Siyasi varislik missiyasının təntənəsi

Ulu öndərin siyasi kursunun layiqli davamçısı İlham Əliyev 15 oktyabr 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 1-də ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

​Təsadüfi deyildir kiulu öndərin böyük etimad göstərdiyi İlham Əliyev 15 oktyabr 2003-cü il tarixdə keçirilmiş seçkilərdə 76 faizdən çox səslə Azərbaycan Respublikasının Prezidenti seçilib. Bununla da xalq öz səsini ulu öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Beləliklə, Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız ümummilli liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.

İlham Əliyev siyasi peşəkarlıqla Prezidentliyin ilk ilindən ölkədə dayanıqlı inkişaf üçün əsaslı addımlar atıb. Nəticədə müstəqilliyimiz və ideoloji dayaqlarımızdaha da möhkəmləndirildi, vətəndaş həmrəyliyi bərqərar olundu, milli maraqların qorunması təmin olundu. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı.

Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlıtədbirlər gördü. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi.Olimpiya İdman Komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi.

Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi çox böyük tarixi hadisə baş verdi. Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Azərbaycan neftini bibaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsikimi nəhəng layihələrin icrasına nail olundu.

Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 18 ildə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Təqdirəlayiq haldır ki, bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

Prezident İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğundaəldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır. Məhz demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanda mükəmməl siyasi sistem bərqərar olunub.

2003-cü ildən etibarən Prezident İlham Əliyevin apardığı sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlət başçısının iqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi istiqamətində atdığı ardıcıl və effektiv addımlar bunu bir daha təsdiqləyir. Azərbaycan Prezidentinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü, yüksək beynəlxalq nüfuza malik olan dövlətə çevrilib. Həyata keçirilən uğurlu xarici siyasət strategiyası ölkəmizəbeynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb. 

Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmadı. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.

2003-cü ildən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi. Azərbaycanda güclü müdafiə sənayesi quruldu. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı.

​Son illər atılan addımlar və qəbul olunan qərarlar sayəsində Azərbaycanın enerji strategiyası dünyanın diqqət mərkəzindədir.

Ölkədə milli təhlükəsizlik strateji vəzifə kimi müəyyənləşdirilib və onun qorunması təmin edilib.

​Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətində prioritet sahələrdən biri də ölkənin bütün bölgələrinin tərəqqisinə səbəb olan regionların sosial-iqtisadi inkişafı siyasətidir. Prezident seçildikdən sonra Azərbaycanın bütün bölgələrinin inkişafını strateji məqsəd kimi müəyyənləşdirən Prezident bu istiqamətdə mühüm uğurlara nail olunmasını təmin edib.

Prezidentin xidmətləri sayəsində Azərbaycan iqtisadi tərəfdaş ölkə statusunu qazanıb. Azərbaycanın iqtisadi uğurları daha da böyüdü, iqtisadi nailiyyətləri ilə hər zaman diqqət mərkəzində olan ölkəmizin valyuta ehtiyatları, o cümlədən Azərbaycana qoyulan sərmayələrin həcmi artdı. Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən dövlət proqramları sayəsində bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olundu. İşsizliyin və yoxsulluğun səviyyəsi aşağı düşdü, Azərbaycanda 2 milyondan çox yeni iş yeri yaradıldı. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün güclü zəmin formalaşdı.

​Ötən illərdə Prezident İlham Əliyev Azərbaycan gəncliyinin hamisinə çevrildi. Bu gün gənclər siyasəti sahəsində əldə olunan uğurlar onun gələcəyə hesablanmış siyasətinin nəticəsidir. 

Dövlət başçısının xidməti sayəsində siyasi partiyalarla qurulan konstruktiv əməkdaşlıq, iqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində müzakirələr vasitəsilə inkişaf etdirilməsi ölkədaxili siyasi mühitdə növbəti mərhələnin başlandığını göstərib. Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Prezident Administrasiyasının nümayəndələri tərəfindən 2020-ci il fevral ayından etibarən üzvlərinin sayından, ölkə ərazisini əhatə vəziyyətindən, siyasi çəkisindən və hər hansı digər amildən asılı olmayaraq ölkədəki bütün siyasi partiya rəhbərləri ilə görüşlərin keçirilməsi təmin olunmuşdur. 

Siyasi dialoqun qurulması istiqamətində əldə olunmuş uğurlar bundan sonra da bu prosesin effektiv davam etdiriləcəyindən xəbər verir.

Aparılan islahatlar sayəsində və demokratik dəyərlərə sadiqliyin nəticəsində Yeni Azərbaycan Partiyası təkcə Azərbaycanın deyil, regionun ən güclü və nüfuzlu siyasi təsisatına çevrilmişdir. 760 mindən artıq üzvü olan partiyanın fəaliyyəti bütövlüklə ölkənin inkişafı və milli həmrəyliyin təmin olunmasına xidmət edir. 

Ən başlıcası budur ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycanın hərtərəfli inkişaf edib, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası təmin olunub. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.

Qazanılmış Qələbə müstəqillik tariximizin ən parlaq səhifəsi hesab olunur.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcəkdir. İndi Müzəffər Ali Baş Komandan, Prezidentİlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib. Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının tükənməz aktuallığını təmin edir. Sözügedən strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər