Ümummilli lider Heydər Əliyevin adı təkcə Azərbaycan tarixində deyil, dünyanın siyasi arenasında özünə əbədi yer tutmuşdur. Bu müdrik, uzaqgörən, dahi şəxsiyyət zamanının ən böyük siyasi xadimləri sırasında həmişə qürur və şərəflə addımlamışdır.
Torpaqlarımızın qarı düşmən tərəfindən zəbt edilməsi, ölkədə baş verən xaos, hərc-mərclik zamanı hər şeyi öz təbii axarına yönəltmək, dövləti idarə etmək və dürüst yolla inamla sabaha doğru addımlamağı bacarmaq, ancaq və ancaq Heydər Əliyev şəxsiyyətinə nəsib olan nadir xüsusiyyətlər idi. Xalqın çağrışına səs verən Heydər Əliyev hakimiyyətə gəldi. O böyük insan xalqın arzularını, həyata keçirdi. Ölkənin əsl xilaskarı oldu. Siyasətdə Heydər Əliyev fenomeni özünü qabarıq büruzə verdi. Onun düzgün qurulmuş və gələcəyə hesablanmış daxili və xarici siyasəti nəticəsində xalq rahat nəfəs almağa başladı. Respublikada demokratik islahatlar həyata keçirildi. Hüquqi dövlət prinsipləri bərqərar oldu. Beynəlxalq aləmdə Azərbaycanın nüfuzu yüksək dərəcədə artdı. Ümummilli liderin ardıcıl fəaliyyəti və qətiyyəti sayəsində ölkədə əmin-amanlıq yarandı. Heydər Əliyev xalqın haqq, ədalət səsini ən yüksək tribunalardan dünya ictimaiyyətinə çatdırmağa müvəffəq oldu.
Müstəqil Azərbaycana mürəkkəb tarixi dövrdə rəhbərlik etməklə Heydər Əliyev ölkənin həqiqi lideri olmaqla, Azərbaycan cəmiyyətinin birləşib daha monolit şəkildə formalaşması üçün möhtəşəm işlər görmüşdür. Odur ki, bu gün xalqımız böyük oğlunu, Heydər Əliyevi hörmət və ehtiramla xatırlayır və onun əziz xatirəsini yad edir. H. Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət yekdilliklə qəbul olunur, ürəkdən bəyənilir.
Adil ƏHMƏDOV,
şəhər sakini