“YALANÇININ…” rublikası – Şəhid olmayan atanın “şəhid qızı”

Bir neçə “reket” xəbər saytlarında “Ağcabədi rayonunda rəzalət – İcra başçısı uşaq bağçasında işləyən qadınlar arasında “test” imtahanı keçirir…” başlıqlı yazılar tirajlanmışdır. Bu saytlar və xəbəri yazan “jurnalist” həmişə olduğu kimi heç bir rəsmi qurumun mövqeyini öyrənməyə ehtiyac görmədən, yalan-doğru ayırd etmədən şər-böhtan dolu ittihamlarla ictimai rəyi çaşdırmağa hesablanmış yazılar dərc edirlər. Bu “jurnalistlərin” ən azından ağıllarına belə gəlmir ki, saytlarının da fəaliyyət göstərdiyi bu geniş internet platformasında istənilən məlumatı və qanunu asanlıqla tapmaq mümkündür. Artıq deyə bilərik ki, heç yoxdan ən azı “google”  belə istifadə edə bilməyən “jurnalist” tayfası ilə üz-üzə qalmışıq.

Gələk, əvvəlcə tirajlanan xəbərin mövzusuna…

“Reketliklə” və “copy-paste” ilə məşğul olan bu qurama saytlarda dərc olunan yazıda Ağcabədi rayon sakini Günel Yusif qızı Mehdiyeva Hacıbədəlli kəndində yaşadığını, atasının Qarabağ müharibəsində şəhid olduğunu, 15 ildir bağçada işlədiyini, indi isə icra başçısı tərəfindən sorğu-sual olunaraq işdən çıxması üçün könüllü ərizə yazmağa məcbur edildiyini iddia edir.

Öncə qeyd edək ki, son vaxtlar aidiyyəti belə olmadan müqəddəs şəhidlik və qazi adından sui-istifadə edənlərin sayı durmadan artmaqdadır. Elə bu şər-böhtan dolu yazının “qəhrəmanı” olan Günel Mehdiyeva kimi… Belə ki, əldə etdiyimiz məlumata görə Günel Mehdiyevanın atası Mehdiyev Yusif Rəşid oğlu cəmi 10 il əvvəl, yəni 2011-ci ildə vəfat etmişdir. Ölüm səbəbi isə şəkərli diabet olan Yusif Mehdiyevin Qarabağ müharibəsində şəhid olması öz qızı yaxud “jurnalistlərin” uydurduğu ağ yalandan başqa birşey deyil. Təəssüf ki, mediada bu cür şəhid adından istifadə və bununla ictimaiyyətin diqqətini cəlb etmək istəyitendensiya halını almaqdadır.

Günel Mehdiyevanın sorğu-sual olunaraq işdən azad olunması üçün könüllü ərizə yazmağa məcbur edilməsi məsələsinə gəldikdə isə Ağcabədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, rayon ərazisində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin müdirlərinin və tərbiyəçilərinin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq onların tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu aşkara çıxarmaq, habelə işin səmərəliliyini artırmaq məqsədilə həmin sahə üzrə çalışan işçilərin attestasiyadan (yazılı və şifahi yoxlama yolu ilə) keçirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.05.2001-ci il tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyadan keçirilməsi Qaydaları”, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsini və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.11-ci bəndini əsas tutaraq rayon İcra Hakimiyyəti başçısının 15 mart 2021-ci il tarixli 55 nömrəli sərəncamı ilə Attestasiya Komissiyası yaradılmışdır.

Komissiya tərəfindən keçirilmiş attestasiyanın yazılı və şifahi mərhələsində S.Vurğun adına Hacıbədəlli kəndkörpələr evi-uşaq bağçasında tərbiyəçi vəzifəsində çalışan Mehdiyeva Günel Yusif qızı da iştirak etmiş və nəticələri qeyri-kafi olduğu üçün Attestasiya Komissiyası tərəfindən tutduğu vəzifəyə uyğun olmadığı barədə qərar verilərək tərbiyəçi vəzifəsindən azad edilməsi tövsiyə olunmuşdur.Təkcə Günel Mehdiyeva barəsində deyil, eyni zamanda, yazıda adı çəkilən Abbasova Fəridə Sumbat qızı, həmçinin bağçanın digər tərbiyəçiləri Qurbanova Həqiqət Bəhlul qızı və Nağıyeva Əsmər Arif qızı barəsində də attestasiya nəticələri qeyri-kafi olduğu üçün bu qərar qəbul olunmuşdur.

Əczaçılıq ixtisası üzrə orta-ixtisas təhsili olan Mehdiyeva Günel Yusif qızı bağçanın tərbiyəçisi kimi attestasiya komissiyası tərəfindən həm yazılı, həm də şifahi formada imtahan olunmuş, hər iki mərhələ üzrə çalışdığı vəzifəyə uyğun suallar verilməsinə baxmayaraq cavab verə bilməyib. Əsassız iddiaların qarşısının alınması üçün attestasiya iştirakçılarının yazılı cavablarının kağız formasında, şifahi imtahanın isə video qeyd formasında komissiya tərəfindən saxlanıldığı da bildirilib. Attestasiyadan keçə bilməyən işçilərin isə zorla könüllü ərizə yazmağa məcbur edilməsi iddiasının yalan olduğu, həmin işçilərin Azərbaycan Respublikası Əmək Məcəlləsinə istinadən qanunvericiliyə uyğun şəkildə işdən azad edildikləri qeyd olunub. Həmçinin, əczaçı ixtisası olan şəxsin bağçada tərbiyəçi kimi çalışması da qanunvericiliyə ziddir.

Rayonda məktəbəqədər təhsil müəssisələrində işləmək üçün ali və orta ixtisas təhsilli kadrlar hazırlayan 2 təhsil müəssisəsi vardır və oranı yüzlərlə şəxs bitirərək işsiz qaldığı halda, ümum orta təhsilli və ya qeyri ixtisas təhsilli kadrlar işə qəbul olunmuşlar. Bağçalara işə qəbul üçün rayon İcra Hakimiyyətində 300 nəfərə qədər orta ixtisas və ali təhsilli kadr növbədədir. Hazırda Attestasiya Komissiyasının rəyi nəzərə alınmaqla, bağçaların vakantmüdir yerlərinə ali pedaqoji ixtisas təhsilli gənc kadrlar təyin olunur. Onların sırasında şəhid və qazi ailələrinə üstünlük verilir. Tərbiyəçi müəllim vəzifəsinə isə orta ixtisas və ya ali təhsilli pedaqoji kadrların müsabiqə əsasında işə qəbulu nəzərdə tutulur. Müsabiqənin keçirilməsinə metodiki köməklik üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə də müraciət olunmuşdur.

Redaksiya olaraq bildiririk ki, Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən rayonda olan şəhid ailələri və Qarabağ qaziləri daim diqqət və qayğı ilə əhatə olunur.

Şəhid ailələri və müharibə iştirakçılarınının müraciətlərinə rayon İcra Hakimiyyəti yanında “Müraciətlərə Operativ Baxılma” Mərkəzi (MOB) tərəfindən də baxılır və onlara lazımi köməkliklər göstərilməsinə xüsusi önəm verilir. Rayon rəhbərinin tapşırığına əsasən son dövrlər Vətən müharibəsi şəhidi Anar Cəfərovun həyat yoldaşı Samirə Xudiyeva şəhər 3 saylı, I Qarabağ müharibəsi qazisi Arzu Həsənovun həyat yoldaşı Gülşən Həsənova şəhər 5 saylı körpələr evi-uşaq bağçasına müdir təyin olunub, Vətən müharibəsi şəhidi Məhəmməd Məmmədovun anası Gülmirə Məmmədova isə şəhər 6 saylı uşaq bağçasında aşbaz kimi fəaliyyətə başlayıb.

Sonda yalan xəbər tirajlayan bu saytlara öz üslubları ilə səslənirik: Cənab “jurnalist”!

Yəqin ki, çox filmə baxırsınız. Arada vaxt eləyib Azərbaycan Respublikasının qanunlarına da nəzərə yetirin. Şər-böhtan atmağın, şəxsi və işgüzar nüfuza xələl gətirməyin hüquqi məsuliyyətini bilirsən?

Biz imkan verməyəcəyik ki, sizin kimi “jurnalistlər” reketliklə, şər böhtan və yalan tirajlamaqla görülən işlərə kölgə salıb ictimaiyyəti çaşdıra bilsin.

Bildinmi, cənab “jurnalist”?!

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Əvvəlki məqaləFatimənin böyük nailiyyəti
Növbəti məqalədəSertifikatlar verilib

Şərhlər