Ulu öndər Heydər Əliyevin “ Təhsil millətin gələcəyidir” kəlamı böyük bir həqiqət və məna yükü daşıyır. Çünki hər bir millətin gələcəyini aldığı keyfiyyətli təhsil müəyyən edir. Cəmiyyəti bütün zamanlarda irəliyə yalnız savadlı və ziyalı şəxslər apara bilər. Bütün sahələrdə olduğu kimi, cənab Prezident İlham Əliyev təhsil sahəsinə də diqqət və qayğı ilə yanaşır. Müasir standartlara cavab verən məktəblərin tikilib istifadəyə verilməsi, peşəkar və savadlı kadrların hazırlanması üçün təhsil haqqında yeni islahatların aparılması sadaladıqlarımızı əyani olaraq sübut edir.
Bunun nəticəsi olaraq, imtahan verən şagirdlər yüksək bal toplayaraq, ali təhsil ocaqlarına qəbul olub, tələbə adını qazanırlar. Respublikamızın bütün bölgələrində olduğu kimi, rayonumuzda da yüksək balla ali məktəblərə qəbul olan məzunlar vardır. Onlardan biri də Ağcabədi şəhər 12 saylı tam orta məktəbinin məzunu Fatimə Əhmədzadədir. Məktəbin direktoru Yeganə Aslanovanın dediyinə görə, Fatimə çox tərbiyəli, mehriban və savadlı bir şagird kimi məktəbin müəllim kollektivinin hörmətini qazanmışdır. O, təkcə qəbul imtahanında deyil, buraxılış imtahanlarında da yüksək nəticələr göstərmişdir.
Qeyd edək ki, F.Əhmədzadə bu il qəbul imtahanında I ixtisas qrupu üzrə 678 bal toplayaraq Bakı Ali Neft Məktəbinə qəbul olub. Bu nəticə ilə o, rayonda ən yüksək göstəriciyə nail olub. O, ali təhsil ocağında ingilis dilində Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi fakültəsində təhsil alacaq. Sevindirici haldır ki, dövlət başçısı İlham Əliyevin “2021/2022-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə qəbul olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Sərəncamı ilə təltif olunanlar arasında Ağcabədi rayon Ə.Alıyev adına 12 saylı tam orta məktəbin məzunu Fatimə Əhmədzadənin də adı var. İstedadlı gənc tələbəyə ali təhsilində yeni-yeni uğurlar arzulayırıq.
Hüseyn QULUZADƏ