Müəllimlik zirvəsi ən uca,ən müqəddəs zirvələrdəndir. Elə bir insan,elə bir peşə sahibi tapılmaz ki,onun müəllimi olmasın.Bütün alimləri,bütün liderləri,bütün məşhurları yetişdirən bir müəllim mütləq vardır.Öz işini ləyaqətlə,şərəflə yerinə yetirən müəllimləri bağbana bənzədirlər.Böyük şair Bəxtiyar Vahabzadənin yazdığı kimi:
Əkdiyin ağacların
Gülü, çiçəyi solmaz.
Dünyada sənin kimi
Barlı bağban tapılmaz.
Yaxşı müəllim heç vaxt unudulmur. İllər ötsə də,qocalsa da, dünyasını dəyişsə də yetirməsi olan yüzlərlə insanın qəlbində yaşayır,xatırlanır.
Belə zəhmətkeş, ömrünü bilikli şagirdlərin yetişməsinə sərf etmiş müəllimlərimizdən biri də Hacıbədəlli kəndində yaşayır.
Bayramova Nəzifə Muxtar qızı 1945-ci ildə İrəvanın Vedi rayonunda anadan olmuşdur. 1951-ci ildə öz ailəsi ilə birlikdə Ermənistandan deportasiya edilmişdir. Azərbaycana pənah gətirən ailə Ağcabədi rayonunun Hacıbədəlli kəndində məskunlaşmışdır. O, 1953-cü ildə sözügedən kənd məktəbinin 1-ci sinfinə getmiş, 1963-cü ildə ümumorta təhsilini başa vurmuşdur. İstehsalat təcrübəsi qazandıqdan sonra 1966-cı ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun pedaqogika və ibtidai təhsil metodikası fakültəsinə daxil olmuş, ali məkəbi 1971-ci ildə bitirmişdir. 1972-ci ildə Hacıbədəlli kənd orta məktəbində əmək fəaliyyətinə başlamışdır.
Bir müəllim kimi N.Bayramova öz üzərində müntəzəm olaraq çalışmış, hər zaman yeni bilgilər əldə etməkdən yorulmamışdır. İşlədiyi müddət ərzində özünü hazırlıqlı, çalışqan bir pedaqoq kimi sübut etmişdir. Onun iş təcrübəsi məktəb və məntəqə metodbirləşməsində öyrənilib geniş yayılmışdır. İbtidai siniflər üzrə direktor müavini çalışması da təsadüfi deyildir. 1988-ci ildə “Baş müəllim” adına layiq görülmüşdür.
Hazırda təqaüddə olan Nəzifə xanım həm də gözəl anadır.Vətəni üçün layiqli övladlar yetişdirib. 3 övladı ali təhsillidir. Bir qızı Amerika Birləşmiş Ştatlarında yaşayır. Ölkəmizdən kənarda yaşasa da, daim qəlbi Azərbaycanla döyünür.Qan yaddaşımızla bağlı Amerikada keçirilən tədbirlərdə iştirak edir, 2 oğul övladını da vətən eşqi ilə böyüdür. Əsl Nəzifə xanımın adına layiq övlad kimi özünü doğruldur.
Bu gün gözəl müəllim,gözəl ana Nəzifə Bayramovanın simasında bütün zəhmətkeş müəllimlərimizin bayramını təbrik edir, uzun ömür,can sağlığı diləyirik.
Rəmziyyə HƏSƏNOVA