururuq. Biz hər bir ölkənin suveren hüquqlarına hörmətlə yanaşırıq və tələb edirik ki, bizim suveren hüquqlarımıza hər kəs hörmətlə yanaşsın, bizim daxili işlərimizə müdaxilə etməsin. Azərbaycan öz xarici əlaqələrini və daxili işlərini bildiyi tərzdə planlaşdıracaq. İndi Ermənistan rəhbərliyi ən yüksək səviyyədə açıq-aydın bəyan edir ki, Azərbaycan Gorus-Qafan yolunun müəyyən hissəsində haqlı olaraq yerləşib. Çünki sovet dövründəki xəritələr bunu göstərir. Xəritələr var, 1920-ci ilin xəritələri, çar Rusiyasının xəritələri. Biz öz ərazimizdəyik. İndi Ermənistan bunu deyir.

“Siz gərək Qarabağı unudasınız, siz gərək bu vəziyyətlə barışasınız” kimi səsləndirilən tezislərə son qoyuldu. Bütün təzyiqlərin təməlində o dayanmışdı ki, biz daxili problemlərlə məşğul olaq, daxili problemlərin içərisində çabalayaq ki, Qarabağ unudulsun və Ermənistan bu torpaqlara əbədi sahib olsun. Bəzi xarici ölkələrin nümayəndələri deyirdilər ki, siz gərək reallıqla hesablaşasınız, siz müharibəni uduzmusunuz, yeni müharibəni heç kim qoymayacaq. Hədələyirdilər ki, müharibə başlasa, biz yenə torpaq itirəcəyik. Bununla da təzyiq göstərməyə çalışırdılar.

Bölgədə sabitliyin bərqərar olmasında Türkiyə və Rusiyanın rolu çox böyükdür. Ermənistan da bu formata qoşulacaq. Çünki başqa yolu yoxdur. İndi reallıq bundan ibarətdir. Son vaxtlar Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması ilə bağlı verilən ifadələri də biz dəstəkləyirik. Artıq bu, müharibənin hər hansı bir riskini aradan götürmək üçün lazımdır. Bəziləri bundan narahatdır. Amma əsas odur ki, Azərbaycanla Ermənistan arasında barışıq olsun, yəni sülh müqaviləsi imzalansın. Sərhədlərin delimitasiyası həyata keçirilsin.

Regionda yeni dövr başlayır. Bu dövrü müsbət istiqamətə yönləndirmək lazımdır. Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası, sülh müqaviləsi, bir-birinin ərazi bütövlüyünün tanınması istiqamətində, ondan sonra iqtisadi əlaqələrin bərpası, nəqliyyat kommunikasiyalarının açılması, bütün bunlar gündəlikdə olan məsələlərdir. Azərbaycan tərəfində siyasi iradə var. Ermənistan tərəfində də olarsa iki ölkə özləri heç bir vasitəçisiz bu məsələləri həll edə bilər və bölgədə uzunmüddətli sülh ola bilər.

Müharibə başa çatandan sonra bu gün artıq yeni reallıqlar yaranıb. Azərbaycana qarşı yeni təxribatlar aparılır, biz buna hazır olmalıyıq. Heç bir məsələ Qarabağdan, torpaqlarımızın azad edilməsindən üstün ola bilməz. Bu gün biz artıq bu reallıqları qəbul etdirdik. İndi isə bərpa işlərinə start veririk. Bunu biz, ilk növbədə, insanlar üçün edirik. Əziyyət çəkmiş, çadırda, vaqonun altında, yataqxanada, uşaq bağçasında dözülməz şəraitdə yaşamış o insanlar ən yaxşı şəraitdə yaşamalıdırlar və yaşayacaqlar.

Bütün atılan addımlar və qəbul olunan qərarlar – Regionların sosial-iqtisadi inkişafı Proqramı, neft-qaz, nəqliyyat sahələrindəki təşəbbüslərimiz, ölkə iqtisadiyyatının canlandırılması, Neft Fondunun valyuta ehtiyatlarının toplanması, xarici siyasət, böyük dövlətlərlə münasibətlərimiz, qonşu dövlətlərlə münasibətlərimiz – bütün bu işlərin fövqündə müqəddəs an dayanmışdı – Zəfər Günü.

Biz o vaxt itirilmiş torpaqları nəinki bərpa edə bilərdik, biz daha böyük fəlakətlərlə üz-üzə qala bilərdik. Biz hələ yaranmaqda olan dövlətçiliyi itirə bilərdik. Bu, tam həqiqətdir. Ulu öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri bu gün burada özünü göstərib. Çünki bu təməli ulu öndər qoydu – ordu quruculuğu, islahatlar, neft kontraktları, ölkəmizə ilk valyutanın gəlməsi. Elə ilk vəsaiti də məhz köçkünlərin yaşayış şəraitinin yaxşılaşmasına Heydər Əliyev istiqamətləndirmişdi. Əgər ulu öndər bu ölkənin təməlini düzgün qoymasaydı və dövlətçilik qurmasaydı, bu gün Zəfərdən söhbət gedə bilməzdi. Azərbaycan xalqı 2003-cü ildə və ondan sonrakı illərdə ulu öndər Heydər Əliyevin siyasətinə səs verib.

            Misli görünməyən vəhşiliyin tək bir səbəbi var – Azərbaycan xalqına qarşı olan nifrət. O Azərbaycan xalqına ki, ermənilərə vaxtilə qucaq açıb. O Azərbaycan xalqına ki, vaxtilə çar Rusiyası tərəfindən İrandan köçürülmüş ermənilərə burada yer verib. Bu gün Ermənistanın havadarları bu həqiqətləri görməlidirlər. Bu məqsədlə artıq kitablar nəşr etməyə başlamışıq. Fəal təbliğat proseslərinə start verilib. Bütün dünya görməlidir ki, Azərbaycan təkcə özünü müdafiə etməyib, eyni zamanda erməni faşizminin belini qırıb. Erməni faşizmi bu bölgədə qol-qanad açıb və xarici havadarlarının dəstəyinə arxalanıb ərazimizi otuz il ərzində işğal altında saxlamışdı.

            Otuz il ərzində uydurulan mifologiyadan əsər-əlamət yoxdur. Bizə qarşı otuz il ərzində çirkin təbliğat aparan, Azərbaycan xalqının ləyaqətini alçaltmağa çalışan artıq öz payını aldı. Daha heç kim dünyada “müzəffər erməni əsgəri” haqqında bir söz demir. Çünki o, on min fərarisi olan ordudur. Ermənistan ordusu yoxdur. Onların otuz il ərzində yığdıqları bütün texnikanı darmadağın etmişik. Onun bir hissəsi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Canlı qüvvəsini məhv etmişik. Bunu Azərbaycan xalqı edib və öz üstünlüyünü göstərib. Ermənistan cəmiyyətində real vəziyyətin düzgün təhlili getməlidir. Artıq mifologiyadan əl çəkməlidirlər. Böyük Ermənistan xülyasından əl çəkməlidirlər. Dənizdən dənizə qədər mifik Ermənistan xülyasından əl çəkməlidirlər. Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidirlər və əl çəkəcəklər. Nəticədə hər şey bizim istədiyimiz kimi olacaqdır. Biz xoş gələcəyin əlini sıxacağıq.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com